Ölkə vətəndaşlarının böyük hissəsi aciz durumdadır. Bir az çətinliyə düşən kimi köməksiz keçinə bilmirlər. Həmkarım Natiq Ədilov dünən bunu daha yaxşı ifadə etmişdi: adamlarımız taleyin ümidinə buraxılıb, onlar nəinki özləri, heç bütün tayfası yığışanda bir xəstəliyin öhdəsindən gələ bilmirlər. Bu, bizim uydurma və mülahizə deyil. Ilham Əliyev özü bu günlərdə jurnalistlərə ev paylamaqla da bunu sübut etdi. Düzdür, evlərin verilməsi siyasi rüşvət və siyasi hiylə idi və arxasında ölkədəki real vəziyyəti gizlətmək, mətbuata basqıları pərdələmək dururdu, amma eyni zamanda etiraf edildi ki, dünyanın hər yerində ən gəlirli peşələrdən olan jurnalistlər bizim ölkədə evə möhtacdır.
Dünən evlər mövzusuna 2 yaşlı Imranın harayı qarışdı. Sosial şəbəkələrdə onun şəkli yayılmışdı: ayaqları kəsilmiş və bədəni xəsarətlə dolu idi. Imran Xaçmazdakı “Nabran” istirahət mərkəzində hovuzda qurğuya ilişib və həyatını itirməkdən zorla, amma ağır xəsarətlərlə qurtulub. Indi də müalicəsinin davamı üçün valideynləri pul tapa bilmir!
Sosial şəbəkələrdə Imranın müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanaya qınaqlar başladı və hətta klinikanın saytı dağıdıldı və ora Imranla bağlı qınaq dolu bir mətn yerləşdirildi. Daha sonra Ilham Əliyevin qızının həyat yoldaşı olan rusiyalı iş adamı Emin Ağalarovun Imrana yardım etdiyi xəbəri yayıldı, dərhal da məlumat gəldi ki, Ilham Əliyev biçarə oğlanın müalicəsini öz nəzarətinə götürüb.
Mərkəzi Klinikada xidmətlər doğrudan da çox bahadır. Bunu mən də qınayıram. Qiymətlər oğru məmurlar üçün münasibdir. Pulla bağlı orada çox amansızlıq var, özüm bunu yaşamışam və yadıma düşəndə dəhşətə gəlirəm. Bu ayrı bir mövzudur. Amma adama sual oluna bilər, bəs bizim pulsuz xəstəxanalar ola-ola niyə ora üz tuturuq? Hanı bizim pullu səhiyyə? Hanı tibbi sığorta sistemi? Ölkə niyə bu günə salınıb? Ilham Əliyev kiməsə köməklə özünü reklam etdirmək əvəzinə niyə bu cür biabırçı durumun yarandığına izah vermir? Məgər hər xəstə prezidentə müraciət etməli, sonra da ona təşəkkürlər etməlidir?
Ölkə səhiyyə sistemi bütün sahələrə uyğun olaraq qəssab üsulu ilə işləyir, tam korrupsiyalaşıb və olduqca səviyyəsiz durumdadır. Bu sistem ən yaxşı həkimləri də heçə çevirir. Azərbaycanlılar istedadsız deyil, sadəcə bu cür idarəetmədə yaxşı həkim də acizdir. Əhalidə isə etibar o qədər itib ki, telekanallar hər gün onlara xaricdən gələn həkimləri reklam edir, ya da insanlar üzünü elə xaricə tutur.
Bəs xaricdə necədir? Fərhad Eyyubov adlı gənc soydaşımız dünən Facebookda bu barədə maraqlı bir qeyd paylaşıb. Ona təşəkkür edir və icazəsi ilə qeydlərini təqdim edirəm…
Imranın başına gələn hadisə Kanadada baş versəydi:
1.Səhiyyəsi çox keyfiyyətli olduğu uçun Almaniyaya və ya başqa ölkəyə getməyə ehtiyac yoxdur. Hətta olsa belə, xərcləri tam olaraq Səhiyyə Nazirliyi ödəməyə məcburdur.
2.Kanadada səhiyyə tam pulsuz olduğu üçün müalicə, əməliyyatlar, hospitalda qalmaq xərcləri barədə ailə narahatlıq keçirmir.
3.Hotelin sığortasını həyata keçirən şirkət zərər çəkmiş ailəyə 2 milyon dollara qədər birdəfəlik təzminat ödəyir.
4.Dövlətin ailəyə ödədiyi uşaq pulunun miqdarı aylıq 200 dollardan 500 dollara qədər artırılır.
5.Valideynlərə yüksək vergi güzəştləri edilir (uşaq 18 yaşına çatana kimi).
6.Uşağın və valideynlərin psixoloji durumu mütəmadi nəzarətə götürülür. Dövlətin maliyyələşdirdiyi xüsusi təşkilatlar onun cəmiyyətə, normal həyata adaptasiyası üçün pulsuz konsultasiya, praktik məşğələlər təşkil edir, lazımi avadanlıqlarla (əlil arabası və s.) təmin edir.
7.Ailə üçün bütün bunlar minnətsiz olur və televiziyada dövlətə təşəkkür etmək ağıllara belə gəlmir. Çünki bütün bu xidmətlərin illərdir ödədikləri vergilərdən ayrıldığını bilirlər.
Sonda oxuculardan xahiş edirəm ki, yuxarıdakı qeydlərin sonuncusunu bir daha oxusunlar.