“Bu ölkədə əksər kriminal fəaliyyətin mənbəyi Əliyev hakimiyyətidir; öz adınızı başqasına qoymayın”
Azərbaycan Xalq Cəbhəsi Partiyası gənc üzvü Rahib Hacıyevin şərlənərək həbs olunması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
21 iyulda AXCP-nin Gənclər Komitəsinin fəal üzvü, sosial mediada və real həyatda avrotitar rejimə qarşı barışmaz münasibəti ilə seçilən Rahib Hacıyev həbs edilib. Həbsinin motivləri saxta, qurama olmaqla yanaşı, onun həyata keçirilməsi də ciddi qanun pozuntusu ilə aparılıb. Narkotik satmaqda təqsirləndirilən cəbhəçi gənc iki gün istintaq orqanları tərəfindən gizlədilib, ona keyfiyyətli hüquqi yardım almaq imkanı verilməyib, yaxınları onun nəyə görə ittiham olunmasından xəbərsiz saxlanıb.
AXCP Rahib Hacıyevə verilən ittihamı tamami ilə rədd edir, bunu hakimiyyətin növbəti səviyyəsiz, cılız addımı kimi dəyərləndirir. AXCP xatırladır ki, həbsindən əvvəl Rahib Hacıyev dəfələrlə polisə dəvət edilərək hədələnib, onunla müxalifətdən aralanmaq barədə söhbətlər aparılıb, bütün bunlarla bağlı məlumatlar mətbautda da əksini tapıb. Hakimiyyətin təzyiqləri, hədə və şirnikləndirmələri qarşısında geri çəkilmədiyinə görə R.Hacıyevin açıq-açığna şərlənməsinə qərar verilib ki, bu da cəmiyyətə meydan oxumaqdır.
AXCP qətiyyətlə bəyan edir ki, hakimiyyətin öz rəqiblərinə qarşı bu cür rəftarı nadalığın əlamətidir və heç zaman belə çirkin kampaniya partiyanın nüfuzunu zədələmək, onu haq bildiyi mübarizə yolundan saxlamaq gücündə olmayacaq. AXCP və bütün cəmiyyət əmindir ki, bu ölkədə əksər kriminal fəaliyyətin mənbəyi, ilhamvericisi Əliyev hakimiyyəti olduğu kimi, narkoticarət də istisna edilməməlidir. “Vikiliks” də Azərbaycan hakimiyyətinin narkomaniya və narkoticrətə qarşı mübarizədə maraqlı olmadığını sübut edən mötəbər sənədləri üzə çıxarıb. Hüquq-mühafizə orqanlarında ifşa olunan Hacı Məmmədovun dəstəsi və hələ azadlıqda dolaşan rütəbli cinayətkarların ifşa olunmayan fəaliyyətləri də narkoticarətdən kənar deyil. Bütün bunları xatırlatmaqla AXCP hakimiyyətə ağlını başına toplamaq, öz adını başqasına qoymamaq çağırışı edir.
AXCP şərlənərək həbs olunan Rahib Hacıyevin azad edilməsini və ümumiyyətlə, rəqiblərə qarşı ləyaqət və mənəviyyatdan kənar, qanunsuz davranışa son qoyulmasını tələb edir.


