Abbas Abbasovun qarşısına şərt qoyulub

«Milyarderlər Ittifaqı»nın sədrindən Rüstəm İbrahimbəyovla Söyün Sadıqovun əleyhinə bəyanat istəyirlər

“Milyarderlər Ittifaqı”nın sədri, baş nazirin keçmiş müavini Abbas Abbasov qarşısına şərt qoyulub. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, Azərbaycan hakimiyyətinin irəli sürdüyü şərtə görə Abbas Abbasov Söyün Sadıqov və Rüstəm Ibrahimbəyov əleyhinə bəyanatlar səsləndirməlidir. Məlumatda bildirilir ki, hakimiyyət onun Ilham Əliyevlə sadiqlik barədə səsləndirdiyi fikirlərdə səmimi olduğuna inanmadığından bu şərti irəli sürülüb. Abbas Abbas isə belə bir addım atmaq niyyətində deyil.
Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimovun da “Yeni Müsavat”a verdiyi müsahibədə buna oxşar fikirlər səsləndirməsi məlumatın əsassız olmadığını göstərir. Nazim Ibrahimov müsahibədə deyib ki, Abbas Abbasov Söyün Sadıqovla münasibətlərinə aydınlıq gətirməlidir: “Abbas Abbasov Azərbaycan prezidentinin siyasi kursunu müdafiə etməkdə davam etməlidir. Paralel olaraq gördüyü işlərdə də, öz fəaliyyətində də bu sevgisini, sədaqətini göstərməlidir.
Amma bir təşkilatın bayrağı altında bir nəfər Azərbaycan dövlətinə, iqtidarına düşmənçilik edir, başqa bir nəfər Azərbaycan iqtidarına, dövlətinə sevgisini bildirirsə, bu bir az anlaşılmazlıq yaradır. Bir təşkilatın ideologiyası varsa, o ideologiya bütöv olmalıdır, bir olmalıdır. Yəni bu gün eyni təşkilatın içərisindən iki insanın müxtəlif istiqamətlərdə bəyanatlar verməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bəzən ziddiyyətlər də elə burdan yaranır. Bizim zaman-zaman söylədiyimiz fikirlər də bundan qaynaqlanır ki, bir təşkilatın bayrağı altında bir-birinə tam zidd ideologiyalı insanların toplaşması suallar yaradır. Abbas Abbasov da öz söylədiyi fikirlərə uyğun olaraq fəaliyyətini Azərbaycanın dövlətçilik maraqlarına uyğun, Azərbaycan prezidentinin siyasətini dəstəkləyərək davam etdirməlidir. Həmçinin Söyün Sadıqovla olan münasibətlərinə bir aydınlıq gətirməlidir. Çünki bu iki bir-birindən köklü surətdə fərqli fikirlərə məxsus insanlardan birinin dağıdıcılıq mövqeyi, o birisinin isə bəyan etdiyi kimi, quruculuq mövqeyində durması ən azı təəccüb doğurur”.
Nazir Ibrahimovun müsahibədə yalnız Söyün Sadıqovun adını çəkməsi Rüstəm Ibrahimbəyovun seçkidə iştirakı ilə bağlı ola bilər. Yəni, komitə sədri yaxşı anlayır ki, Rüstəm Ibrahimbəyov Milli Şuranın vahid namizədidir. Onun Abbas Abbasova Rüstəm Ibrahimbəyovla bağlı da eyni çağırışı etməsi siyasi səhv olardı. Bu baxımdan açıq şəkildə Söyün Sadıqovun adının çəkilməsi məqsədəuyğundur. Lakin pərdəarxası söhbətlərdə Abbas Abbasovdan Rüstəm Ibrahimbəyova qarşı çıxmaq da tələb olunur.

Azad