YAP icra katibinin müavini Siyavuş Novruzov “Qafqazinfo” saytına geniş müsahibə verib. Siyavuş Novruzov müxalifətə qarşı ənənəvi ittihamlarını daha sərt şəkildə dilə gətirib. Jurnalisitin “Ilham Əliyev müşavirədə ermənipərəst qüvvələr deyəndə kimləri nəzərdə tuturdu” sualına Siyavuş Novruzov özünəməxsus cavab verib.
YAP-çı deputat bildirib ki, Milli Şuraya toplaşan insanlar cəmiyyətin tör-töküntüsüdür, bu adamlar ermənidən də betərdir. Daha sonra Siyavuş Novruzov Leyla Yunus və onun kimi hüquq müdafiəçilərinin ermənilərlə eyni tərəzinin gözündə olduğunu bildirib. Siyasi məhbus adlanan adamların isə əslində toyuq oğrusu olduğunu iddia edib. Eyni zamanda YAP-çı deputat Rəhim Qazıyevi vətən xaini, Şuşanı satan adam adlandırıb.
“Özü toyuq oğurluya-oğurluya böyüdüyü üçün…”
Milli Şuranın üzvü Vidadi Mirkamal bildirdi ki, Siyavuş Novruzov o səviyyənin adamı deyil ki, onun fikirlərini şərh etmək lazım olsun: “Siyavuş Novruzov ağlına gələni yox, ağzına gələni danışır. Özü toyuq oğurluya-oğurluya böyüdüyü üçün, siyasi məhbus olan adamı toyuq oğrusu adlandırır. Bu adam hakimiyyətin süfrəsinin qırıntısından qidalanır və belə məqamlarda çıxardıb danışdırırlar. Siyavuş Novruzovun fikirlərinə geniş şərh vermək üçün gərək onun səviyyəsində olasan”.
“Ermənilərin ən yaxın dostu bu hakimiyyətdir”
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, hakimiyyət həmişə çətin vəziyyətdə olanda, rəqiblərinə qarşı tənqid, təhqir yolun tutur və bu hakimiyyətin mahiyyətini açıq göstərir: “Bu hakimiyyət Qarabağı erməniyə bağışlayıb və geri qaytarmaq üçün heç bir cəhd etmir. Bu da onu göstərir ki, ermənilərin ən yaxın dostu bu hakimiyyətin ”ideoloqlarıdır”. Indi də Milli Şura cəmiyyətə və hakimiyyətə dəyişiklik vədi verdiyi üçün narahat olublar. Bütün dünya oğru kimi bu hakimiyyəti tanıyır. Hələ, müxalifətçilərin Dubayda villası, ofşor zonalarda 48 milyard dolları, qızıl yataqları aşkarlanmayıb”.
“Bu hakimiyyətin sözçüsü Siyavuş Novruzovdursa…”
Rəhim Qazıyev Siyavuş Novruzova lətifə ilə cavab verdi: “Bir nəfər Molla Nəsrəddinin yanına gəlib deyir ki, ay molla, xətələnmişəm. Molla soruşur ki, haran ağrayır. Deyir ki, tüküm ağrayır. Soruşur nə yemisən. Deyir ki, buz yemişəm. Molla cavab verir ki, sənin nə yeməyin adam yeməyidi, nə də xəstəliyin adam xəstəliyidi. Mən də Siyavuş Novruzovu adam saymadığım üçün onun fikirlərinə cavab vermirəm. Əgər bu hakimiyyətin sözçüsü Siyavuş Novruzovdursa, mən bunların halına acıyıram”.
İlham Hüseyn