Onun keçmiş həyat yoldaşının ikinci xanımına qarşı qaldırdığı iddia nəyə xidmət edir?
“Azadlıq”ın ötən saylarında Milli Şuranın Beynəlxalq komissiyasının sədri, keçmiş deputat Gültəkin Hacıbəyliyə qarşı hakimiyyətin apardığı kampaniyanı ifşa edən fakt dərc etmişdik. Söhbət Gültəkin Hacıbəyliyə qarşı müxtəlif iddialarla çıxış edən keçmiş əri Mahmud Mehdiyevin bacısı Aynurə Mehdiyevanın insan alverində şübhəli bilinərək saxlanmasından gedir. Bu məlumatı Daxili Işlər Nazirliyi iyunun 13-də yayıb.
Xəbər bir sıra mətbuat orqanlarında da dərc edilmişdi. DIN-in yaydığı həmin məlumatda deyilirdi: “13 iyun tarixində DIN-in Insan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin may ayının 20-dən iyun ayının 10-dək olan müddət ərzində Bakı şəhər sakini Aynurə Mehdiyevanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Filippin vətəndaşını (28 yaşlı qadın) dayə qismində dəvət etməsi, ona fərdi iş icazəsi almadan şəxsiyyətini təsdiq edən sənədini götürərək zor tətbiq etməklə əməyinin istismar olunması faktı müəyyən edilib”.
“Azadlıq”ın araşdırmaları zamanı bəlli olmuşdu ki, Aynurə Mehdiyeva Gültəkin Hacıbəylinin keçmiş baldızıdır. Maraqlıdır ki, Aynurə Mehdiyevanın saxlanması ilə Gültəkin Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədovanın ona qarşı pul iddiası eyni vaxta təsadüf edir. Aynurə Mehdiyevanın sonradan sərbəst buraxılması hakimiyyətlə Mehdiyevlər ailəsi arasında Gültəkin Hacıbəyliyə qarşı anlaşmanın olduğunu deməyə əsas verir. Bir məqamı da qeyd edək ki, bu məlumat dərc edildikdən sonra rəsmi qurumlardan heç bir reaksiya gəlməyib. Xüsusilə DIN məsələ barədə susmağa üstünlük verir, sanki belə bir adam saxlanmayıbmış.
Bir neçə gün əvvəl isə Mahmud Mehdiyevin növbəti dəfə məhkəməyə müraciət etdiyi barədə məlumat yayılıb. Həmin məlumatda bildirilir ki, Mahmud Mehdiyev məhkəmə qaydasında ikinci həyat yoldaşından olan övladlarının da ona verilməsini tələb edir. Xəbərdə deyilir ki, onun ikinci həyat yoldaşı Şamaxı rayonunun sabiq prokuroru Füzuli Musayevin qızıdır.
Əldə etdiyimiz məlumatlara görə, Mahmud Mehdiyevin ikinci həyat yoldaşına qarşı da övlad iddiası qaldırması səbəbsiz deyil. Bildirilir ki, hakimiyyət baş verənlərin siyasi motiv daşımadığı, Gültəkin Hacıbəyliyə qarşı hansısa qərəzdən irəli gəlmədiyi görüntüsü yaratmaq istəyir.