Yaxud kənd təsərrüfatının inkişafına yönəlmiş subsidiyalar və kreditlərin qaranlıq taleyi
Bu il fevralin 12-də keçirilən “Azərbaycan Respublikasi reqionlarinin 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqrami” inin icrasinin dördüncü ilinin yekunlarina həsr olunmuş müşavirədə ölkə başçısı Ilham Əliyev Kənd Təsərrüfati Nazirliyinin ünvanına kəskin tənqid ünvanlamışdı “Subsidiyalar ünvanına çatmır, ya da onları kimsə mənimsəyir. Bir sıra hallarda, ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün. Subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir”.
Dövlət başçısının bu ittihamlarından sonra gözləmək olardı ki, Kənd Təsərrüfati Nazirliyində yoxlamalar aparılacaq, günahkarlar məsuliyyətə cəlb olunacaqlar. Çünki Ilham Əliyevin əlində tutarlı faktlar olmasaydı nazir Ismət Abasovu bu səviyyədə korrupsiyada ittiham etməzdi.
Təəssüflər olsun ki, bu korrupsiya ittihamları cəzasız qaldı, heç bir tədbir görülmədi. Ölkə əhalisinin 40 faizi məşğul olduğu kənd təsərrüfatının inkişafına yönəlik subsidiyaların, kreditlərin mənimsənilməsi nəticəsində kənd təsərrüfatına vurulan zərbə özünü çox gözlətmədi. Bu il taxıl yığımı başlar başlamaz bəlli oldu ki, ölkədə taxıl biçən kombaynlara ciddi ehtiyac var, fermerlər becərdikləri məhsulu yığa bilmirlər, məhsul batıb gedir. Hətta iş o yerə çatıb ki, bir çox rayonlarda məhsulu orta əsrlərdə olduğu kimi əl ilə biçib, döyürlər. Vəziyyət çox acınacaqlıdır. Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunduğu barədə ağızları köpüklənə-köpüklənə danışanlar yaranmış bu şəraitə görə niyə məsuliyyətə cəlb olunmurlar? Korrupsionerlərə qarşı cəzasızlıq problemlərin həllini daha da çətinləşdirir.
Dövlət başçısı bu ilin fevralında dediklərini unudur, bu günün acı reallığını görməməzliyə vurur. Dövlət büdcəsinin yerinə yetirilməsinin yarımillik yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin müşavirəsində Ilham Əliyev bildirir ki, hər şey qaydasındadır, hətta öyünür ki, nə yaxşı ki, biz “Aqrolizinq” yaratmışıq, fermerlərə lazımi köməyi edirik, onları texnika ilə təchiz edirik. Bu sözləri gücləndirmək məqsədilə əlavə edir ki, texnika alınması üçün “Aqrolizinq”ə əlavə olaraq 15 milyon manat vəsait ayrılacaq.
Şübhəsiz ki, bu vəsaitin də aqibəti prezidentin 6 ay öncə dediyi kimi olacaq, mənimsəniləcək. Korrupsiya karuseli beləcə davam edəcək. Pul ayrılacaq, ancaq kəndliyə çatmayacaq.
Kənd təsərrüfatı naziri Ismət Abasov bu vəsaitləri də mənimsəyəcək, özünə ölkə daxilində, xaricdə villalar, otellər alacaq, zavodlar tikəcək, xarici banklara yatıracaq.
Ismət Abasovun korrupsiya yolu ilə oğurladığı vəsaitlərə alınmış mülklər barədə məlumatlar, onların şəkillərini əldə etmişik. Onlardan birini nəzərinizə çatdırırıq. Şəklini gördüyünüz bina Bakının “Şəhər Bağları” yaşayış kompleksində yerləşir. Bu yaşayış kompleksi Bakıda ən prestijli komplekslərdən birincisidir. Gördüyünüz bu binanin 11-ci mərtəbəsi, 3 mənzil daxil olmaqla Ismət Abasova məxsusdur. Bu mənzillər yüksək səviyyədə təmir ediliblər, avadanlıqlarla da təchiz olunublar. Onların ümumi dəyəri 6 milyon manata dəyərləndirilir.
Təsəvvür edin ki, bu vəsaitə onlarla rayonu kənd təsərrüfatı texnikası ilə təchiz etmək olardı. Mən inanıram ki, ölkədə tüğyan edən korrupsiyaya bir gün döyüş elan olunacaq, xalqın malı özünə qaytarılacaq, korrupsionerlər layiq olduğu cəzanı alacaqlar.
Xatırladıram ki, Kənd Təsərrüfati Nazirliyində baş verən korrupsiya faktları, nazirin qeyri-qanuni yolla əldə etdiyi mülklər haqqında gələn saylarımızda ətraflı yazacam, onların şəkilləri ilə birlikdə təqdim edəcəyəm. “Azadlıq”ı izləyin.



Murad Həsənli



