Qəzetlər hey yazır: Paşayev və Mehdiyev klanları arasında mübarizə gərginləşir. Bu doğrudur. Indi boz sərçələr də bilir ki, hakimiyyətdəki bu iki böyük qruplaşma arasındakı gərginlik son həddə çatıb və bundan sonra bir yolda irəliləmələri mümkünsüz olub.
Hər iki klan bilir ki, 2013-cü il seçkisindən sonra ortada bir klan qalacaq. Bu da kənarda qalan klanın ağır məhrumiyyətlərlə üzləşməsi deməkdir. Yaranan belə gərginliyin nəticəsidir ki, son zamanlar mövqeləri zəifləyən Mehdiyevlər kənarda qalacağı təqdirdə ölkəni xaos və ciddi qarşıdurmalarla hədələyir, toplum içində bu istiqamətdə şayiələr yayırlar. Doğrudan da böyük kapitala sahib olan tərəflərdən hansı hakimiyyətdən kənarda qalsa, hakimiyyətə tək yiyələnən tərəfi rahat buraxmayacaq, hər addımda qisas almağa çalışacaq ki, bunun da zərbəsi xalqa və dövlətə dəyəcək. Yenə toplanan böyük pullar qisasalmalara, qoçu dəstələrinə, ayrı-ayrı zərərli vasitələrə xərclənəcək. Ona görə də 2013-cü ildə bir yol var: Nə Paşayevlər, nə də Mehdiyevlər. Başqa sözlə, indiki hakimiyyət tamam səhnədən getməlidir. Millət üçün bundan xeyirlisi yoxdur.
Qəzetlər Rusiyadan və Putinin Azərbaycana gəlməsindən də çox yazır. Gəlsin də…
Yenə həmin boz sərçələr də bilir ki, Putin seçkiqabağı bura niyə gəlir. Aydın məsələdir ki, növbəti 5 il üçün indiki Azərbaycan prezidentinin “Rusiya ilə münasibətlərə dair yol xəritəsi” razılaşdırılacaq.
Nə vaxta qədər “Kreml seçkilərin taleyini həll etdi” deyib mağmın-mağmın bir-birimizə tamaşa edəcəyik? Nə vaxta qədər ağzımızı açıb Qərbə baxacağıq? Bu millət niyə öz taleyini özü həll etməyə öyrəşmir? Bu fağırlıq nə vaxt bitəcək?
Yeri gəlmişkən! Ay qardaş Türkiyə, sən niyə gəlmirsən, niyə bu millətin dilindən “Türkiyə gəlib millətin arxasında duracaq” kəlməsi eşidilmir?
Niyə Bəşər Əsədin kürəyini yerə qoymaq üçün dəridən- qabıqdan çıxırsınız, amma 20 ildir qardaş dediyiniz milləti soğan kimi soyurlar, təhqir edirlər, səsiniz çıxmır? Bütün bu ədalətsizlikləri boz sərçələr bilir, siz bilmirsiniz?
Siz bu iqtidarın qardaşısınız, yoxsa millətin? Niyə Moskvadan səs çıxır, sizdən yox?
Heç olmasa əlinizi yelləyin, hərəkətinizi görək.
Amandır “ölkədaxili işlərə qarışmırıq” deməyin. Çünki ətrafınızdakı əksər dövlətlərin iç işləri ilə işiniz var.
Bəlkə yenə də Çavuşoğlu kimiləri seçkilərdə üstümüzə göndərməyə hazırlaşırsınız?
Amandır, bu dəfə etməyin. Dəstək verə bilmirsiniz, heç olmasa millətin iradəsinə qarşı durmayın.
Nəhayət, müxalifət daxilində iqtidarın murdar paralarına göz dikənlər, qulağı səsdə olanlar: Kimin nə istədiyin boz sərçələr də bilir. Qulağınızı açın və eşidin. Bu dəfə aldıqlarınız burnunuzdan gələcək. Kənara çəkilin, sakitləşin, sizin dövranınız bitdi.
Ərturan