Misirdə devrilmiş prezidentin tərəfdarlarının etirazları kütləvi qətliamla nəticələnib
Misirin devrilmiş prezidenti Məhəmməd Mursi paytaxt Qahirə ətrafında yerləşən Tora həbsxanasına salına bilər. Misirin Mursidən əvvəlki prezidenti, 2011-ci ildə inqilab nəticəsində devrilən diktator Hüsnü Mübarək də həmin həbsxanada saxlanılır.
“Məlum olduğu kimi, Mursi 15 sutkalıq həbs olunub. Onun həbsxanaya aparılmasıyla bağlı qərarı yalnız işi aparan müstəntiq verə bilər. Amma çox güman ki, bu, məhz Tora həbsxanası olacaq”, – deyə daxili işlər naziri Məhəmməd Ibrahim bildirib.
Qeyd edək ki, iyulun 26-da Məhəmməd Mursi 15 sutkalıq həbs cəzası alıb. Baş Prokurorluğun apardığı araşdırmaların nəticəsi olaraq, belə bir qərar qəbul olunub. Mursiyə qarşı bir sıra ittihamlar irəli sürülüb ki, onların arasında dövlətə xəyanət, 2011-ci ildə ölkədə hökumət əleyhinə kütlvi aksiyalar başladığı vaxtlarda həbsdən qaçış, həmçinin “Həmas” radikal şiə qruplaşması ilə əməkdaşlığa dair ittihamlar da var.
Bu arada, Misirdə Rabiatul Adeviyyə meydanında aksiya keçirən sabiq prezident Məhəmməd Mursi tərəfdarlarına atəş açılması nəticəsində 75 nəfər ölüb, 2 min nəfər yaralanıb.
Meydandakı səhra hospitalının yetkililərinin verdikləri məlumata görə, Misir təhlükəsizlik qüvvələri “Baltaçılar” adlı təşkilat üzvlərinin dəstəyi ilə aksiyaya silahlı müdaxilə edib. Eyni zamanda, aksiya iştirakçılarına qarşı qaz qumbaraları tətbiq edilib.
Xəstəxana nümayəndələri yaralılardan 300 nəfərin polisin istifadə etdiyi həqiqi güllələrlə başından və sinəsindən vurulduğunu, ölü sayının daha da artma ehtimalının olduğunu söyləyiblər.
Misirin Hürriyyət və Ədalət Partiyasının rəsmi Internet portalı snayperlərin meydanın yaxınlığında, Əl-Əzhər Universitetinə məxsus binanın damından aksiya iştirakçılarına atəş açdığı barədə xəbər yayıb. Polislərin meydandan Mədinətun-Nasr məhəlləsindəki sığorta xəstəxanasına gətirilən onlarla yaralını həbs etdiyi bildirilib.
Bu arada, “Müsəlman Qardaşlar”ı təşkilatı Rabiatul Adəviyyə meydanındakı səhra hospitalında yerləşdirilmiş yaralılar üçün yardım çağırışı edib.
“Müsəlman Qardaşları” təşkilatının sözçüsü Məhəmməd əl-Biltaci dünyanı yardım göstərməyə çağırıb: “Hər kəsdən və hər yerdən yardım gözləyirik. Beynəlxalq Qızıl Xaç Komitəsindən başlarına və sinələrindən vurulan yüzlərlə insanın həyatının qurtarılması üçün hərəkətə keçməsini gözləyirik”.


