«Geri çəkilərək başqa namizədlə seçkiyə getmək bəribaşdan, məğlubiyyətlə barışmaq deməkdir»
Gültəkin Hacıbəyli: «ABŞ Konqresindəki dinləmələrin yekununda ortaya açıq və şəffaf mövqe qoyuldu: Azərbaycan yol ayrıcındadır və seçim etməlidir»
Milli Şuranın Beynəlxalq Komissiyasının sədri Gültəkin Hacıbəyli gündəmin aktual məsələlərilə bağlı “Azadlıq”ın suallarını cavablandırır:
Son sözü Azərbaycan xalqı deməlidir
– ABŞ konqresindəki son dinləmələri necə xarakterizə edərdiniz?
– Bu dinləmələr Azərbaycan hakimiyyətinə, müxalifətinə və xalqına açıq və ciddi mesaj idi. Bu mesajla ABŞ öz mövqeyini ortaya qoydu. Birinci mesaj dinləmələrin birbaşa Konqresin binasında keçirilməsi idi. Halbuki, Helsinki Komissiyası bu məqsəd üçün bir qayda olaraq, fərqli məkanlardan istifadə edir. Ikinci və daha ciddi mesaj dinləmələrin adı idi. “Troubled partner” ifadəsini “problemli tərəfdaş” kimi tərcümə etdilər, ancaq əslində, narahatlıq doğuran, qorxu yaradan tərəfdaş tərcüməsi orijinala daha yaxındır. Və ardınca, “Azərbaycanda artan avtoritarizm”. Bu artıq mövqedir və bu mövqenin müzakirələrdən öncə tədbirin adında ifadə olunması onun ciddiyyətindən və dəyişməzliyindən xəbər verir. Dinləmələrdə Azərbaycanda baş verən həbslər, repressiyalar, real vəziyyətlə bağlı ən detallı faktları daha çox təşkilatçı tərəfin dilindən eşitdik. Bu isə o deməkdir ki, hakimiyyət təmsilçilərinin nə deməsindən asılı olmayaraq, ABŞ siyasi dairələri Azərbaycandakı gerçək vəziyyəti heç də bizdən pis bilmir, bəzi hallarda isə, daha məlumatlıdırlar. Tədbirə Azərbaycan tərəfindən dəvətlilərin siyahısı da maraqlıdır. Dinləmələrə vətəndaş cəmiyyətinin təmsilçiləri – Leyla Əliyeva və Emin Milli, Milli Şuranın nümayəndəsi Eldar Namazov və prezidentliyə namizədi həbsdə olan REAL hərəkatının rəhbərliyindən Erkin Qədirli dəvət olunmuşdu. Fikir verirsinizsə, ənənəvi müxalifətlə dialoqa yox, daha geniş Milli Şura və vətəndaş cəmiyyəti formatına üstünlük verilir. Həm Leyla xanımın, həm də Emin bəyin Milli Şura üzvü olduğunu da nəzərə alsaq, Milli Şuranın nə qədər önəmli və beynəlxalq münasibətlər prizmasından nə qədər uğurlu, cəlbedici bir format olması bir daha öz təsdiqini tapır. Istər Eldar Namazov, istərsə də Erkin Qədirli Azərbaycanda sivil, demokratik alternativ fikri və qüvvələri yüksək səviyyədə təmsil etdilər və onların tutarlı arqumentlərinə cavab vermək qarşı tərəf üçün çox çətin idi. Konqresdəki dinləmələrin yekununda isə ortaya açıq və şəffaf mövqe qoyuldu: Azərbaycan yol ayrıcındadır və seçim etməlidir: Ya demokratiya və tərəqqi, ya da avtoritatizm və tənəzzül. Mən bundan açıq və birmənalı mövqe təsəvvür etmirəm. ABŞ daha öncə Ilqar Məmmədovla bağlı qətnaməsində Avropa Parlamenti dediyi kimi öz sözünü dedi. Lakin, bu heç bir halda, son söz ola bilməz. Bu, demokratik dünyanın istək və gözləntisidir. Son sözü isə Azərbaycan xalqı deməlidir və bu sözü onun yerinə heç kim deməyəcək. Xalq öz seçimini etməlidir və açıq şəkildə bildirməlidir ki, nə istəyir. ABŞ-ın, Avropa Birliyinin mövqeyi, yəni beynəlxalq dəstək göz önündədir. Son bir-neçə ildə dünyada baş verən qlobal demokratikləşmə prosesi fonunda münbit siyasi situasiya yetişib. Hətta Rusiya da əvvəlki dönəmlərdə olduğu kimi hakimiyyəti müdafiə etmir, əksinə, şimal qonşumuz ilə münasibətlər ən gərgin dövrünü yaşayır. Müxalifətin birləşə bilməməsi haqqında arqument də Milli Şuranın yaranması ilə öz kəsərini itirib. Nəinki müxalifət, bütün geniş demokratik düşərgə birləşərək öz təşkilatını – Milli Şuranı yaradıb və millətimizin ən layiqli oğullarından birini – Rüstəm Ibrahimbəyovu özünə lider seçib. Beləliklə, siyasi situasiyanın bütün iştirakçıları öz mövqeyini ifadə edib. Indi söz əsas oyunçunun – xalqındır.
Xalqın Rüstəm bəyin müdafiəsinə qalxacağına inanıram
– Hakimiyyət təmsilçilərinin cavabları çox sönük və arqumentsiz təsir bağışlayırdı. Bunu nə ilə izah edərdiniz?
– Onlar nə deyə bilərdilər ki? Informasiyanın bir an içində bütün dünyanı dolaşdığı bir vaxtda, qlobal siyasətin Vikiliks, yəni, şəffaflaşma mərhələsinə qədəm qoyduğu bir zamanda, hakimiyyət təmsilçilərindən başqa hansı təqdimatı gözləmək olardı ki? Azərbaycan folklorunda bir süjet var. Adamı gedər-gəlməzə göndərmək. Nağıl qəhrəmanları öz rəqiblərindən qurtulmaq üçün onları gedər-gəlməzə yola salıb, sonra da adını yarıtmaz qoyurlar. Hakimiyyəti dinləmələrdə təmsil edənlərin vəziyyəti mənə o nağıl süjetini xatırlatdı.
– Milli Şuranın vahid namizədi məsələsindəki kənar disskussiyalara necə son qoyulmalıdır, sizcə?
– Milli Şura ideyasının müəllifi, bu layihənin yaradıcısı böyük ziyalımız, Azərbaycan xalqının fəxri olan Rüstəm Ibrahimbəyovdur. Heç kim üçün sirr deyil ki, bu qədər fərqli,bəzi hallarda bir-birini qəbul etməyən qüvvələr Milli Şuraya, ilk öncə, Azərbaycan xalqının ən müqəddəs maraqları naminə, daha sonra isə Rüstəm bəyin adının, şəxsiyyətinin işığına yığışıblar. Mən Azərbaycanın bu qədər fərqli, çoxrəngli və çoxsəsli demokratik qüvvələrini belə həvəslə və şövqlə öz ətrafına yığa biləcək ikinci bir şəxs tanımıram. Ən azından, heç bir başqa ziyalımız Rüstəm bəyədək öz çiynini belə ağır yükün altına verməyib, heç bir siyasi iddiası olmadığı halda belə məşəqqətli yola çıxmayıb. Indiki halda Rüstəm bəyin Azərbaycanın demokratik qüvvələrinin vahid namizədi olmasından təbii heç nə ola bilməz. Qeyd etdiyiniz kənar diskussiyalar daha çox iki məqamla bağlı təbii narahatlıqdan qaynaqlanır. Birincisi, vətəndaşlıq məsələsilə bağlı məqam, ikincisi isə Rüstəm bəyin hal-hazırda Azərbaycanda olmamasından doğan əndişə. Mən bu narahatlıqları dilə gətirən dostlarımızı anlayıram. Ancaq düşünürəm ki, Rüstəm bəyin Rusiya vətəndaşlığına xitam verilməsindən sonra və onun Bakıya qədəm qoyduğu andan bu narahatlıqlar tam şəkildə aradan qalxmış olacaq. O andan etibarən, əlavə, ehtiyat və s. namizəd məsələləri ətrafında spekulyasiyaları cəmiyyətə də qəbul etdirmək çətin olacaq. Milli Şura özünün yekdiliklə seçdiyi vahid namizədini qeydə aldırmaq gücündə olmayacaqsa, seçki prosesinin demokratikliyini necə təmin edə bilər? Mərkəzi Seçki Komissiyasında öz imzasını, öz səsini qoruya bilməyən bir qurum ölkəboyu xalqın səsini necə qoruyacaq və xalq belə bir qüvvəyə güvənərmi? Vahid namizədin qeydiyyatına nail ola bilməyən demokratik qüvvələr ehtiyat namizədin qələbəsini necə reallaşdıracaq? Demokratik qüvvələrin vahid namizədinin qeydiyyata alınmaması bəri başdan seçki prosesinin legitimliyinə kölgə salacaq və hakimiyyətin ciddi seçim imkanı, alternativi olmayacağı təqdirdə bu səhvi edəcəyini düşünmürəm. Hakimiyyət bu səhvi etsə belə, xalqın Rüstəm bəyin müdafiəsinə qalxacağına inanıram. Əks halda, geri çəkilərək başqa bir namizədlə seçkiyə getmək cəmiyyətin dəstəyindən məhrum olmaq və bəribaşdan, məğlubiyyətlə barışmaq deməkdir. Bu mənim mövqeyimdir. Rüstəm bəyin Rusiya vətəndaşlığına xitam veriləcəyi və tezliklə Azərbaycana qayıdacağı şərtilə bu mövqeyimdə qətiyəm: Ya Rüstəm Ibrahimbəyov, ya da Rüstəm Ibrahimbəyov!
Demokratiyaya dinc və ağrısız keçidi təmin edə biləcək ən uğurlu namizəd
– Milli Şuranın demokratik qüvvələrin son şansı olması fikri ilə razısınızmı?
– Qətiyyən razı deyiləm. Bəşər tarixinin inkişaf tendesiyalarını az-çox bilən, dünyanı öz ağuşuna alan qlobal demokratikləşmə dalğasınını müşahidə və təhlil edən hər kəs anlayır ki, bu qarşısıalınmaz prosesdir. Mübahisələr, diskussiyalar, sadəcə, zaman məsələsi ətrafında ola bilər. Bu tendensiyanın mahiyyəti, istiqaməti artıq heç kimdə şübhə doğurmur. Bu baxımdan demokratik qüvvələrin, onların haqları uğrunda mübarizə apardıqları xalqların real, parlaq yüksəlişi və şansları hələ bundan sonra yaranacaq. Milli Şuranı və xüsusilə də, Rüstəm Ibrahimbəyovu mən daha çox hakimiyyətin şansı hesab edirəm. Rüstəm bəy Azərbaycanda demokratiyaya dinc və ağrısız keçidi təmin edə biləcək ən uğurlu namizəddir. O, indi ölkənin demokratik qüvvələrinə rəhbərlik edir, ancaq uzun illər hakimiyyətlə səmimi, yaxın münasibətləri olub. Onun dostlarının, hətta ailə üzvlərinin əksəriyyəti müxalifətdə yox, hakimiyyətdə olanlar və ya hakimiyyətə loyal olanlar arasındadır. Odur ki, o, istəsə belə, heç vaxt qisasçı ola bilməz. Rüstəm bəyin 74 yaşı var. Həyatda bütün zirvələri fəth edib. Heç nəyə ehtiyacı yoxdur. Insan bütün dünyanı gəzir, görür və anlayır ki, mənim xalqım fransızdan, almandan, kanadalıdan heç nəyi ilə əskik deyil, bəs biz niyə bu qədər sərvətlə, belə bir potensialla xoşbəxt ola bilmirik? Niyə Azərbaycan müəllimi, həkimi, kəndlisi, tələbəsi alman, fransız, kanadalı həmkarının yaşadığı ləyaqətli həyatı yaşaya bilmir? Əslində, onun hisləri mənə çox doğmadır. Rüstəm bəyin də, Milli Şura üzvləri olaraq bizim də amalımız birdir. Biz insanların azad seçim hüquqlarının tanınacağı, müstəqil məhkəmələrin ədalətli, qanuni və vicdanlı qərarlar çıxaracağı, korrupsiyanın, yerlibazlığın, tayfabazlığın, haqsızlığın insanları əzmədiyi, şəxsiyyətini sındırmadığı, müəllimin, həkimin, təqaüdçünün normal, ləyaqətli, şərəfli yaşamını təmin edəcək qədər maaş, pensiya ala biləcəyi, normal təhsillə, səhiyyə xidməti ilə təmin olunan cəmiyyət qurmaq istəyirik. Elə bir cəmiyyət ki, orada məmurlar, vəzifə sahibləri hər an hər şeyini itirə biləcəyi, ailəsinin, yaxınlarının məhv edilə biləcəyi təhlükəsi ilə üzləşməyərək, başqalarının cinayətlərinə ortaq olmadan rahat insan ömrü yaşaya bilsinlər. Məgər Azərbaycan xalqı buna layiq deyil?!
Seymur Həzi