Beyləqan sakinləri torpaq istəyir

Müvafiq sərəncam olsa da, həyətyanı torpaq sahəsi almaq sakinlər üçün müşkülə çevrilib

Beyləqan rayonunun sakinləri adından “Azadlıq”a müraciət daxil olub. Ayət Ismayılov, Yasin Hüseynov, Rövşən Alışlı, Seymur Həsənov, Vüqar Əliyev də daxil olmaqla, ümumilikdə 96 nəfərinin imzaladığı müraciətdə deyilir:
“Biz həyətyanı torpaq sahəsi almaq məqsədilə Beyləqan icra hakimiyyəti və şəhər bələdiyyəsinə müraciət etdik. Lakin bu müraciətlərin heç bir nəticəsi olmadı. Hər dəfə edilən müraciətimizə cavab olaraq, artıq torpaq sahəsinin olmadığı bildirilib. Halbuki, Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli tapşırığına əsasən, Beyləqan ərazisində yerləşən ”Dostluq” qoyunçuluq üzrə Dövlət Damazlıq Kənd Təsərrüfatı Istehsalı Müəssisəsinin əhatə etdiyi ərazidə “Torpaq islahatı haqqında” qanuna müvafiq olaraq, qismən torpaq islahatının aparılması barədə qərar verilib. Buna uyğun olaraq, Beyləqanın icra başçısının 20 iyul 2009-cu il sərəncamıyla qismən torpaq islahatının aparılması barədə rayon Aqrar Islahatı Komissiyasının yaradılması məqsədilə qərar verilib.
Keçən müddətdə Nazirlər Kabinetinin tapşırığı və Rayon Icra Hakimiyyətinin sərəncamı sakinlərdən gizli saxlanılıb və heç bir islahat aparılmayıb. Əvəzində isə haqqında söhbət gedən minlərlə hektar torpaq sahəsi ayrı-ayrı vəzifəli şəxslərə  qeyri-qanuni yolla icarəyə verilib və Kənd Təsərrüfatı Nazirliyi başda olmaqla, yerli rəhbərlik tərəfindən milyonlarla manat vəsait mənimsənilib.
Xahiş edirik, bu müraciətimizi qəzetinizdə işıqlandırasınız. Bəlkə əlaqədar qurumlar verilmiş sərəncamları gec də olsa, həyata keçirər və biz ehtiyacımız olan həyətyanı torpaq sahəsini ala bilək”.

Sosial şöbə