DIN “Mur-Ay” məsələsində tələsir

İstintaq bitməmiş yayılan məlumatları istintaq materialları ilə təkzib etmək nə dərəcədə doğrudur?

Aldadılan vətəndaşların pullarının Heydər Əliyev Mərkəzinə xərcləndiyini Elxan Hüseynov özü deyib

Daxili Işlər Nazirliyi (DIN) “Mur-Ay” MMC ilə bağlı “Azadlıq”ın yazdıqlarına reaksiya verib. Bu məsələ ilə bağlı “Azadlıq” məlumat vermişdi ki, “Mur-Ay”ın rəhbəri Elxan Hüseynov vətəndaşlardan mənzil üçün aldığı pulları Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin tikintisinə sərf edib.
Şirvanın icra başçısı, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov Elxan Hüseynova bildirib ki, Heydər Əliyev Mərkəzinin tikintisini üzərinə götürsə və bu işi uğurla başa çatdırsa, rayonlardan birinə icra başçısı təyin edilə bilər. “Mur-Ay” MMC-nin rəhbəri də həvəslənərək vətəndaşlardan mənzil üçün aldığı pulları bu istiqamətdə xərcləyib.
Sonradan aldadılan vətəndaşlar etirazlara başlayanda Elxan Hüseynovun həbsi məsələsi gündəmə gəlib. Lakin “Mur-Ay”ın sahibi “yuxarılar” mesaj göndərib ki, həbs ediləcəyi təqdirdə pulların Heydər Əliyev Mərkəzinə xərcləndiyini ictimaiyyətə açıqlayacaq. Bununla da Elxan Hüseynov özünü həbsdən sığortalaya bilib. Onun əvəzinə Prezident Administrasiyasının (PA) şöbə müdiri  Zeynal Nağdəliyevin bacanağı, həmçinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumu Qalib Məmmədbəyli həbs edilib. Bəzi məlumatlara görə, əslində Qalib Məmmədbəylinin həbsi PA rəhbəri Ramiz Mehdiyevlə adıçəkilən məmurlar arasındakı ziddiyyətlərdən qaynaqlanır. Və bu həbsin “Mur-Ay” qalmaqalına heç bir aidiyyatı yoxdur.
DIN isə “Azadlıq”ın bu məlumatlarının, xüsusilə vətəndaşlardan mənimsənilən pulların Heydər Əliyev Mərkəzinə xərclənməsi faktının həqiqətəuyğun olmadığını bəyan edib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, pulların Heydər Əliyev Mərkəzinə xərclənməsi istintaq materialları ilə  birmənalı şəkildə təkzib olunur.
DIN-in nəzərinə çatdırırıq ki, əvvəla, Elxan Hüseynov özü də sakinlərə pulların Heydər Əliyev Mərkəzinə xərcləndiyini bildirib. Əgər DIN rəhbərliyinin buna şübhəsi varsa, “Azadlıq”ın 22 oktyabr 2010-cu il tarixli sayında aldadılan vətəndaşların aksiyasından hazırlanan reportaja diqqət edə bilər. Elxan Hüseynov həmçinin iddia edib ki, o, mənzillərin tikintisi üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərova 1 milyon manat verib. “Mur-Ay” rəhbərinin nə dərəcədə doğru danışdığını deyə bilmərik. Amma bütün bunları aldadılan vətəndaşlara özü deyib. Digər tərəfdən maraqlıdır ki, DIN açıqlamasında Kəmaləddin Heydərovla bağlı fakta heç bir münasibət bildirməyib.
Bu məsələdə başqa bir məqam da ondan ibarətdir ki, “Mur-Ay”la bağlı istintaq hələ yekunlaşmayıb. Deməli, istintaq materialları bitkin deyil. Bu halda yayılan məlumatların istintaq materialları ilə təkzib olunması başadüşülən deyil. Məsələn, Elxan Hüseynov həbs olunarkən ifadəsində pulları Heydər Əliyev Mərkəzinin tikintisinə xərclədiyini deyə bilər. Maraqlıdır, görəsən, bu halda DIN-in açıqlaması necə olacaq?

İnformasiya şöbəsi