“Hakimiyyət uduzacağına əmindir”

«Dünyada prinsipləri hər şeydən üstün tutan və pula satılmayan insanlar hələ də var»

Leyla Yunus: «Vahid namizəd olduğu halda, ehtiyat namizədlik hakimiyyətin oyun qaydalarına uyğun hərəkət etməkdir»

Hakimiyyət ABŞ Konqressinin Helçinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələrin əhəmiyyətini aşağı salmağa çalışsa da, iqtidarın reaksiyası əslində reallığın tam fərqli olduğunu deməyə əsas verir. Azərbaycanla bağlı reallıqların açıq formada ifadə olunan dinləmələrin adının da “problemli partnyor – Azərbaycanda güclənən avtoritarizm” seçilməsi təsadüfi qiymətləndirilmir. Müsahibimiz hüquq müdafiəçisi Leyla Yunus da ABŞ-da keçirilən dinləmələrin əhəmiyyətini yüksək dəyərləndirirək, bu müzakirələrin hakimiyyətə bir mesaj olduğunu düşünür:

– ABŞ Helsinki Komissiyasında aparılan dinləmələr barədə məlumatla tanış olanda mən hakimiyyətin açıq-aşkar yalan mövqedən çıxış etməsinə heyran qaldım. Halbuki mən neçə illərdir onların bu istiqamətdəki arqumentləri ilə tanışam. Həm səfir Elin Süleymanov, həm də Səməd Seyidov ölkə reallıqlarını səhv təqdim edirdilər. Amma müzakirələrin gedişi ABŞ-da Azərbaycan reallıqları barədə dolğun informasiya olduğu açıq göründü. Azərbaycanda sərbəst toplaşmağa imkan verilmədiyi, siyasi baxışlarını açıq formada ifadə etdiklərinə görə insanların qondarma ittihamlarla həbsə atıldığı Qərbə yaxşı məlumdur. Amma bütün bu reallıqlara baxmayaraq hakimiyyət ölkədə söz və mətbuat azadlığının təmin edildiyini, sərbəst toplaşmağa imkan yaradıldığını, hətta siyasi məhbusların olmadığını bəyan edir. Belə açıq şəkildə yalan danışmaq bir sıra məqamlardan xəbər verir. Deməli hakimiyyət həm yerli, həm də xarici ictimaiyyət üçün bəlli olan məlum həqiqətləri inkar edəcək. Hakimiyyət eyni zamanda bununla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini, demokratik islahatların keçiriləcəyi ilə bağlı vədlərini icra etməyəcəyini nümayiş etdirir. Hakimiyyət yenə siyasi rəqiblərinə qarşı yalnız zor müstəvisində mübarizə aparmağa üstünlük verəcək və əsas arxalandığı qüvvə hüquq-mühafizə sistemi olaraq qalacaq. Əslində dövlət başçısının polislər qarşısındakı çıxışı məhz bu cür yozulmalıdır. Belə bir şəraitdə ABŞ səfrinin dediyi kimi azad və ədalətli seçkilər gözləməyə dəyməz.
Dünyada prinsipləri hər şeydən üstün tutan və pula satılmayan insanlar hələ də var. Və bu insanlar Azərbaycanla bağlı dinləmələr keçirilən zaman müzakirələrdə iştirak edirdilər. Belə prinsipial insanlar Avropa Paralamentində və Azərbaycana qarşı insan haqları, demokratiya məsələsində sərt mövqe tutan bütün təşkilatlarda var. Amma elə insanlar da var ki, onlar üçün əsas olan özlərinin maliyə durumudur. Bax bu insanlar böyük məmnuniyyətlə kriminal-korrupsioner rejimlərdən pul alırlar. Bu insanlar Azərbaycan hakimiyyətinin arqumentlərinə dəstək verir. Ona görə dinləmələrdən belə nəticə çıxarmaq olar ki, beynəlxalq aləm Azərbaycanda gücü olan qüvvələri dəstəkləyəcək. Güc isə cəmiyyətin dəstəklədiyi qüvvənin tərəfində olacaq. Əgər bizim vətəndaşlar seçkidə aktiv olacaqlarsa, deməli Azərbaycanda dəyişiklik baş verəcək.

– Dinləmələrdəki sərt tonun seçkidə də ABŞ tərəfindən təkrarlanmasını gözləmək olarmı?
– Heç bir şübhə yoxdur ki, 2003 və 2008-ci il seçkilərindəki kimi dövlət başçısının “təyinatına” beynəlxalq aləmdən, xüsusilə ABŞ-dan susqun münasibəti bir daha görməyəcəyik. Əgər mövqe dəyişikliyi baş verməsəydi o zaman heç dinləmələr də keçirilməz, Dövlət Departamentinin rəsmiləri Bakıya gəlməzdilər. Ona görə hakimiyyət təmsilçiləri də ehtiyat namizəd kimi Mehriban Əliyevanın namizədliyini gündəmdə saxlayırlar. Hakimiyyət başa düşür ki, rəsmi Vaşinqtonun mövqeyi 2003 və 2008-dən fərqli olaraq dəyişib. Bu açıq-aydın görünür. Amma ABŞ-dan Azərbaycan hakimiyyətinə münasibətin nə dərəcədə sərt olacağı vətəndaş cəmiyyətinin mövqeyindən asılıdır.

“Rüstəm İbrahimbəyov asanlıqla qalib gələcək”

– Rüstəm İbrahimbəyova qarşı çirkin kampaniya davam edir. Bu kampaniyada hakimiyyət ona da eyham vurur ki, Rüstəm Ibrahimbəyovun prezidentliyə namizədliyi qeydə alınmaya bilər. Müxalifətin əsas namizədinin qeydə alınmaması nə demək olacaq?
– Bu açıq şəkildə onu göstərəcək ki, hakim rejim nəinki müxalifətin namizədindən qorxur, hakimiyyət eyni zamanda 100 faiz əmindir ki, cəmiyyət onu dəstəkləmir və onun əleyhinə səs verəcək. Rüstəm Ibrahimbəyov Ilham Əliyevə seçkidə qalib gələ biləcək namizəddir. Hakimiyyətin qorxusu məhz bundan irəli gəlir ki, Rüstəm Ibrahimbəyov asanlıqla daha çox səs qazanacaq. Ona görə hakimiyyət sadəcə olaraq müxalifətin əsas namizədini qeydə almamağa çalışır.

– Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaya biləcəyi riskini bir sıra siyasi qüvvələr qabardaraq, Milli Şurada təmsil olunsalar da öz namizədlərini də gündəmdə saxlayırlar. Bu tendensiyaya münasibətiniz necədir?
– Bu məğlubiyyət əhval-ruhiyyəsidir. Seçki siyasi mübarizədir. Qələbəyə inanan sonda zəfər çalır. Əgər sən qələbəyə inanmırsansa, o zaman mübarizəni uduzmusan. Əgər indidən düşünülürsə ki, müxalifətin vahid namizədi qeydə alınmaya bilər və biz o zaman başqa addımlar atmalıyıq. Bu artıq hakimiyyətin qurduğu tələyə düşmək deməkdir. Milli Şuradan vahid namizəd olduğu halda, ehtiyat namizədlik hakimiyyətin oyun qaydalarına uyğun hərəkət etməkdir. Bu düşmənin qurduğu yol ilə getmək, onun ssenarisi ilə oynamaq deməkdir.

– İlham Əliyev son müşavirədə Brüsselə səfərinin yekunlarına toxunaraq, məmnun qaldığını bildirsə də, Avropa Birliyini və digər strukturları tənqid etməyi unutmayıb. O, bildirib ki, Azərbaycana qarşı beynəlxalq aləmdə qərəzli mövqeyi 30-40 dövlət formalaşdırır. Amma bundan narahat olmağına dəyməz…
– Bu bəyanatda qeyri-adi heç nə yoxdur. Əgər biz bütün diktatorların bəyanatlarına diqqət yetirsək, oxşar tezisləri görərik. Məsələn, Şimali Koreya, Kuba, Türkmənistan diktatorları həmişə bəyan ediblər ki, onlara qarşı qərəzli mövqe sərgilənir və dünyada onlardan yoxdur. Beynəlxalq aləmin mövqeyi heç nəyi həll etmir. Diktatura sərtləşdikcə, diktatorlar situasiyaya adekvatlığı itirdikcə, bu cür bəyanatlar daha ağlasığmaz olur. Hazırda da Ilham Əliyev Brüsseldə çıxışlarında Azərbaycanın Avropanın bir hissəsi olmağa çalışdığını bəyan etsə də, digər bir tərəfdən anlayır ki, Qərb diktatura rejimlərini qəbul etmir. Ilham Əliyevin bəyanatları avtoritar rejimlərin tipik ritorikasıdır.

“Rüstəm İbrahimbəyovun namizədliyi dünyada maraq doğurub”

– Bu arada Rüstəm Ibrahimbəyov Avropada mühüm görüşlər keçirməyə hazırlaşır. Ümumiyyətlə Rüstəm Ibrahimbəyovun son səfərlərinin məqsədi Azərbaycanda keçiriləcək seçkilərə beynəlxalq aləmin diqqətini cəlb etməkdir. Bu baxımdan bu səfərlərin əhəmiyyətini necə dəyərləndirmək olar?
– Mənim bu yaxınlarda Brüsseldə Insan Haqları Komitəsində çıxışım oldu. Səfərim zamanı Avropa Parlamentinin deputatları ilə də görüşüm oldu. Mənə daha çox verilən sual müxalifətdən vahid namizədin olub-olmayacağı ilə bağlı idi. Hələ Rüstəm Ibrahimbəyovun namizədliyi irəli sürülmədiyi zaman, mən belə bir təşəbbüsün olduğunu vurğuladım. Bu zaman mən müxalifətin vahid namizədlə seçkilərə getməsinə böyük marağın olduğunu hiss etdim. Daha sonra isə Rüstəm Ibrahimbəyovun namizədliyi dəqiqləşəndən sonra mən onun barəsində ətraflı məlumat verməyə başladım. Amma bir var mən onun barəsində danışım, biri var o özü görüşlər keçirsin və Milli Şuranın məqsədlərini izah etsin. Ona görə düşünürəm ki, Rüstəm Ibrahimbəyovun səfərləri düzgün və düşünülmüş, nəticə verəcək addımlardır.

– Hakimiyyət funksionerləri onlar üçün ən asan namizədin Rüstəm Ibrahimbəyov olacağını bəyan etsələr də, hər gün ona qarşı rəsmi qəzetlərdə 10-a yaxın material dərc olunur…
– Hakimiyyət ciddi təşviş içindədir. Rüstəm Ibrahimbəyovun namizədliyi onlarda böyük narahatlıq yaradıb. Sülh və Demokratiya Institutu vaxtaşırı olaraq ölkə reallıqlarını əks etdirən video çarxlarla çıxış edir. Ölkə reallıqlarını əks etdirən həmin video çarxlar bizim saytda və sosial şəbəkələrdə yerləşdirilir. Sonuncu video çarxımız Rüstəm Ibrahimbəyova həsr olunacaq. Bu video çarx nəyə görə məhz Rüstəm Ibrahimbəyovun vahid namizəd olduğunu izah edir. Onun həyat yolunu, yaradıcılığını göstərir. Bu videoda bir maraqlı kadr var. Həmin kadrda AXCP-nin gənc fəalı Vüqar Aslanov heç nə demədən səssiz etiraz edir. Onun bu etirazı belə polislərin hiddətinə səbəb olur. Bu isə onu göstərir ki, Azərbaycanda hakimiyyət baş verənlərə nəinki adekvat deyil. Iqtidar hətta tək bir insandan qorxur. Hakimiyyət öz vətəndaşından qorxur.

“Hakimiyyət Gebbelsin yolu ilə gedir”

– Siyavuş Novruzov son açıqlamasında bildirib ki, Azərbaycanda siyasi məhbus problemi yoxdur və hüquq müdafiəçiləri hətta toyuq oğrusunu belə siyasi məhbus kimi təqdim etməyə çalışırlar…
– ABŞ-ın Helsinki Komissiyasında Səməd Seyidovun və Elin Süleymanovun da çıxışı Siyavuş Novruzovun dediklərinin davamıdır. Hakimiyyət açıq formada yalan danışır. Bu Gebbelsin siyasətidir. Diktator rejimləri tarix boyu dəyişmirlər. Qədim Roma diktatoru Sulladan başlayaraq Hitler Almaniyasına, Türkmənistana qədər bütün rejimlərin mahiyyəti eyni olub.

– Hazırda paytaxtda növbəti söküntülərə başlanılıb. Amma bu ərəfədə Bakı meriyası 500 minə yaxın sənədsiz tikililərə müvafiq sənədlər verməyi düşünür. Ekspertlər hesab edir ki, burada məqsəd məhkəmə çəkişmələrində rüşvət verilən müxtəlif məmurların adının hallanmasının qarşısını almaqdır?
– Bakıdakı söküntülər və şəxsi əmlakın vətəndaşların əlindən alınması ilə bağlı problemlər Sülh və Demokratiya Institunun araşdırma istiqamətlərindən biridir. Digər istiqamət isə dövlət məmurları tərəfindən qanunların pozulmasıyla bağlı faktların toplanmasıdır. Məsələn, bizim təşkilatın əlində Hacıbala Abutalıbov, Kərəm Həsənovun konkret qanun pozuntuları ilə bağlı kifayət qədər fakt var. Bütün bu faktlar sosial şəbəkələrdə yayılmaqla yanaşı, hüquqşünaslar tərəfindən incələnərək beynəlxalq təşkilatlara hesabat formasında göndərilir. Digər tərəfdən “Eurovision”dan başlayan söküntü prosesinin beynəlxalq mediada da araşdırılması davam edir. Artıq xarici QHT-lər, jurnalistlər özləri təşəbbüslər göstərərək tarixi abidələrin, binaların dağıdılmasıyla bağlı faktların üzə çıxarılmasını istəyirlər.

Xəyal