Həkimin intiharında 60 min müəmması

“Azadlıq”ın əməkdaşı Goranboydakı faciəni yerində araşdırdı

Adı intiharda hallanan icra başçısı «Azadlıq»ı araşdırma aparmağa dəvət etsə də, rayonda olduğumuz müddətdə telefonunu söndürdü

Sabiq baş həkim intihardan əvvəl rastlaşdığı tibb bacısına nə deyib?

2010-cu il mayın 17-də Goranboy Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən uzaqlaşıdırılan Faiq Abdullayev bu il martın 4-də sözügedən xəstəxanada intihar edib. Bu xəbəri eşidəndə və bir günə sığışdırdığım Tərtər və Goranboy rayonlarına səfərimdə fransız filosofu Mişel de Montenin “Birinin ölümü digərinin həyatının başlanğıcıdır” deyimini xatırladım. Hər iki rayonu çaş-baş salan bu intiharın Montenin deyimi ilə nə qədər üst-üstə düşdüyünü anladım, görüşlərdən sonra…

“Hökumətimiz var, dövlətimiz var…”

Qısa xatırlatma verərək bildirim ki, 1963-cü ildə Tərtərin Cəmilli kəndində anadan olan Faiq Abdullayev 2003-cü ildən 2010-cu ilə qədər Goranboy Rayon Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2009-cu ilin sonlarında rayona icra başçısı təyin edilən Nizaməddin Quliyev bəzi səbəblərə görə onu vəzifəsindən uzaqlaşdırıb. Düzdür, baş həkimlikdən getsə də, F.Abdullayev həmin xəstəxananın travmatologiya şöbəsində işini davam etdirə bilib. Həyat yoldaşı Gülnarə Abdullayeva da xəstəxananın pediatriya şöbəsində həkim işləyir.
Intiharın təfərrüatlarını öyrənmək üçün Tərtərin Cəmilli kəndinə üz tutdum. Mərhumun qardaşı Rizvan Abdullayev və övladları söhbət zamanı yalnız bunları dedilər: “Hökumətimiz var, dövlətimiz var, hər şeyi onlar araşdıracaq. Biz dövlətə etibar edərək bütün işləri onların öhdəsinə buraxırıq. Yox, istintaq düzgün aparılmasa, biz onda siz jurnalistlərə müraciət edəcəyik”. Onların şəklini çəkmək istəyimi söyləyəndə buna razı olmadılar. Hətta mərhumun şəklini də verməyəcəklərini söylədilər. Yas mərasimindən bir görüntünü fotoaparatın yaddaşına köçürməyə də icazə vermədilər. Yalnız kəndin adı qeyd olunan lövhənin şəklini çəkdim. Cəmillidən bu şəkillə yanaşı kiçik bir informasiya da almağa nail oldum. Adının çəkilməsini istəməyən kənd sakini deyir ki, mərhum F.Abdullayev son zamanlar çox qəribə təsir bağışlayırmış: “Düzdür, mərhumu tez-tez görmək mümkün deyildi. Iki-üç həftə öncə xəstəxanada onunla görüşə bildik. Hiss olunurdu ki, çox incidilir”. Kənd sakini bundan artıq məlumatı olmadığını deyib aralandı.

İcra başçısı Nizaməddin Quliyev

Yeri gəlmişkən qeyd edim ki, icra başçısı Nizaməddin Quliyev bir neçə gün öncə “Azadlıq”a açıqlamasında bu intiharla heç bir ilişgisinin olmadığını söyləmişdi. Üstəlik, qeyd etmişdi ki, istənilən jurnalist məsələni gəlib yerindəcə araşdıra bilər. Onun dediyi kimi də etdim. Cəmillidən Goranboya üz tutanda icra başçısı ilə əlaqə saxladım. Gəlişimin məqsədini ona deyəndən sonra heç bir problem olmadığını, araşdırmamı yekunlaşdırandan sonra mənə açıqlama verəcəyini söylədi. Amma araşdırma yekunlaşandan sonra onunla əlaqə saxlamaq mümkün olmadı. Telefonu söndürülmüşdü…

“Bir az ürəyim ağrıyır”

Goranboy Mərkəzi Xəstəxanasına gedirəm. Öncə mərhumun özünü atdığı binaya daxil oldum. Qeyd edim ki, mərhumun meyiti hadisə baş verən gün saat 19 radələrində tapılıb. Amma öyrəndim ki, F.Abdullayev günorta saatlarında intihar edib. Meyit ona görə gec aşkar edilib ki, F.Abdullayevin intihar etdiyi bina istifadəyə yararsızdır. Tibb bacıları binanın arxasındakı zibilliyə lazımsız əşyaları atan zaman mərhumun meyitini aşkarlayıblar. F.Abdullayevin öldüyü yerdə bir neçə qərənfil də var. Onun özünü atdığı binanın pəncərəsinin şüşələri sınıqdır, divarlarda az da olsa qan ləkələri sezilir.
Tibb bacıları ilə söhbətə çalışsam da mümkün olmadı. Baş həkimi tapmaq da lap müşkül məsələ imiş. Üçüncü mərtəbədə olanda həkimlər baş həkimin birinci mərtəbədə oturduğunu dedilər, birinci mərtəbədə isə bildirdilər ki, o, üçüncü mərtəbədə oturur. Təkrar üçüncü mərtəbəyə qalxanda isə baş həkimin artıq xəstəxanada olmadığı bildirildi. Bütün bunlara baxmayaraq, xəstəxanadan məlumat ala bildim. Adının çəkilməsini istəməyən tibb bacısı hadisə baş verməzdən az əvvəl onun yanından ötdüyünü deyir: “Çox əsəbi idi. Sürətlə aşağı düşürdü. ”Faiq doktor, nə olub?”- soruşdum. “Heç bir şey, bir az ürəyim ağrıyır” – deyib yanımdan ötdü”.

“Yoxlaya bilərsiniz!”

“Faiq Abdullayevin intiharına səbəb icra başçısının ondan 60 min dollar tələb etməsidir”. Yayılan bu məlumatda qeyd edilir ki, qısa müddətdə bu pulu verməyəcəyi halda baş həkim işlədiyi dövrdə “yol verdiyi nöqsanlara görə” həbs ediləcəyi ilə hədələnib. Həmçinin bildirilir ki, intihardan əvvəl Faiq Abdullayevə başçının müavini Baxış Abdullayev zəng edib və pulu tələb edib. Hətta deyilir ki, hadisə baş verən gün Gülnarə Abdullayeva Nizaməddin Quliyevə “onu sən öldürdün, bu qədər pulu hardan ola bilərdi. Niyə ondan bu qədər pulu istədin?” ittihamını səsləndirib.
N.Quliyev isə “Azadlıq”a deyilənlərin doğru olmadığını bildirib: “Fəaliyyətində bəzi nöqsanlar olub, mən də sözümü demişəm. Sonradan o gördü ki, məndən əvvəl işlədiyi kimi işləyə bilmir, ona görə ərizə yazıb işdən çıxdı. Deyirlər ki, mən ona xəstəxananı təmir etməyi tapşırmışam. Belə söhbət yoxdur. Goranboydakı xəstəxana o qədər böyükdür ki, biz onun bir şöbəsinin təmirini iki ilə bölürük. Yəni, bu irilikdə xəstəxananın təmirini Faiq Abdullayevə necə tapşıra bilərəm? Xəstəxanada təmir işləri dövlət büdcəsi hesabına aparılıb”.
Icra başçısı müavini Baxış Abdullayevin də bu məsələdə hər hansı təqsiri olmadığını söyləyib: “Nə mən zəng etmişəm, nə də müavinlərimdən ona zəng edən olub. Bunu araşdırıb müəyyənləşdirmək o qədər çətin iş deyil”.
N.Quliyev hesab edir ki, adının intihar hadisəsində hallandırılması rəqiblərinin işidir: “Müavinlərim var idi, onları işdən çıxarmışam. Çünki onlar mən icra başçısı təyin olunana kimi qanunsuz əməllərlə məşğul olublar. Onlara dedim ki, bu əməllərə son qoymalısınız. Amma bu baş vermədi. Mən də onları işdən çıxardım. Onlar da mənə qarşı kampaniya aparırlar”.

Eşq olsun icra başçısına!!!

Icra başçısı onların adını çəkməsə də araşdırmalar zamanı kimləri ittiham etdiyini öyrənə bildik. N.Quliyevin ittiham etdiyi sabiq müavinləri Ceyhun Həsənov və Hacı Məhəmməd Aşurovdur.
Ceyhun Həsənovun başçının ittihamlarına münasibətini öyrənə bilməsəm də Hacı Məhəmməd Aşurovla əlaqə yarada bildim. M.Aşurov 60 min manatdan xəbərsiz olduğunu deyir: “Mənim N.Quliyevə böyük hörmətim var. Inanmıram ki, hörmətli icra başçısı belə söz desin. O elə səviyyənin yiyəsi deyil ki, mənim haqqımda belə desin. Səhhətimlə əlaqədar ərizə yazıb işdən çıxmışam. Icra başçısı ilə heç bir konfliktim yoxdur”. 
Işin maraqlı tərəfi odur ki, hadisə baş verən gündən bu yana N.Quliyev işini “sahmana” sala bilib. Mərhumun yaxınları ilk gündə başçını bu olayda ittiham edirdisə, indi hamı susub. Mərhumun yaxınları ilə yanaşı, ittiham etdiyi müavinləri də…
Faiq Abdullayevin intiharı ilə bağlı başqa bir məlumat da var. Məlumata görə, icra başçısı mərhumdan 60 min dollar (52 min manat) alaraq onu yenidən baş həkim vəzifəsinə təyin edəcəyinə söz verib. Amma nədənsə bu sövdələşmə baş tutmayıb.
Rayonda yayılan məlumatlardan biri də F.Abdullayevin Bakıdakı evinin birini satması, digərini isə girov qoymasıdır. Yayılan xəbərlər də bunu təsdiqləyir: “Icra başçısı xəstəxananın təmiri üçün dövlətdən ayrılan pulu mənimsəyib və təmir işlərini F.Abdullayevə öz hesabına aparmasını tapşırıb ki, mənimsədiyi pulları onun adına yazsın”.

***

Hava qaralıb. Artıq Bakıya yola düşürəm. Qəfildən telefonumda icra başçısının nömrəsi görünür:

– Mən bütün günü kənddə olmuşam. Telefon da orda tutmur (Axı mən də Cəmillidə olmuşam, orada telefon yaxşı tuturdu – R.D.). Getmişdim mərhumun ailəsinə baş çəkməyə. Şəhərdə hamıya – prokurorluğa, polisə, baş həkimə tapşırmışdım ki, sizin suallarınıza cavab versin. Qarşılayan oldumu?

Cavabım qısa və konkret oldu:

– Xeyr! Sizinlə birgə hamı rayondan qaçıb getmişdi.

– Sizin nə vaxt rayona gəlmək planınız olsa, mənə xəbər edin. Hər şey yaxşı olacaq.

– Yeni məlumatlar əldə etmişik. Münasibət bildirməyinizi istərdim.

– Sabah mütləq adam gələcək, sizinlə görüşəcək.

– Adamın gəlməsi yox, açıqlama verməsi lazımdır. Ən yaxşı açıqlamanı elə siz verərsiniz.

– Sabah zəng edəcəm…

Bəli, sabah da oldu. Amma telefon yenə bağlıdır. Hə, nə olsun, Allahın o qədər sabahı var ki…

Ramin DEKO,
Bakı-Tərtər- Goranboy-Bakı