“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” Ictimai Birliyi regionlarda seçicilərin maarifləndirilməsi məqsədilə layihə həyata keçirir. ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən maliyyə dəstəyi verilən layihə çərçivəsində azad və ədalətli seçkilərin vacibliyinə dair yerli və beynəlxalq hüquqi normalar haqqında seçicilər məlumatlandırılır. Bu barədə iyulun 23-də keçirilən mətbuat konfransında birliyin prezidenti Elçin Məmməd məlumat verib:
“Əsasən Sumqayıt, Gəncə və Lənkəran şəhərlərini əhatə edəcək layihənin məqsədi seçici fəallığının artırılmasıdır. Layihə çərçivəsində yerli telekanallarda ”Prezident seçkiləri-2013. Vətəndaş məsuliyyəti” adlı teledebatlar təşkil olunacaq. Bu verilişlərdə azad və ədalətli seçkilər keçirməyin ölkə üçün əhəmiyyəti və seçici fəallığının demokratik seçkilər üçün vacib şərt olmasına dair müzakirələr keçiriləcək”. E.Məmməd həmçinin, qeyd edib ki, əhalinin seçki zamanı fəallığının zəruriliyi, seçicilərin seçkilərə cəlb edilməsi, seçici siyahılarının vətəndaşların özləri tərəfindən yoxlanılmasının vacibliyini əks etdirən videoçarxlar hazırlanıb və seçki ərəfəsində yerli telekanallarda yayımlanacaq. Videoçarxlar mətbuat konfransında nümayiş etdirilib.


