“Azərbaycan da dəyişəcək və hər şey yaxşı olacaq”

Almas Rəhimova: «Mənəviyyatı təmiz olan insanları heç nə dəyişə bilməz»

 

Dünyada beynəlxalq qadınlar günü kimi qeyd olunan 8 mart ərəfəsində onunla söhbətləşmək istədiyimizi deyəndə, “önəmli biri olmadığını” söyləyib boyun qaçırmağa çalışdı. Bugünkü söhbət üçün Azərbaycanın milli-azadlıq mübarizəsində əvəzsiz rol oynamış örnək ailələrdən birinin xanımı Almas Rəhimovanı təsadüfən seçmədik. Söhbətdən özünüz də görəcəksiniz ki, müasir Azərbaycan cəmiyyəti üçün belə xanımların yeri nə dərəcədə önəmlidir…

 

– Almas xanım, şəxsi seçiminiz üçün dünyanın ən yaşamalı ölkələrinin reytinq cədvəlində Azərbaycanı neçənci yerə qoyardınız?
– Birinci yerə. Mən yaşadığım yerə çox bağlı adamam. Rayonda böyümüşəm. Bakıya gələndən sonra da həmişə doğulduğum yerin, o yerin insanlarının həsrətini çəkmişəm. Hələ indi də şəhərə tam öyrəşməmişəm desəm, düz olar. Bu xiffət bəlkə də məndə sona kimi gedəcək.

– Şəhər insandan nələri alır ki?..
– Bəlkə də çox şeyi… Çox vaxt söz düşəndə, insanlar həsrətlə gedib xaricdə yaşamaqdan danışırlar. Mən heç vaxt belə bir arzuda olmamışam. Həmişə doğmalarımın ətrafında olmaq istəmişəm. Yad adamlar, yad üzlər mənə həmişə ögey  görünüb. Hələ bizim yaşadığımız Günəşli qəsəbəsi kənd kimidir. Ətrafdakı insanlar da şəhər əhalisindən fərqlidir, bir-birinə öyrəşib, qonşuluq münasibətləri saxlanır. Hardasa bu, bir az mənə təskinlik verir. Amma şəhəri heç sevmirəm.

– Onda sizi şəhərdə saxlayan hansı önəmli səbəb olub ki?
– Orta məktəbi bitirdikdən sonra burada ali məktəbə daxil oldum. Ailə həyatı qurduqdan sonra burada yaşamalı oldum.

– Deməli, sizi şəhərdə məhəbbət saxlayıb…
– Belə görünür.

– Həsən bəylə necə tanış olmusunuz?
– Mən filologiya fakültəsində oxuyurdum. Folklor toplamağa göndərmək üçün bizi rayonlara böldülər. Mən də Qazaxa düşən uşaqların qrupundaydım… Orada şəhərə dönməyimizə bir gün qalmış qrupumuzdakı Xalidə təkid etdi ki, bir rəfiqəm var, kəndlərini çox tərifləyir, ora gedək. Qrupdan iki oğlan, iki qız onların kəndinə getdik, orada tanış olduq. Məlum oldu ki, Həsən də jurnalistikada oxuyur.

– Siz Azərbaycanda tanınmış bir müxalif siyasətçi ailəsinin üzvüsünüz. Bu ölkədə müxalif fikirli olub siyasətlə məşğul olmaq ailələrə nə verir?
– Məncə, daha çox kədər verir… Əslində 88-ci ildə bu hadisələr başlayanda biz qarşımıza məqsəd qoymamışdıq ki, siyasətçi olaq. Hamımız ümumi dərdimiz üçün çıxdıq yola. O vaxt uşaqlar məktəbdə oxuyurdu, bizdən əvvəl qaçıb gedirdilər meydana. Mən özüm də bilmirdim bu proseslər bizim həyatımızı hara aparacaq. Amma tale elə gətirdi ki, bir siyasətçi ailəsi olduq. Amma heç zaman siyasəti sevməmişəm. Mən mütaliəni çox sevən adamam, oxuduğum kitablardan, baxdığım filmlərdən belə qənaətə gəlmişdim ki, siyasətin çox çətin, enişli-yoxuşlu yolu var və ondan uzaq durmaq yaxşıdır.

– Siz vətən və millət naminə hər şeyi qurban verə bilən az saylı örnək ailələrdənsiniz. Ağır məqamlarda bu mübarizənin uğurlu sonluqla bitəcəyinə inamınızı itirməmisiniz heç?
– Yox, inamım heç vaxt itməyib. Bəlkə nə vaxtsa kənara çəkilmək fikrini ağlımdan keçirmişəm. Hərdən böyük oğlum Iftixar da işsizlikdən, çətinlikdən bezib gileylənirdi. Amma müəyyən ağır məqam gələn kimi, yenə onlar öndə olurdular. Bu ailədə heç vaxt, heç kəs mövqe dəyişmək, başqa tərəfə keçmək haqqında düşünməyib. Bunu əminliklə deyirəm.

– Övladlarınızın yoxluğundan yaranan boşluq təkcə sizin ailədə deyil, onların yer aldığı siyasi proseslərdə də özünü göstərir. Şübhəsiz, onların tərbiyəsində ana kimi sizin önəmli rolunuz olub. O illərdən hansı xatirələr qalır?
– Bizi hərəkata Qarabağ dərdi gətirmişdi. Mənim atam Şuşalı idi, 1905-ci il, 1918-ci il erməni-müsəlman hadisələrini görmüş bir insandı. Uşaq olsam da, onun danışdıqlarını yaxşı xatırlayıram. O, ermənilərin necə dağıntılar etdiyini, körpələri necə süngülərə keçirdiklərini, qadınların kürəyinə qaynar samovarı necə bağladıqlarını danışırdı. Düşünürəm ki, o vətənpərvərlik hisslərinin doğulmasında atamın söhbətləri mühüm rol oynayıb. Xatirələrə gəlincə… 1992-ci ildə Rəşad 8-ci sinifdə oxuyurdu. Həsən o il Səbael rayonunun icra başçısı təyin ediləndə, bir gün həyətə xidməti maşın gəldi. Onda Rəşad bildi ki, atası bu vəzifəyə təyin olunub. Maşını görəndən sonra hirsli-hirsli yuxarı qalxdı ki, “ata, elə vəzifədən ötrü gəlmişdiniz bu yola, mən də elə bilirdim, siz vətən, millət davası aparırsınız…”. Elə həmin il də bizdən xəbərsiz qaçıb Qarabağa getmişdi. Məktubu hələ də qalır. Iki cümlə yazmışdı: “Getdim Qarabağa. Məni axtarmayın”. Çox axtardıq, tapmadıq. Həsənin vaxtı yox idi. Mən başladım axtarmağa. Anamgil Tərtərdə yaşayırdı, fikirləşdik ki, ora gedib. Amma gördüm deyən olmadı. Sonra tapıldı, gətirdik evə. Yenə qaçdı. Bu, dəfələrlə təkrarlandı. Axırda belə bir qərar verildi ki, azyaşlıların cəbhə bölgələrinə buraxılmasına icazə verilməyəcək. Ondan sonra qayıdıb gəldi. Sarılığa tutulmuşdu. Sonra danışdı ki, hərbi hissədə onlardan arxada gələn maşına qrad mərmisi düşüb parça-parça olmuşdu və o da möhkəm qorxmuşdu.

– Təəssüflə deyə bilərik ki, bu gün gənclərimizin böyük əksəriyyəti vətəndaş kimi tərbiyə olunmur. Bir müəllim olaraq necə düşünürsünüz, bunun günahını harda axtarmaq lazımdır – ailələrdə, məktəbdə, yoxsa dövlət siyasətinin uğursuzluğunda?
– Vətənpərvərlik, təəssüf ki, bizdə sözçülüyə çevrilib. Məktəbdə inşalar yazdırırıq – “Torpaqlarımızı düşmən tapdağından azad edəcəyik” və ya bənzər təkrar mövzularda. Bir dəfə şagirdlərdən biri dəftəri boş qaytardı. “Sən niyə yazmamısan?” – soruşanda, cavab verdi ki, belə mövzularda yazmaqdan bezmişəm. Dərsliklərdə də tarixi həqiqətlər təhrif olunur. Mən ədəbiyyat müəllimiyəm. Dərslikdə, tutaq ki, qəhrəmanlıq tariximizlə bağlı elə şəxsiyyətlər var ki, adları çıxarılıb. Məsələn, 1992-ci ildən sonra Məmməd Əmin Rəsulzadənin irsi geniş şəkildə öyrənilirdi. Indi onun “Əsrimizin Siyavuşu” əsəri tamamilə yığışdırılıb, Rəsulzadənin adı da çıxarılıb. Əhməd Cavad kimi şairin yaradıcılığı öyrənilmir orta məktəbdə. Bu uşaqlar necə vətənpərvər olacaq?..

– Amma etiraf edək ki, burada ailələrin də günahı var. Məncə, bizim ailələr, xüsusən qadınlar övladı qorumaqla onu vətəndaş kimi böyütməyin fərqini bilmirlər.
– Təbii, hər bir ana övladını qorumaq istəyir. Bu, normal bir şeydir. Amma bizdə bir deyim də var – “oğul düşmən çəpəridir”. Məncə, oğullar düşmən çəpəri olmasa, anaların, bacıların namusu ayaqlar altında qalar.

– Siz müəllim olaraq tələbələrinizə ilk növbədə nəyi verməyə çalışırsınız?
– Ilk növbədə insanlığı. Indi mənəvi dəyərlərimizin çoxu unudulub. Çalışıram ki, tələbələrim insan kimi bir-birinə qayğı ilə yanaşmağı öyrənsinlər, yaxın olsunlar, paxıllıqdan uzaq olsunlar, bir-birini aldatmasınlar… Əsl insan vətənini də sevəcək, millətini də. Hər şey mənəvi dəyərlər üzərində köklənməlidir. Atamın daim təkrarladığı bir deyim vardı – “çalış bu dünyada əxlaqını qoru”. O vəfat edəndə uşaq olsam da, tez-tez danışdığı “Mərdlə namərdin hekayəti”ni heç unutmuram. Bu hekayətlə bizim qulağımızda sırğa etmək istədiyi bir həqiqət vardı: dünyada iki cür insan var – mərd və namərd, sən çalış həmişə mərdə tərəf ol. Mən də tələbələrimə bunları öyrətməyə çalışıram.

– Dünyada gedən prosesləri yəqin ki, izləyirsiniz. Bir siyasətçi xanımı olaraq Azərbaycanın gələcəyini necə görürsünüz?
– Bu baxımdan nikbinəm. Bir dəfə televiziyada bir amerikalı ekspert “harda neft var, orda bəla var” dedi. Bizim sərvətimiz başımıza bəladır. Amma tənəzzülün bir tərəqqi zamanı da gəlir. Dünyada əbədi heç nə yoxdur. Dünyadan necə fironlar gedib, şahlar, sultanlar gedib. Çox inanıram ki, Azərbaycan da dəyişəcək və hər şey yaxşı olacaq.

– Azərbaycanda bir çox insanların uzun illər proseslərdən kənarda qalmasının səbəbi odur ki, onlarda “yeni gələnlər də ancaq özlərinə gün ağlamaqla məşğul olacaqlar” düşüncəsi hakimdir. Amma 1992-ci ildə Səbael rayonunun icra başçısı olan Həsən Kərimovun necə vicdanla işlədiyini, heç bir halda rüşvət almadığını, xidməti mənzildən imtina etdiyini və indi Günəşlidə yaşadığını da hər kəs bilir. Siz Azərbaycanda normal cəmiyyət qurulmasına inamsız yanaşan insanlara nə deyərdiniz?
– Şübhəsiz, normal cəmiyyət qurmaq mümkündür. Amma insan gərək cılız hisslərlə yaşamasın. Mənəviyyatı təmiz olan insanları heç nə dəyişə bilməz.

– Iki gözəl nəvəniz var. Onlara nə öyrədirsiniz?
– Çalışırıq ki, onlar da yaxşı vətəndaş kimi böyüsünlər. Onların öz dünyası var. Mən kompüteri bilmirəm. Amma onlar sərbəst şəkildə proqramlarda işləyirlər. Təbii, tərəqqiylə də ayaqlaşmaq lazımdır. Arzu edirəm, onlar yaxşı cəmiyyətdə yaşasınlar. Bizim gördüyümüz məhrumiyyətləri görməsinlər.

Söhbətləşdi: Səadət