Əliyev İrana niyə getmir?

Zahid Oruc: «Ilham Əliyev təkcə Iran deyil, digər ölkələrdə də bu tipli mərasimlərə qatılmayıb»

Fuad Qəhrəmanlı: «Ilham Əliyevin Irana getməməsi tərəflər arasındakı gərginliklə bağlıdır»

 

Avqustun 4-də Iranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin inaqurasiya mərasimi olacaq. Bütün ölkələrin başçıları bu inaqurasiya mərasiminə dəvət ediliblər. Iran XIN-in mətbuat katibi Abbas Əraqçi bidirmişdi ki, tədbirə Avropa ölkələrinin başçıları və ABŞ prezidenti də dəvət edilib. Əraqçı əlavə edib ki, bəzi ölkələrin başçıları artıq dəvəti qəbul edib və inaqurasiya mərasimində iştirak edəcəklərini bildiriblər.

Ölkə başçısı Ilham Əliyevin bu mərasimdə iştirak edəcəyi barədə bir müddət əvvəl məlumat almaq istəsək də, rəsmi mənbələrdən konkret mövqe öyrənə bilməmişdik.

Ancaq bəzi ekspertlər Ilham Əliyevin bu tədbirdə iştirak etməyəcəyini və bunun üçün kifayət qədər səbəb olduğunu bildirmişdilər.

Bu günlərdə məlum oldu ki, Həsən Ruhaninin inaqurasiya mərasiminə Milli Məclisin sədri Oqtay Əsədov gedəcək.

Maraqlıdır, həmişə xarici səfərləri fürsət kimi dəyərləndirən, bu səfərləri ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisi hesab edən Ilham Əliyev bu dəfə də Irana getməkdən imtina edib. 

Xatırladaq ki, bu, Irandan Ilham Əliyevə göndərilən 5-ci dəvətdir və bu dəvətlərin heç birinə ölkə başçısı müsbət cavab verməyib.

Millət vəkili Zahid Oruc bildirdi ki, bu cür mərasimlərdə adətən ölkənin 2-ci, 3-cü şəxsləri iştirak edir və bu, artıq protokol qaydasına çevrilib: “Düşünürəm ki, Oqtay Əsdəovun təmsilçiliyini mənfi qiymətləndirmək olmaz və bunu Irana qarşı protest kimi dəyərləndirmək də düzgün deyil. Ilham Əliyev təkcə Iran deyil, digər ölkələrədə də bu tipli mərsimlərə qatılmayıb, rəsmi təbriklə kifayətlənib. Digər tərəfdən, indiki dönəmdə Irana səfər edib, bu səfərdən fürsət kimi istifadə etməyi məqbul saymıram. Çünki bu səfər hansısa problemlərin həllinə xidmət edən səfər deyil. Etiraf etmək lazımdır ki, Iran bir çox məsələlərdə Azərbaycanın maraqlarına uyğun olmayan siyasət yeridib və bu siyasət hələ də davam edir. Buna görə də yeni prezidentin fəaliyyətindən çox şey asılıdır. Ümid edirik ki, Həsən Ruhani enerji, Xəzərin statusunda, Qarabağ məsələsində müsbət mövqe sərgiləyəcək. Iran Azərbaycanı itirməmək üçün bu məsələlərə baxmalıdır və Həsən Ruhaninin buna imkanı var”.

AXCP sədrinin müavini Fuad Qəhramanlı hesab edir ki, Ilham Əliyevin Irana getməməsi ikitərəfli münasibətlərdəki soyuqluqla bağlıdır: “Bir müddət öncə Iranla Azərbaycan arasında diplomatik gərginlik hökm sürürdü. Bu gərginlik bir az azalsa da, hələ də problemli məsələlər həllini tapmayıb. Bu baxımdan Oqtay Əsədovun təmsilçiliyi münasibətlərin indiki durumu ilə bağlıdır. Azərbaycanın Israillə isti münasibətlər qurması, hakimiyyət təmsilçilərinin qərbdə Iran təhlükəsindən danışması da bu məsələdə öz rolunu oynayır.

Digər tərəfdən, Ilham Əliyev Irana səfərdən imtina etməklə seçki öncəsi Qərbə o mesajı verməyə çalışır ki, o, Iranla məsafəli davranır, Irana qarşı Qərbin indiki mövqeyini paylaşır”.

Ilham Hüseyn