İTV ictimai yayımçı olmaq istəmir

Lalam, karam, koram deyir

Bu gün Azərbaycan cəmiyyətində ölkə telekanallarına münasibət birmənalı deyil. Məqsədsiz, tərəfsiz sorğu keçiriləsi olsa, televiziyaların siyasətinə, televiziya ictimaiyyətinə münasibətin faiz göstəriciləri fərqli və dəyişkən olar. Sorğunun sonucları onu kimin kimlərlə keçirməsindən çox asılıdır. “Biz Azərbaycan televiziyalarına baxmırıq” deyənlərin hamısına inanmayaq, çünki hər telekanalın öz auditoriyası, daimi və dəyişkən izləyicisi var. Demək ki, ölkə televiziyalarına, o sıradan AzTV-yə kimsə baxmır, Liderin, Spacenin tamaşaçısı yoxdur, ANS baxış sayına görə birinci yerdədir, doğru olmaz. Əlbəttə, Azərbaycanın yetkin əhalisinin əksəriyyəti ANS-ə baxır. Çünki ANS gerçəyə daha yaxın məsafədədir.

Tamaşaçılar arasında müxalifət, bitərəf, iqtidar paylaşması yoxdur. Vətəndaş faktoru var. Bu yerdə AzTV-dən danışarkən hakimiyyətdə təmsil olunanların ona baxmaq öhdəliyini unutmayaq. Hakimiyyətin dayaqları olan qruplaşmaların Lider tv-yə isti münasibətini yaddan çıxarmayaq. Geniş ölçüdə Əliyevlər ailəsinin xidmətində duran Space-i sıradan qıraqda saxlamayaq. Şou əhli ATV-nin başında, əlində pult (türklər demiş, “komandan”) kanal axtarışında olan izləyicinin gözünə sataşan “Xəzər”in də baxanı var. “Idman Azərbaycan”ın öz fanatları, “Mədəniyyət” kanalı – “solğun, küskün, bədbin”, onun da öz baxanı var. Ictimai televiziyanın auditoriyası da az deyil. Intellektual yarışmaların sayına görə fərqlənir. Get-gedə proqramların sayı azalır, səviyyəsi aşağı düşür. Onların yerini bədii və sənədli filmlər tutur. ITV ilə AzTV-nin filmləri “eyni əldən çıxır”. Seçim və zövq təkrarlığı aydın görünür.

Televiziyalar Milli Şuranının adını  çəkməkdən qorxurlar

Yayın qızmarında efiri mənasız verilişlərdən ibarət televiziyalar ölkə gündəmini məşğul edən, silkələyən olaylardan xəbərsiz kimidilər. Prezident seçkisi ilə bağlı məsələlər, seçkiyə beynəlxalq münasibət, iqtidarın üzdə görünən arxayınçılığı fonunda müxalifətdə çırpınmalar və çarpışmalar, gənc fəlların şərlənərək bircə-bircə “dənlənməsi” televiziyaların susqunluğu içində “qaynayır”.ÿ Ara-sıra xırda və sürüşkən xəbərlərlə balansı qorumağa çalışan ANS-i çıxmaqla ölkə televiziyaları gerçək müxalifət düşərgəsindən önəmli xəbərlərə veto qoyublar. Tənqid, təhqir bolluğudur. Bu bolluğun içində istəyib də peşə borcunu yerinə yetirə bilməyən jurnalistləri qınamaq da olmur. Onlara doğruculluq, obyektivlik, sərbəstlik imkanı verilməyib. Təhqirə söykənib həvəslə üzü yuxarı addımlayanlar isə sonradan deputat olur, öz sahəsində yüksək vəzifələrə irəli çəkilirlər. Odur ki, televiziyalar müxalifət əleyhinə materialları ümidlə yayımlayırlar. Ölkə prezident seçkilərinə sarı sürünür. Sürünür, çünki seçki hazırlıqlarının sürəti çox aşağıdır. Faktiki olaraq iki gerçək namizəd var: Ilham Əliyev, Rüstəm Ibrahimbəyov. Ilham Əliyevin prezidentliyə namizəd kimi təbliğata ehtiyacı yoxdur. O, prezident kimi bütün günü efirdədir, telekanallar vətəndaşlara onu təriflətməkdən bezmirlər, yorulmurlar. Rüstəm Ibrahimbəyov barədə adi xatırlatmaya isə qadağa var. O ancaq tənqid oluna bilər. Azərbaycan televiziyaları yaxşıya qarşı “kar, kor, lal” durumdadır.

Ictimai televiziya “quyruqda sürünür”

Vətəndaş, vergi ödəyicisi, ictimaiyyət nümayəndəsi olaraq hər birimiz AzTV və ITV-dən cəmiyyətin bütün təbəqələrinə, siyasi qütblərin təmsilçilərinə eyni münasibət gözləyə bilərik, buna haqqımız da çatır. Amma hər halda AzTV-nin ITV funksiyasını yerinə yetirəcəyinə inanmırıq. AzTV-dən fərqli olaraq inadla ITV-dən plüralizm, ədalət də tələb edə bilərik. AzTV-dən əlimizi üzmək zorunda qalsaq da Ictimai televiziya ictimai nəzarətdən, ictimai qınaqdan kənarda qalmamalıdır. Siyasi plüralizm, balanslılıq, obyektivlik baxımından televiziyalar arasında Ictimainin öz yeri, ayrıca yükü olmalıdır. Qanunda belə yazılıb. Amma ITV bu yükü çəkmir, heç çəkmək də istəmir. Avropa Şurasının tələbi ilə yaranan televiziya onun tələblərinə cavab verməlidir. Iyirmi ildən sonra ilk dəfə demokratik qüvvələr vahid namizəd seçə biliblər. Müxalif düşərgədəki gəlişmələr Ictimainin gündəmində yer almalıdır. Indiyəcən Milli Şuranın bir toplantısı belə ITV-də işıqlandırılmayıb. Bu fakt teleşirkətə təzə təyin olunan baş direktor Cəmil Quliyevin hakimiyyət qarşısında öhdəlik götürdüyünü düşünməyə əsas verir. Görünür, baş direktor demokratiyadan “yarasa gündüzdən qorxan kimi” qorxur. Söz azadlığına düşməndir. Cəmil Quliyevə xatırlatmaq istəyirik ki, onilliklər boyu Ismayıl Ömərov Əliyevlərə qulluq göstərdi, amma indi onun sonunun necə olacağı bilinmir. Qabaqlar yalandan, görüntü xatirinə, ara-sıra müxalifətin fəaliyyətindən nələrsə göstərilirdi, indi o da yoxdur. Balanslılıq kütləvi informasiya vasitəsinin dış görüntüsü, üstünlüyü, qazancıdır. O, Ictimainin əsas iş prinsipi olmalıdır. ITV cəmiyyətin bütün tərəflərinin müdafiəçisi olmalıykən hakimiyyətin sözçüsüdür. Onun “qanadı altına qısılıb mürgüləyir”. Biz təzə gələnin bir azacıq düşüncə azadlığı olacağını gözləyirkən, gələn gedəndən də yaman olur.

ITV-dən AzTV-nin iyi gəlir

Get-gedə Ictimai televiziyanın verilişləri, informasiyaların təqdimi üslubu AzTV-ninkilərə bənzəyir. ITV-dən AzTV-nin iyi gəlir. Xəbər proqramları eyni, bədii proqramları eyni, ictimai-siyasi hadisələrə yanaşması eyni, bədii, sənədli filmlər eyni, publisistik proqramlar eyni. Sadalayaqmı? Sadalayaq! Təzəlikcə ictimainin musiqi proqramları da AzTV ilə eyniləşib. Telekanalın mədəniyyət, musiqi siyasəti dəyişib. Deyilənə görə, musiqi proqramlarına ayrıca haqq qoyulub. “Bir müğənni, bir mahnı kampaniyası”nın da, 15 dəqiqəlik konsertin də öz qiyməti var. Bir azdan xəbər süjetlərinə də qiymət qoyulacaq. Sifarişli proqramlar çəkiləcək. Bax, onda AzTV-də olduğu kimi bütün bunlara göz yumulması üçün Ilham Əliyevin bütün səfər və görüşlərindən xüsusi buraxılışlar veriləcək. Biz də daha əminliklə deyə biləcəyik: “Göstərir AzTV-2″.

Azad