Sakinlərlə rayon rəhbərliyi arasında gərgin vəziyyət yaşanır
“Azadlıq”a Ağsu rayonundan müraciət daxil olub. Rayon sakinləri hazırda üzləşdikləri çətinlikdən bəhs edirlər: “Taxıl biçini vaxtı kombayn çatışmazlığı yarandı. Nəticədə Ağsunun 4 kəndində 2000 hektardan artıq taxıl sahəsi yandı. Hadisə baş verən gün icra başçısı Ənvər Seyidəliyev Azərbaycanı tərk etdi.
Hadisədən sonra rayonun Qəşəd, Ləngəbiz, Keçdiməz və Bico kəndlərinin taxıl sahəsi yanan sakinləri ayağa qalxdı. Etirazın artdığını görən Dövlət Sosial Müdafiə Fondunun sədri, icra başçısının bacısı oğlu Səlim Müslümov həmin kəndlərə gələrək sakinlərlə görüşdü və söz verdi ki, həmin kəndlərin hər birinə 5 ədəd kombayn göndərəcək. Səhəri gün kombaynlar gəldi. Amma sakinlər üçün yox. Kombaynlar Bico kəndi ərazisində icra başçısının əkdirdiyi 500 hektarı və Kəndoba ərazisində əkdiyi 750 hektar taxıl sahəsini biçməyə başladı. Sakinlərin qalan taxıl sahələrinə isə kombayn tapılmadı. Ikinci dəfə etiraz aksiyası keçirməyə cəhd edən sakinlər icra başçısının müavinləri tərəfindən polislə hədələndi. Sakinlərə bildiriblər ki, etiraz edən sakinlər həbs ediləcək.
Rayonda ikinci problem yol problemidir. Iki ay öncə Ağsu-Çaparlı-Padarçöl avtomobil yolu təmirə başlayıb. Yolun təmirinə 19 milyon manat vəsait ayrılıb. Yol həddindən artıq keyfiyyətsiz çəkilir. Təxminən 30 kilometr uzunluğu olan yol yaxın günlərdə tələsik başa çatdırılır. Tikintisi başa çatdırılmayan yolda artıq 10-12 yerdə çökmələr, iri çatlar əmələ gəlib. Icra başçısının “səyi” nəticəsində yolun tikintisi “Bina-Körpü-Tikinti” şirkətinə həvalə olunub. Tikintiyə nəzarət edənlərdən başqa yola ondan artıq qoluzorlu təhkim olunub. Onlar yolun keyfiyyətsiz çəkilməsinə etiraz edən sakinlərə hədə-qorxu gəlməklə onları susdurmaqla məşğuldur.
Asfalt yolun keçdiyi ərazilərdə yerləşən kəndlərin daxili yolları isə bərbad vəziyyətdədir. Icra başçısı əvvəlcə kənd yollarının bərpa ediləcəyinə söz versə də, sonradan bunu inkar edib. Bu isə yenidən sakinlərin etirazına səbəb olub. Sakinlər məsələ ilə bağlı etiraz aksiyası keçirməyə cəhd edəndə isə icra başçısı başqa üsula əl atıb. O, bu dəfə həmin kəndlərin icra nümayəndələrini və bələdiyyə sədrlərini hədələyərək camaatı zor gücü ilə yatırmağı tapşırıb. Hazırda rayonda etiraz dalğası böyümək üzrədir. Icra başçısı isə hər cəhdlə sakinləri susdurmağa çalışır. Bunun üçün artıq kəndlərə xüsusi adamlar da təhkim olunub. Həmin şəxslər kəndlərdə sakinlər toplaşmaq qərarı qəbul edərkən dərhal icra başçısına məlumat verir və dərhal xüsusi geyimli şəxslər həmin adamları susdurur”.
Sosial şöbə


