Azərbaycan hakimiyyəti jurnalistlərin söz azadlığı kimi fundamental bir hüququnu nəhayət bu il onların “kirayədən azad olunması” səviyyəsinə endirə bildi. Ev alanlarla söhbət artıq bəllidir, “haqqımızdır” deyib dururlar. Guya ev almaq müəllimin, həkimin, fəhlənin, mühəndisin və başqalarının haqqı deyil. Konstitusiyanın 25-ci maddəsi “Bərabərlik hüququ”dur. Hər kəsin hüququ eynidir. Ona görə də, bu evləri alanlar Ilham Əliyevlə birləşib Konstitusiyanın həmin maddəsini pozmuş sayılırlar. Normal ədalət məhkəməsi istənilən fəhlənin şikayət ilə bu qərarı ləğv edib, həmin mənzilləri geri ala bilər.
Çünki mənzil hüququ da hamı üçün eynidir və Konstitusiyanın 38-ci maddəsinə görə, vətəndaşlar yalnız “xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir” və iş də ondadır ki, heç bir qanunda vətəndaşların jurnalist olduğuna görə əlavə sosial təminat hüququ qazanması nəzərdə tutulmur. Jurnalistlik əlillik və xəstəlik deyil. Üstəlik, qazanılmış sosial təminat hüquqları da hələ mənzil almaq hüququ deyil.
Lakin bundan da ağrılı məqam var. Icra hakimiyyəti başçısının, hakim partiya rəhbərinin mətbuat işçilərinə mülk paylaması Avropa Konvensiyasının prinsiplərinə, azad mətbuat anlayışına, libertian mətbuatın prinsiplərinə ziddir. Həm hüquqlara, həm mənəvi prinsiplərə qarşıdır. Bu, rüşvət və siyasi sövdələşmə də sayıla bilər.
Bu, təkcə peşə prinsiplərini satmaq deyil! Başqa tərəfdən yanaşsaq, ey həmkarlar, biz sizin evinizin olmasına qarşı deyilik. Biz sizin hamının ev ala biləcəyi bir Azərbaycanın qurulmasına əngəl olanların hiyləsinə qoşulmağınıza qarşıyıq. Biz indiyə qədər də mövcud hakimiyyəti ona görə tənqid edirdik ki, onlar sizi zəngin ölkənizdə ev almaq imkanından məhrum edib, özlərinə isə fantastik ölçüdə sərvətlər toplayıblar. Tutaq ki, sizin eviniz yox idi, qarşıdakı illərdə ev ala bilməyəcəkdiniz. Məgər bunun günahkarı hökumət deyilmi?
Sizin hamının mənzil ala bildiyi bir ölkədə yaşamaq hüququnuz var, amma ayrıca jurnalist olduğunuza görə mənzil almaq hüququnuz yoxdur. Bunu yaşadığınız ölkənin Əsas Qanunu deyir. Hətta adi məntiq də deyir. Çünki hüquq xeyriyyə payı deyil, dövlət isə xeyriyyə fondu, prezident də dövlət büdcəsi adlı xeyriyyə fondunun rəhbəri deyil!
Hələ o da var ki, biri üçün ev problemi əsasdır, o birinin evi olar, amma övladının sağlamlığı bir evin pulunu tələb edə bilər, digərinin atasının xəstəliyi bundan ağır xərc tələb edə bilər. Ona görə də oğlunun payızdakı toyunu əməkdaşının mənzil almasından önə qoyanların sırasına girməklə nə etdiyinizin fərqində olmalısınız! Onsuz da olmayan hüququ hərə öz qabağına çəkə bilərdi və çəkdi də.
Siz yenə də öz haqqınızı aldığınızı deyə bilərsiniz, amma başqalarının haqqını yeyən hökumətin siyasətinə və özbaşınalıqlarına yardım etdiniz. Bəs niyə xalqı susduranlar, mətbuatı boğanlar “söz azadlığının qeydinə qalırıq!” deyə öyünməlidirlər?
Siz “öz haqqımızdır” deyərək bu evləri almaqla, Ilham Əliyevə imkan yaratdınız ki, xalqın sərvətlərini talayan siyasətini daha əminliklə davam etdirsin və tez-tez də sizə verdiyi evlərlə “xalqın qeydinə qalırıq” deyə öyünsün. Bəs ölkədən oğurlanan milyardlar yadınıza düşürmü?
Çirkab içində üzən, hələ nə qədər güclü olsa da, mənəvi uçuruma yuvarlanan, böyük korrupsiya əməlləri təkzibedilməz sübutlarla açılan bir rejim sizə verilən evlərlə ictimai rəydə dirçəlməyə cəhd edir. Dirçələ bilməz, amma hələlik bunu bilin ki, jurnalistləri bəsləyirlər ki, qəzetlərin evsiz (köşksüz) qoyulması siyasətini davam etdirsinlər… Sizə ev verirlər ki, mətbuatın və xalqın evini yıxsınlar.
Yoxsa bir düşünün, siz eviniz yoxdur deyə o evləri aldınız, bəs o evləri verən niyə verdi? Onun məqsədi nədir? O niyə ev paylayır?