Rüstəm İbrahimbəyovun gəlişindən narahat olan iqtidar onun həbs olunacağı barədə məlumatlar yayır
Milli Şuranın sədri, müxalifət koalisiyasının prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun həbs olunacağı ilə bağlı xəbər yayılıb. Hakimiyyətə yaxınlığı ilə seçilən “Olaylar”ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata əsasən, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Azərbaycana qayıdacağı təqdirdə həbs olunacaq. Belə ki, Vergilər Nazirliyinin onun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqında apardığı yoxlama nəticəsində vergidən yayınma və vəsaitlərin mənimsənilməsinə dair faktlar aşkarlanıb. Faktla əlaqədar başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və materiallar Baş Prokurorluğa təqdim edilib. Baş Prokurorluğun yaxın günlərdə Rüstəm İbrahimbəyov barədə cinayət işi qaldıracağı gözlənilir. Bu da onu deməyə əsas verir ki, Rüstəm İbrahimbəyov Azərbaycana qayıdacağı təqdirdə həbs ediləcək.
Baş Prokurorluq istintaq sirri olduğundan hazırda məsələ ilə əlaqədar hər hansı məlumat verməyib.
“Azadlıq”a daxil olan xəbərə görə isə Rüstəm İbrahimbəyovun həbsi barədə məlumatın yayılması məqsədyönlüdür. Milli Şuranın vahidi namizədi iyulun 30-da Bakıya dönəcəyini bəyan edib. Hakimiyyət isə bundan ciddi narahatdır. Rüstəm İbrahimbəyovun Azərbaycana dönüşünü əngəlləmək imkanında olmayan iqtidar bu tip təxribat xarakterli məlumatları dövriyyəyə buraxmaqla Milli Şura daxilində gərginlik yaratmaq, eyni zamanda cəmiyyətin demokratik qüvvələrə inamını sarsıtmaq istəyir.
Məlumatda bildirilir ki, bu tip təxribatların bundan sonra da davam edəcəyi gözləniləndir.