Metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşən Nərimanov adına parkda ağacları qırıb, yerində dükan tikirlər. Bu barədə bizə məlumat verən sakinlər deyirlər ki, illərdir burada istirahət edən insanların gedəcəyi başqa bir ünvan – istirahət yeri yoxdur.
Məlumatı alan kimi ötən gün sözügedən ünvana baş çəkdik. Parkda “Fontan” adlanan yerin arxasında əksəriyyəti şam ağacları olan yaşıllıq var. Daha çox yaşlı nəslin nümayəndələri burada istirahət edirlər. Günün əksər hissəsini həmyaşıdları ilə burada keçirən yaşlı kişilər ya şahmat, ya da domino oynayırlar. Adam çox olanda isə növbə ilə bir-birini əvəzləyirlər.
Indi isə..
Indi onların pənah gətirdiyi bu parkı məhşur bir tamaşada deyildiyi kimi “yavaş-yavaş” yandırırlar. Bir sözlə, ağaclar gözəgörünməz şəkildə yoxa çıxır. Sahəsi 30 kvadratmetrdən çox olan bir yerdə tikinti işləri gedir. Artıq üç-dörd daş üstündə ucaldıblar. Fəhlələr söhbət edirik. Məlum olur ki, ərazidəki tikinti işlərini rayon icra hakimiyyəti aparır: “Birbaşa icra başçısının tapşırığı ilə burada iş gedir. Mağaza tikilir”.
Burda hələ ki, ağaclar qalıb. Ancaq deyilənlərə görə, tezliklə onlar da məhv ediləcək.
Yaşlı kişilərlə – parkın daimi sakinləriylə söhbət edirik. Onların sözlərinə görə, yaşıllıqlar məhv olarsa, burada obyektlər tikirlərsə gedəcəkləri ikinci ünvan yoxdur.
“Hara gedək? Vaxtımızı burada öldürürük. Günümüzün əksər hissəsi bu parkda keçir. Əvvəllər Bulvara gedirdik. Ancaq ora əlverişli deyildi. Səs-küy, rahatlıq yox idi. Bura gələnlərin çoxu təqaüdçülərdir. Aramızda bir-iki cavan oğlan var ki, onlarda işsizlikdən gəlib bizimlə domino, şahmat oynayırlar”, deyə Fərman kişi söyləyir.
Başqa bir təqaüdçü Hüseyn dayının sözlərinə görə, 10 ildən çoxdur ki, sözügedən parka gəlib istirahət edir. Baxmayaraq ki, müsahibimiz Nərimanova gəlmək üçün iki marşurut dəyişir: “Evim Bulvara daha yaxındır. Bayılda qalıram. Bir addımlıqdadır. Ancaq bura mənə daha əlverişlidir”.
Ramin DEKO


