Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının Qarabağ münaqişəsinin həllinə dair növbəti danışıqları da nəticəsiz başa çatdı. Tərəflərin qəbul etdiyi bəyanatdan isə görmək olur ki, vasitəçi ATƏT-in Minsk qrupunun adından danışaraq münaqişə tərəflərinə bir vəzifə olaraq danışıqların çərçivəsindən kənara çıxmamağı, güc tətbiqindən çəkinməyi və mövcud status-kvonu pozmamağı tapşırır. Bu isə prezident Ilham Əliyevin ölkə daxilində verdiyi bəyanatlara ziddir. Belə ki, dövlət başçısı dəfələrlə Ermənistanın işğal etdiyi torpaqları tezliklə boşaltmayacağı təqdirdə müharibə variantına əl atacağını bəyan edib. Bu bəyanatların ardınca Ilham Əliyevin Soçi bəyannaməsini imzalamasına nə ad vermək olar?
«Bu silsilə görüşlərin artıq heç bir əhəmiyyəti, qəbul olunmuş bəyanatların isə proseslərə təsiri yoxdur»
Politoloq Eldar Namazovun fikrincə, Rusiya prezidentinin təşkil etdiyi bu silsilə görüşlərin artıq heç bir əhəmiyyəti, görüşlər zamanı qəbul olunmuş bəyanatların isə proseslərə təsiri yoxdur: “Bəyanatlar, görüşlər Qarabağ probleminin həlli ilə bağlı heç bir nəticə vermir. Eyni zamanda bu bəyannamələr tərəflərin üzərinə məsuliyyət qoymur. Proseslər öz axarı ilə daha da pisləşməyə doğru gedir”.
Ekspert görüşlərin təşkil olunmasının başqa amillərlə bağlı olduğunu deyir. Bunlardan biri Rusiyanın bölgədə təşəbbüsü öz əlində saxlamaq arzusudur. Məhz bu məqsədlə vaxtaşırı görüşlər təşkil olunur. Lakin bir məsələ aydındır ki, Qarabağ probleminin həllinə bu görüşlərin heç bir müsbət təsiri yoxdur.
Ekspert görüşlərin Soçidə təşkil olunmasını da təsadüfi saymır: “Indi ciddi müzakirələr gedir ki, Şimali Qafqazda müharibə getdiyi bir zamanda Soçidə olimpiadanı keçirmək nə dərəcədə məqsədəuyğundur. Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin Soçi görüşü bir mesajdır ki, olimpiada keçiriləcək bölgədə hər şey qaydasındadır”.
«İlham Əliyevin ölkə daxilində verdiyi müharibə bəyanatlarının da heç bir əhəmiyyəti yoxdur»
Konfliktoloq Elxan Mehdiyev isə Soçi bəyannaməsinin Azərbaycanın maraqlarına zidd olduğunu deyir: “Bu görüşdə ötən il Sankt-Peterburqda alınmayan bəyanatın imzalanması baş tutdu. Peterburqda Ermənistanın maraqlarına uyğun bir layihə ortaya qoyulmuşdu. O zaman Ilham Əliyev bunu imzalamasa da, Soçidə imzaladı. Beləliklə, Azərbaycanın başına çatı salıb sürüməklə məşğuldurlar. Bu imkanı da onlara Ilham Əliyev verib. Buna üzünə şapalaq vurub geri döndərmək siyasəti deyirlər. Yəni Ilham Əliyev müharibə bəyanatları kontekstində şapalaq aldı”.
Ekspertin sözlərinə görə, belə bir bəyanat daha çox Ermənistana lazımdır. Belə ki, Yerevanın istəyi atəşkəsi qorumaqdır. Belə çıxır ki, Ilham Əliyev də onlarla həmfikirdir. Bu da Əliyevin ölkə daxilində verdiyi bəyanatlara tamamilə ziddir: “Rusiya tərəflər arasında yalançı inam yaratmaq istəyir. Ilham Əliyev dəfələrlə xalqın qarşısında deyib ki, guya ermənilər əvvəl beş rayondan, sonra da o biri iki rayondan çıxırlar. Məsələ həll olunub və Azərbaycanın ərazi bütövlüyü təmin olunur. Soçi bəyannaməsinə imza atan bu adam indi nə düşünür? Danışdıqlarına görə məsuliyyət daşıyırmı?”.
E.Mehdiyevin fikrincə, Əliyevin ölkə daxilində verdiyi bəyanatların da heç bir əhəmiyyəti yoxdur: “Əliyev sussaydı, Azərbaycana daha çox fayda verərdi. Heç olmasa, erməni ordusu bu qədər hazırlıqlı olmazdı. Indi ondan soruşan lazımdır ki, bəs nə oldu, hanı yenilənmiş Madrid prinsipləri?”.
Fizzə



