“Rusiya qorxusu” piardır”

Çingiz Hüseynov: “Müstəqilliyimizin ən birinci “düşməni”… biz özümüzük!”

Məşhur yazıçı Azərbaycan və Rusiya prezidentlərinə nə deyərdi?

Rusiyada yaşayan azərbaycanlı yazıçı, professor Çingiz Hüseynov “Media forum” saytının suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

– Çingiz müəllim, 20 ildən çoxdur SSRİ dağılıb və bu nəhəng imperiyanın əsarətində olan bəzi xalqlar, eləcə də Azərbaycan xalqı öz müstəqil dövlətini qurub…
– Bağışlayın, sözünüzü kəsirəm: mən “əsarət” sözünü milli baxımdan Azərbaycan Demokratik Respublikasına qədər olan dövrə aid edərdim – lap yerinə düşərdi. Amma sovet illərinə aid bu sözü dilimə gətirməzdim, ya da bu anlama başqa don geydirərdim: biz hamımız, rusların özləri də, milli yox – ideoloji-mənəvi əsarətin qurbanıydıq, inqilabın bizə və digər milli xalqlara (rus millətindən fərqli olaraq, çünki inqilab məhz onların belini sındırdı) çox böyük xeyri dəydi, o dövrdə biz həm az-çox dövlətçilik təcrübəsini qazandıq (Mustafayev-Axundov-Əliyevlər), həm də hərtərəfli inkişaf etdik (elm, sənət, təhsil, dil, ədəbiyyat və sair: Vurğunlar-Rzalar-Maqomayevlər, Qaşqaylar… – siyahı çox uzundur!)  və bunu danmaq-unutmaq qətiyyən olmaz…

– Necə bilirsiniz, keçmiş sovet respublikalarının, eləcə də Azərbaycanın dövlət müstəqilliyi məsələsini həll olunmuş saymaq olarmı, yoxsa Rusiya nə vaxtsa yenidən imperiyanın sərhədlərini genişləndirmək üçün xalqların üzərinə qoşun çəkə bilər? Rusiyanın indi belə bir planı varmı, gələcəkdə ola bilərmi, yoxsa Rusiya bundan sonra imperiya ambisiyasını keçən əsrlərdə olduğu kimi birbaşa işğallarla yox, dolayı yolla – milli dövlətləri süquta uğratmadan, onları yalnız öz təsiri dairəsində saxlamaqla reallaşdırmağa çalışa bilər? Ancaq xüsusilə Vladimir Putin öz hakimiyyətini möhkəmlədəndən bəri Rusiyanın imperiya ambisiyalarını hərbi yolla reallaşdırmaq, SSRİ-ni başqa ad altında bərpa etmək cəhdləri sezilir. Bu baxımdan siz Azərbaycan dövlətinin varlığına təhlükə görürsünüzmü?
– “Rusiya qorxusu” – piardır, bizə aid heç bir təhlükə görmürəm. Rusiyanın aldadıcı hay-küyü var, əslində isə o, hərbi-iqtisadi cəhətdən də, ruhən də keçmiş imperiyasını hər hansı formada bərpa etmək halında deyil, çünki özü təhlükələr qarşısındadır. Ən ümdəsi də – Rusiyanın içəridən parçalanması qorxusudur, bu da dünya hadisələrinin gedişinə bağlıdır, təsadüfə bənddir.
Qurduğumuz müstəqil dövlətin varlığı yalnız və yalnız bizim özümüzə bağlıdır. Müstəqilliyimizin ən birinci “düşməni”… biz özümüzük! Amma Rusiyanın “təsir dairəsi” tendensiyasında haqlısınız, bu da bizim gənc, hətta bəzi məsələlərdə cocuq bir dövlət olmağımızdandır, yalnız özümüzə arxalanmaq azdır: Amerika uzaq, Türkiyə öz hayında, İran əslində düşmənimiz… qalır Rusiya, amma o da işğalçı düşmənimizin dostudur, qaranoydular (bakılıların sözüdür), Məmmədəmin Rəsulzadə demişkən, diplomatik məharətimizi göstərməliyik, bu sahədə hələlik uduzmaqdayıq, çünki fikrimizin-niyyətlərimizin yüzdə doxsan doqquzu (yanılmaq istərdim) qazanc, vəzifə, “napoleonçuluq” intriqalarının yanındadır, məcazi desək, “heykəlqoyma” ilə məşğuluq.

– Müstəqillik barədə sualı təsadüfən vermirik. Əslində çoxları elə düşünürdü ki, bu məsələ artıq həllini tapıb… Bu haqda nə deyə bilərdiniz?
– Biz və bizə bənzər başqaları hələlik formaca müstəqilik, amma məzmunca – yox. Hələ bişməkdəyik.

– Keçmiş sovet respublikalarının bir ciddi problemi də demokratiyadır. İmperiyasının böyük bir ərazisini itirmiş Rusiyada və vaxtilə bu ərazidə olmuş, 20 ildən çoxdur dövlət müstəqilliyini bərpa etmiş ölkələrdə, eləcə də Azərbaycanda niyə həqiqi demokratiya yoxdur? Sizcə, milli azadlıq uğrunda vuruşan xalqların nümayəndələri fərdi azadlıqlar uğrunda vuruşmağa həmişə məhkumdurlarmı, yoxsa milli azadlıq mərhələsi ilə fərdi azadlıq mərhələsi arasında avtoritarizm durmaya da bilər?
– Nəzəri baxımdan haqlısınız, tək-tükləri bunu dərk edirlər, millət, deyəsən, son vaxtlar ayılmaqdadır, amma qəti deyə bilmərəm: demokratiya yolunumu seçmək istəyir, avtoritarizminmi aşiqidir… Tez-tez ölməz Mirzə Fətəlinin dahi “Aldanmış kəvakib” süjetini yad edirəm… Mirzə Fətəlinin xalq haqqındakı fikirləri təkcə İrana yox, bizə də, hətta Rusiyanın özünə də (dörd əsr keçsə də!) aiddir.

– Demokratiyanın və diktaturanın bərqərar olunması prosesində liderlərin rolu nə dərəcədə həlledicidir? Güclü demokratik lideri güclü avtoritar liderə uduzduran əsas səbəblər hansılardır?
– Millət-xalq-kütlə – bu anlamlar son illərdə bəşəriyyəti çaş-baş salıb, xalq birdən dönüb qara kütləyə çevrilir, millət yadlaşır, tanınmaz olur… Nə isə! Hansı lider udur, hansısa uduzur… – bunu bilmək üçün demokrat ruhlu ölkələr bizə debatlar-seçkilər yolunu göstərir ki, bilək kimdir millətin lideri. Amma həm Azərbaycanda, həm də ikinci vətənim olan Rusiyada seçkilər elə saxtalaşdırılır ki, bilmirsən “lider” nəmənədir…

– Diktatura qurmadan xalqı demokratiyaya məcbur etmək mümkündürmü? Yoxsa xalqı məcbur etmək artıq diktatura deməkdir?
– Dediyim mənada milləti-xalqı çiy-kal, yəni bişməmiş-dəyməmiş halında əsl demokratiyaya məcbur etmək qeyri-mümkündür. Amma çox vaxt diktatura aləminə könüllü gedir, çünki buna əsrlər boyu adət edib. Sovet dövründə SSRİ-nin paradokslarına aid belə bir lətifə vardı: hamı quruluşu söyür, lakin eyni vaxtda hamı yekdilliklə söydüyü bu quruluşu dəstəkləyir. 

– Azərbaycanlıların vətəndən qıraqda ən çox yaşadığı ölkə Rusiyadır. Rusiyada yaşayan azərbaycanlılarla vətəndə yaşayan azərbaycanlıların arasında xarakterik fərqlər varmı? Ailəyə, vətənə, dostluğa, biznesə, dövlət müstəqilliyinə, demokratiyaya, hakimiyyətə, Rusiya-Azərbaycan əlaqələrinə münasibətdə…
– Xoşbəxtəm: həyatımda – orda da, burda da – nümunə-ideal olan azərbaycanlılara (bu sırada, sözün açığı, özümü qətiyyən görmürəm) rast gəlmişəm, onlar çox olmasalar da, az da deyildilər, hər halda bir düjün ad çəkə bilərəm. Dünyasını dəyişənlərdən bəzilərinin adlarını yad edim – anam-nənəm-qardaşım-bacım-əmoğlumdan savayı: Süleyman Aşurlu, Bəbir Qənizadə, Adil Əfəndiyev, İsmayıl Alxazov, Qəzənfər Əliyev, İsmayıl Şıxlı, Nurəddin və Azərtac-xanım Babayevlər, Əzizə Cəfərzadə, Natəvanın nəticəsi Knyaz Xasay Usmiyev, Ara Laçınlı, Midhət Abbasov, Toğrul Nərimanbəyov… – evimdə ondan yadigar – al-əlvan qızılgül şəkli.
Rusiyada yaşayan azərbaycanlıların çoxu millətdən də, vətəndən də  incikdir, necə deyərlər, ayı meşədən küsüb – meşənin xəbəri yox. Qayıda da bilmirlər, vətəndəki ailələrini necə dolandırsınlar? Rusiyada da yaşamaq zordur, yad torpaqdır, əzab çəkirlər. Dilə-adətlərə bağlı bəziləri isə buranı vətən seçib yaşamaqdadır.
Azərbaycanlı olduğundan utananlara, millətini gizlətməyə çalışanlara da rast gəlmək mümkündür, ruslaşmağa can atırlar, uşaqları dillərini itirməkdədir, daha nəvələri demirəm (hələlik bu qədər).

– Azərbaycan və Rusiya prezidentlərinə bir məktubla müraciət etməli olsaydınız, onlara nə deyərdiniz?
– Deyərdim: Ay aman!.. Qardaş deyilsinizmi? Bir-birinizə necə də oxşayırsınız!..