Səfər Əbiyev Rövşən Əkbərova qarşı

Son 10 ildə ilk dəfə olaraq orduda cinayətlərin sayının artması rəsmən etiraf edildi

“Son 10 ildə olaraq Azərbaycan Silahlı Qüvvələrində cinayətlərin sayının artması ilk dəfə olaraq rəsmən etiraf edilib”. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Informasiya Departamentinin yaydığı məlumata görə, bu barədə qurumun direktoru Cəsur Sümərinli məlumat verib. Onun sözlərinə görə, ölkənin hərbi prokuroru Xanlar Vəliyevin 26 iyul açıqlaması Azərbaycan Silahlı Qüvvələrində durumun qənaətbəxş olmadığını, ciddi problemlərin mövcudluğunu göstərir.

Üçüncü ordu birləşməsi hədəfdə

Iyulun 26-da hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda 2013-cü ilin I yarım ilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bəyan edib ki, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə tabeçilik qaydası əleyhinə olan tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, fərarilik, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri artıb. X.Vəliyev xüsusi olaraq vurğulayıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Müdafiə Nazirliyinin digər ordu birləşmələrində törədilmiş cinayətlər azaldığı halda, III ordu birləşməsində cinayətlərin sayı 21,2 faiz artıb.
“Doktrina” JHAM rəhbəri bildirib ki, bu ilin sırf 6 ayı üzə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilərin (hərbi) ümumi sayı 51 nəfər təşkil edib. 2012-ci ilin müvafiq – birinci 6 ayında bu göstərici 44 nəfər təşkil edib. “Beləliklə, rəqəmlərdən bəlli olur ki, itkilərin sayında təxminən 15 faiz artım var”, – deyən C.Sümərinli əlavə edib ki, mətbuatda əksini tapan məlumatlara görə, 2012-ci ilin 6 ayı ərzində üçüncü ordu birləşməsinin itkiləri təxminən 15 nəfər təşkil edib və onlardan təxminən 10 nəfəri qeyri-döyüş itkisidir. Maraqlıdır ki, bu ilin 6 ayında isə eyni hərbi birləşmədə dünyasını dəyişənlərin sayı da təxminən 10 nəfərdir və onların hamısı qeyri-döyüş itkiləridir. Eyni zamanda ortada olan statistikadan bəlli olur ki, 2012-ci ilin müvafiq dövründə 3-cü ordu birləşməsinin təxminən 10 hərbçisi müxtəlif qeyri-döyüş səbəblərindən xəsarət alıb. 2013-cü il üçün də eyni rəqəmlər ortadadır. “Görünür, bu ordu birləşməsində cinayətlərin artımı barədə səslənmiş bəyanat itkilər və yaralıların (xəsarət alanların) mətbuata sızdırılmış statistikası ilə bağlı deyil və ya gerçək itkilər barədə mətbuata tam məlumat verilmir. Fikrimcə, hərbi prokuror səsləndirdiyi fikirlərin dəqiq statistik izahını verməlidir”, – deyə C.Sümərinli bildirib.
C.Sümərinli qeyd edib ki, X.Vəliyevin açıqlamaları bir sıra digər qənaətlərə gəlməyə imkan verir. Onun sözlərinə görə, X.Vəliyevin dediklərindən belə çıxır ki, bu ilin birinci yarısında cəbhə bölgəsində olmasa da arxa cəbhədə fərarilik halları qeydə alınıb: “Halbuki son illərdə Hərbi Prokurorluğun açıqlamalarında orduda fərarilik hallarının ümumiyyətlə baş vermədiyi vurğulanırdı. Beləliklə, səslənmiş fikir Silahlı Qüvvələrin mənəvi-psixoloji durumunda problemlərin yarandığını deməyə əsas verir”.
“Doktrina”nın məlumatlarına görə, mərkəzin ordudakı itkilərin statistikasını aparmağa başladığı 2003-cü ildən bu yana Hərbi Prokurorluq və ya Müdafiə Nazirliyi tərəfindən orduda cinayətlərin bu və ya digər şəkildə artmasına dair hər hansı rəsmi açıqlama verilməyib. 

Əbiyev-Əkbərov qarşıdurması

“Doktrina” rəhbərinin fikrincə, Hərbi Prokurorluğun müəyyən dövrləri əhatə edən iclaslarında hansısa hərbi birləşmələrin “günahkar” qismində qabardılması halına rast gəlinməyib. Beləliklə, C.Sümərinli hesab edir ki, X.Vəliyev 3-cü ordu birləşməsində cinayətlərin sayının 21,2 faiz artmasını vurğulaması ilə ilk dəfə olaraq Silahlı Qüvvələr daxilində konkret birləşməni diqqət mərkəzinə gətirir. “Əgər biz nəzərə alsaq ki, bu birləşmənin komandiri general-leytenant Rövşən Əkbərovdur, onda situasiya xeyli aydınlaşar”, – deyə C.Sümərinli bildirib.
O, əlavə edib ki, Səfər Əbiyevlə Rövşən Əkbərov arasında ziddiyyətlər barədə mətbuat çox yazıb: “Bu ilin 7 yanvarında Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə bağlı müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin əmri ilə hadisənin baş verdiyi N saylı hərbi hissənin tabe olduğu Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərova şiddətli töhmət elan edilmişdi. Həmin hərbi hissə komandiri polkovnik-leytenant Polad Həşimovun rütbəsi mayor rütbəsinə endirilmişdi. Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən azad olunmuşdu.
Əbiyev və Əkbərov arasında son qalmaqal isə bu ilin iyununda olmuşdu. Mətbuatın yazdığına görə, Müdafiə Nazirliyi digər ordu birləşmələrinin komandanlarını Azərbaycan ordusunun yaranmasının 95 illiyinə həsr olunan parada dəvət etsə də, Rövşən Əkbərov təntənəli mərasimə çağırılmayıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, general bununla barışmayıb və paradda iştirak edə bilib. Iyunun 25-də axşam saatlarınadək gözləyən Əkbərov Prezident Administrasiyasındakı dostları vasitəsilə vəziyyəti prezident, Ali Baş komandan Ilham Əliyevə çatdırılmasına nail olub. Prezident Ilham Əliyev generalın hərbi parada çağırılması tapşırığını verib. Bundan sonra gecə saatlarında Rövşən Əkbərov parada dəvət alıb. Dəvəti isə ona Prezident Administrasiyanın hərbi sahə ilə işləyən əməkdaşları çatdırıb. General gecə saatlarında Bakıya yola düşüb və paradda iştirak edib.
Ötən 10 il ərzində isə Əkbərovun Azərbaycanın müdafiə naziri vəzifəsinə iddialı olması barədə fikirlər yayılmışdı. Bir sıra xəbərlərə görə isə, Əkbərov hakimiyyətdaxili bir sıra qüvvələrə özünün postƏbiyev dövrünə layiqli namizədlərindən biri kimi tanıtdıra bilib və bu istiqamətdə bir sıra yüksək vəzifəlilərin dəstəyini alıb. Sözsüz ki, belə situasiya Əbiyev və ona yaxın olan komandaya xoş gəlmir. Beləliklə, bəzi mənbələr bildirir ki, son illərdə Səfər Əbiyevlə isti münasibətlərə malik olan Xanlar Vəliyevin açıqlaması əslində Əbiyev tərəfindən Əkbərovu neytrallaşdırmaq cəhdidir”. 

Mənzərəni aydınlaşdıran statistika

“Doktrina” sədri bildirir ki, X.Vəliyevin çıxışından bu qənəatə gəlmək olar ki, bu gün Silahlı Qüvvələrdə aşağıdakı istiqamətdə cinayətlər diqqəti çəkir:
– hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma;
– fərarilik hallarının artması;
– maşınları idarəetmə və istismar qaydalarını pozma.
Qeyd edilən istiqamətlərdə baş verən proseslərin aydın mənzərəsini yaratmaq üçün “Doktrina” statistika təqdim edir: Mərkəzin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə (26 iyuladək) Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 55 nəfər təşkil edib. Ötən müddətdə 71 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 8-i döyüş (8 nəfər erməni gülləsi), 47-i isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).
6 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 11 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 1 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər intihar edib. Dünyasını dəyişənlərin 43-ü Müdafiə Nazirliyinin, 2-i  Dövlət Sərhəd Xidmətinin, 7-i Daxili Qoşunların, 1-i XDMI-nin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (71 nəfər), onların 12-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 7-si erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 39-u isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 48 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 18 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
Maraqlıdır ki, Xanlar Vəliyev intiharların sayının artması barədə danışmayıb. Lakin “Doktrina” mərkəzi bildirir ki, bu ilin ilk 6 ayı ərzində orduda baş verən intihar hadisələrinin sayı 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə ən azı 15 faiz artıqdır.

Nə etməli?

“Doktrina” bəyan edir ki, Təhlükəsizlik və Müdafiə sektoruna ayrılan vəsaitin kəskin artırılmasına, Silahlı Qüvvələr üçün böyük həcmdə silah ə hərbi texnika alınmasına baxmayaraq Azərbaycan Silahlı Qüvvələrində durum gərgin olaraq qalır. Mərkəz ekspertləri hesab edirlər ki, Azərbaycan Silahlı Qüvvələri ciddi idarəetmə böhranı yaşayır. “Müdafiə Nazirliyinin rəhbərliyinin 20 ilə yaxın dövrdə eyni vəzifələri bölüşməsi, idarəetmənin sağlam olmaması, hərbi qulluqçuların sosial təminatının aşağı səviyyədə olması, zabit və gizirlərin məvaciblərinin onların sosial yaşayışına kifayət etməməsi, hərbi qulluqçular arasında sağlam tabeçilik münasibətlərin olmaması, qanunların işləməmısi orduda cinayətlərin sayının kəskin artmasının əsas səbəblərindəndir”, – deyə Cəsur Sümərinli bildirib.
C.Sümərinlinin sözlərinə görə, son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələrində qeyri-döyüş itkilərinin, o cümlədən intiharların, qeyri-nizamnamə hadisələrinin, bədbəxt hadisələrin, xəstəliklərdən və avto-qəzalardan dünyalarını dəyişənlərin sayı kəskin artır: “Bu onu göstərir ki, ölkə rəhbərliyi Silahlı Qüvvələrin axsayan, zəif yerlərini tapıb, problemləri həll edə bilmir və nəticədə orduda cinayət hadisələrinin sayı artır”.
“Doktrina” JHAM-ın sədri qeyd edib ki, əgər ölkə rəhbərliyi Silahlı Qüvvələrdə durumun qaydasına salınması istiqamətində təcili tədbirlər görməsə, orduda vəziyyət dözülməz hala çatacaq, şəxsi intriqalar daha da güclənəcək, idarəçilik böhranı daha da dərinləşəcək. Ekspertin fikrincə, əgər hakimiyyət orduda ciddi dəyişikliklər istəyirsə, dərhal Səfər Əbiyev başda olmaqla Müdafiə Nazirliyinin rəhbərliyini istefaya göndərməli, ciddi islahatlara başlamalıdır. “Əgər bunlar edilməsə, hər hansı bir dəyişiklik kosmetik xarakterlidir və Azərbaycan vətəndaşını aldatmağa, ölkənin milli təhlükəsizliyinə ciddi təhdidlər yaratmağa yönəldilib”, – deyə o vurğulayıb.