Güclü tərəfdə deyil, haqlı tərəfdə durmağa çalışanlara!
Vüsal Hüseynzadə
“(Zahirdə müsəlman görünən zalımlarla) yalnız ayıq, dözümlü və haqqı tanıyan adamlar mübarizəyə qalxarlar!”
İmam Əli (ə)
Dini siyasiləşdirməyin konturları dəqiq bəlli olmasa da, iqtidarın siyasi-hüquqi leksikona daxil etdiyi bu sözü az-çox anlayırıq. Konstitusiyamıza görə, din dövlətdən ayrıdır. Dövlət və hökumət dini işlərə müdaxilə etməməli, dini icmaların fəaliyyətini bu və ya digər istiqamətə yönəltməməlidir. Reallıqda isə təbii ki, bunun əksi baş verir. Mövcud rejim Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vasitəsi ilə dini kəsimə və dini icmalara nəzarəti davam etdirir, yalnız bu qurumu maaliyyələşdirməklə yox, bütün mümkün vasitələrlə dini öz xeyrinə siyasiləşdirir. Onlara görə, qanunsuz dini qadağalara qarşı çıxan, yaxud saxta ittihamlarla həbs olunan ruhanilərin azadlığını tələb edən bir dindar dini siyasiləşdirmiş sayılır. Halbuki bu yaxınlarda hökumətin Qubada təşkil etdiyi dini toplantıda “din” xadimləri bir nəfərin nə az, nə çox, düz üçüncü prezidentliyə namizədliyini dəstəklədilər və bu, dini siyasiləşdirmək sayılmadı. Oxşar hadisə bir neçə gün öncə Sumqayıtda baş verdi. İcra hakimi miskin bir axundu və bir qrup saqqallını düz məscidin içində elə məscidlə birgə siyasiləşdirdi. Qarabağ Seyid Ocaqları da eyni siyasi mövqeyi bildirdi və bu, çox normal qarşılandı. Məscid və minarələrə bəlli siyasi liderlərin, prezidentlərin adının verilməsindən də xəbərdarıq və hakimiyyətə görə, bunların heç biri dini siyasiləşdirmək hesab olunmur. Burada dini siyasiləşdirmək cəhdlərindən dönə-dönə danışan komitə sədrindən soruşmaq gərəkdir: Siz kimi aldadırsınız?
Əslində problem təkcə din problemi deyil, bu ölkədə uyğun siyasiləşdirmə aparılmayan sahə yoxdur. İqtidar din kimi idmanı, mədəniyyəti, incəsənəti, elmi, universiteti, milli ənənələri, gəzinti parklarını – hər bir şeyi öz xeyrinə siyasiləşdirib. Mövzudan asılı olmayaraq, hər bir ictimai tədbirdə kimlərəsə hörmət ifadə olunmalı, kimlərinsə siyasi kursu dəstəklənməlidir. Əks təqdirdə, tədbirin keçirildiyi yerdə işıqlar sönə, mikrofon xarab ola, zəlzələ baş verə, tufan qopa bilər.
Beləcə hər şeyi siyasiləşdirmiş iqtidar heç bir şeyi siyasiləşdirmiş sayılmır, amma haqqını tələb edən həkim tibbi, müəllim elmi, iş adamı biznesi, dindar da dini siyasiləşdirmiş olur. Bu mürtəce təfəkkürə görə, siyasət yalnız yuxarıdakıların inhisarında qalmalı, xalq isə başını aşağı, bəli, məhz aşağı salıb icazə verilən qədər çörəyini qazanmaqla məşğul olmalıdır.
Mövzunu İslam hüququ baxımından araşdırmağa lüzum belə yoxdur. İslam, Quran və Peyğəmbərlə az-çox tanış olan hər kəs bilir ki, İslam dini özündə yalnız fərdi deyil, həm də ictimai, hüquqi və siyasi qayda-qanunları ehtiva edir. Qurani-Kərimin təxminən üçdə ikisi məhz belə ayələrdən ibarətdir. Nümunə üçün namaz və oruc kimi mühüm fərdi əməllərin formasına dair ayələri ədalət, zalıma nifrət, yoxsullara yardım, müqəddəs məqsədlər naminə mübarizə, bu gün təxminən seçki mənasını ifadə edən beyət və hakimiyyət kimi mövzuların təfərrüatı və icra tərzi barədə nazil olmuş ayələrlə müqayisə etmək kifayətdir. Quranda ictimai və hüquqi ədaləti bərqərar etmək, zülm və fəsadla mübarizə aparmaq və ideal cəmiyyət qurmaq xüsusi təkidlə əmr olunur. Bütün bunlar isə siyasi fəaliyyəti labüd edir. Çünki dünya durduqca insanları istismar etmək istəyən, xalqın haqqını tapdayan, qanını soran, cəmiyyətin bütün sahələrini nəzarətə götürüb qanunsuz əməllərlə, inhisarçılıqla, rüşvətlə yalnız özünü düşünən hakimiyyətlər olacaq və onlar heç də xahiş-minnətlə bu əməllərdən əl çəkən deyillər.
İslam peyğəmbəri müsəlmanlarla birgə Mədinə şəhərinə mühacirət edib siyasi dövlət qurdu, siyasilik elə o zamandan dindarlıqla eyniləşdi və bu, cahil ərəblərin, eləcə də ərəblərdən sonra müsəlman olmuş xalqların 3 əsrdən sonra dünyanın yeganə böyük gücünə çevrilməsinə səbəb oldu. Müsəlmanlar dindarlıq və siyasiliyin vəhdətindən doğan qüdrətlə İran və Roma imperiyalarını darmadağın edib məzlum xalqlara hərtərəfli inkişaf şəraiti yaratdılar, onların arasından böyük təbiblər, ədiblər, riyaziyyatçılar, astronomlar, filosoflar çıxdı, möhtəşəm İslam sivilizasiyası yarandı. Nə üçün məhz dindarlıq və siyasilik? Çünki din elm və inkişafı, ədalət və bərabərliyi vacib sayan, siyasilik isə bunlar üçün əlverişli şəraiti təmin edən amildir.
Sonralar müsəlmanlar elmlərini avropalılara da öyrətdilər, amma özləri inkişafdan qalıb geriləməyə başladılar. Onlarda fərdi dindarlıq qalsa da, siyasilik məhv olmuşdu, xalqların siyasi iştirakı sıfır həddində idi. Sülalələr gəlib-gedir, şahlar bir-birini əvəz edirdi, müsəlmanlar və hətta əksər din alimləri isə öz işlərilə məşğul olurdular. Bizim babalarımız siyasiləşmədiklərinə, siyasi proseslərdən kənarda qaldıqlarına görə əsrlərlə yerli diktatorların, sonra isə əcnəbi müstəmləkəçilərin ayaqları altında əzildilər, var-yoxları talandı, qula çevrildilər.
Siyasi ayıqlıq və siyasi maariflənmə köləlikdən qurtulmaq istəyən xalqlar üçün ən vacib amildir. İctimai müzakirələrdə siyasi mövzular prioritet təşkil etməlidir. Biz tarixdən ibrət alaraq taleyimizə sahib çıxmalı, onu özümüz yazmalıyıq. Və bunun üçün mütləq siyasiləşmək və siyasiləşdirmək lazımdır. Əgər hakim qüvvələr hər şeyi öz xeyirlərinə siyasiləşdirirlərsə, biz nə üçün etməyək? Gəlin biz də hər şeyi, hərə öz çevrəsini, çalışdığı qrupu, yaşadığı toplumu siyasiləşdirsin. Məşhur serialda deyildiyi kimi, bura qurdlar vadisidir, burada yıxılanı yeyirlər. Bu dünya yırtıcı canavarlarla, insan sifətli vəhşilərlə doludur. Burada siyasi ayıqlığı olmayan xalq köləliyə məhkumdur; siyasi cəhətdən ayıq olmayanlar hər an uduzacaq, itirəcəklər. Biz bir vaxtlar siyasi avamlığımız ucbatından Quranı nizələrdə görüb Əliyə (ə) qarşı xəncər çəkdik, Hüseyni (ə) Kərbəlada yalqız qoyduq. Diqqətlə baxsaq, bütün bunlarda səbəb bir şeydir: siyasiləşməmək, siyasi dərkin və siyasi təhlil qabiliyyətinin olmaması.
Müəllifin əvvəlki yazıları:


