Yaşar Cəfərlidən ittihamlara cavab

«Milli Şuraya üzv olduqdan sonra mənə qarşı xüsusi hücuma keçiblər»

Son günlər Ehtiyatda və Istefada olan Zabitlər Birliyinin sədri, Milli Şuranın üzvü Yaşar Cəfərliyə qarşı “qara piar” kampaniyasına start verilib.

Silahlı Qüvvələrə Ictimai Nəzarət Birliyinin sədri Emin Həsənli bildirib ki, Yaşar Cəfərli Silahlı Qüvvələri gözdən salmaqla məşğuldu: “Bu şəxslər durduqları mövqelərindən geri çəkilmək istəmirlər. Onlar daim Azərbaycanı istəməyən qüvvələrin, xarici dairələrin sifarişlərini yerinə yetirirlər. Bunun nəticəsidir ki, onlar hər zaman ordunu və ordu rəhbərliyini nüfuzdan salmağa çalışırlar. Bu ancaq düşmənin xeyrinə olan təxribatdır. Bir sözlə, aylarla, illlərlə bir şəxsi hədəfə almaq onun əleyhinə təbliğat kampaniyası aparmaq və Silahlı Qüvvələrimizi nüfuzdan salmağa çalışmaq yolverilməzdir. Bir vaxtlar Yaşar Cəfərli ordu rəhbərliyini tərifləyirdi, indi yalan kampaniya aparır”- deyə Emin Həsənli bildirib.

Mayor Ibrahim Rüstəmov da Yaşar Cəfərlini yalançı dil qəhrəmanı adlandırıb. O bildirib ki, Yaşar Cəfərli sadə insanları aldatmaqla məşğuldur, danışdıqları şər-böhtandan başqa bir şey deyil.

General Mayor Ramiz Nəcəfov isə bildirib ki, Yaşar Cəfərli kimi adamlar ordunun güclənməsini istəmir, özləri də bilirlər ki, danışdıqları, yazdıqları yalandır.

Deyilənlərə aydınlıq gətirmək üçün Yaşar Cəfərlinin də mövqeyini öyrəndik.

Yaşar Cəfərli bildirdi ki, zaman-zaman ona, rəhbərlik etdiyi quruma, ekspertlərə qarşı bəzi dairələrin qərəzli təzyiqləri olub və bu gün də davam edir: “Müxtəlif dövlət orqanları, o cümlədən Müdafiə Nazirliyi, hüquq mühafizə və məhkəmə orqanları tərəfindən bizim fəaliyyətimizə qarşı mövqe ifadə olunub. Ordu üzərində ictimai nəzarətdən narahat olan qüvvələr bizim fəaliyyətimizi məhdudlaşdırmaq istəyirlər. Çünki biz ordudakı xoşagəlməz hallar, fəaliyyətlər, faktlar haqqında açıqlama veririk. Problemləri göstərdiyimizə görə bizə təşəkkür edib, problemləri həll etməkdənsə, bizə qarşı ”qara piar”la məşğul olurlar. Bir müddət əvvəl yaşadığım binanın qarşısında mənə hücum oldu. Bununla bağlı istintaqın hansı səviyyədə aparıldığı görünür. Sanki, dövlət orqanlarında müxtəlif vəzifələr tutan mütəşəkkil cinayətkar dəstə var. Bu dəstə dövlətçilk əleyhinə, vətənpərvər insanlar əleyhinə fəaliyyət göstərir. Əgər mən hansısa qanun pozuntusuna yol vermişəmsə, nəyisə düz demirəmsə, fəaliyyətimdə cinayət tərkibi varsa, məni məsuliyyətə cəlb etsinlər. Mənim haqqımda yalan məlumatlar yayırlar. Milli Şuraya üzv olduqdan sonra isə, mənə qarşı xüsusi hücuma keçiblər. Bizim cəmiyyətdə maarifləndirmə işi aparmağımız, Milli Şuranın təbliğatı ilə məşğul olmağımız hakimiyyətin narahatlığına səbəb olur. Məqsədləri məni gözdən salamaqdır”- deyə Yaşar Cəfərli bildirdi.

Ilham Hüseyn