Mətbuata “qayğının” etirafı

Ötən gün ölkə başçısının da iştirakı ilə bir qrup jurnalistə ev verilib. Açılış mərasimində Ilham Əliyev geniş nitq söyləyib. Bu çıxışdan iki məqam məni xüsusilə “feyziyab” etdi. 

1.”Bu yaxınlarda icazəli mitinqlərin keçirilməsi üçün də yer nəzərdə tutulub, jurnalistlər eyvandan baxaraq o aksiyaları işıqlandıra bilərlər”.

Cənab prezident, niyə uzaqdan, yaxından olmazmı?

Ölkənin birləşmiş müxalifəti mitinq etsin, jurnalist də 16-cı mərtəbədən reportaj hazırlasın…

Doğurdan da “qayğı”lar dənizində üzürük.

Bəli, prezident istəmir ki, jurnalistlər polis dubinkasının altında qalsın, mülki geyimlilərin təhqirini eşitsin.

Bir halda ki, jurnalistlər eyvandan müşahidə edəcək, o zaman hər jurnalistə bir “durbin” də vermək lazımdır.

Sizin dediyiniz kimi, peşəkar və qərəzsiz xəbər hazırlamaq üçün durbin mütləq lazımdır.

Bir sualım da var. 

Bəs, ev almayan jurnalistlər hara dırmaşsınlar, onlar hansı yüksəklikdən müşahidə aparsınlar?

Prezident eyni zamanda demək istəyib ki, müxalifətə mitinq keçirmək üçün şəhərin mərkəzində yer verilməyəcək.

Bir sözlə, hakimiyyət jurnalistlərə ev verməklə, müxalifətə “qayğı”sını göstərdi.

2.”Jurnalistlər maaşları ilə mənzil ala bilməzlər” 

Mənə elə gəlir ki, prezidentin bu ifadəsi “2013-cü ilin etirafı” adlandırılmalıdı. 

Prezident etiraf edib ki, analoqu olmayan ölkəmizdə maaşın  yaralı barmağa dərman olmaq ehtimalı yoxdur.

Yenə özümü saxlaya bilməyib, əlahəzrətə sual verəcəm.

Möhtərəm, cənab prezident, bəs uğurlu iqtisadi inkişaf, yoxsulluğun 500 faiz azalması, analoqsuz dövlət modeli hara yoxa çıxıb?

Biz bilirik ki, bu ölkədə maaş ev almaq üçün yox, kirayədə qalmaq üçündü. Ancaq bunu sizin dilinizdən eşitmək bizə təsəlli verir.

Biz, onu da bilirik ki, siz bu ölkədə hər şeydən xəbərdarsınız, ancaq bu yaralı məsələni dilə gətirməyiniz bizi bir daha əmin etdi.

Cənab prezident, niyə bu ölkədə siz maaşınızla Dubayda azyaşlı oğlunuza 75 milyona mülk, nazir maaşı ilə milyonluq villa, nazir oğlu milyonluq ada ala bilər, komitə sədri 500 minlik maşında gəzə bilər, deputat istirahət mərkəzi, yüksəkmərtəbəli bina tikdirə bilər, ancaq jurnalist maaşı ilə velosiped ala bilməz?

Bu möcüzəli iqtisadi modelin sirrini bizə açıqlaya bilərsinizmi?

Məsələn, təqaüdüçü ilə nazir ikisi də insandı, ikisinin də yaşamaq hüququ var. Bəs niyə birinin maaşı ceyran əti yeməyə, o birininki kartof yeməyə xidmət edir?

Əgər bu ölkədə maaş insan həyatında heç bir rol oynamırsa, niyə maaşların artırılacağı anonsunu verirsiniz?

Axı 20 illik artımın nəticəsini görürük.

Bəlkə maaşdan imtina edək.

Susmaq, danışmaqdan təhlükəliymiş

Iyunun 21-də bir qrup gənc Bakının mərkəzində “Gəncliyimizi yox etməyin” şüarı ilə “flaşmob” keçirib. Gənclər əllərini ağızlarına tutaraq, sakit şəkildə aksiya keçiriblər.

Ancaq peşəkar və çevik polisimiz “təhlükəli” ərazini  nəzarətə götürə biliblər. Uğurlu əməliyyat nəticəsində cəbhəçi gənc Vüqar Aslanov zərərsizləşdirilərək Səbail Rayon Məhkəməsinə aparılıb. “Cinayət” işinin uzun araşdırılmasından sonra Vüqar Aslanova 10 sutka həbs cəzası verilib.

Əlini ağzına tutub susduğu üçün Vüqar həbs edilib. Müqəddəs məhkəməmiz isə, bu halı itaətsizlik kimi qiymətləndirib.

“Gəncliyimizi yox etməyin” şüarına görə insanları tuturlarsa, deməli, “Gəncliyimizi yox edin” şüarından istifadə etmək lazımdır. Ikinci bir məsələ susmaqla bağlıdır. Bu ölkədə ürəyində etiraz etmək, susaraq istəyini ifadə etmək də cinayət məsuliyyəti yaradır.

Hakimiyyət bizə başa salmağa çalışır ki, sussanız da, danışsanız da, yatsanız da, oyaq olsanız da sizi həbs etmək, “ünsür” adlandırmaq üçün səbəb tapılacaq.

Biz də indiyə qədər deyirdik ki, bu ölkədə susanların da təhlükəsizliyinə zəmanət yoxdur, qorxaqlıq xilas yolu deyil, “bir tikə çörək” bəhanəsi xeyir gətirməyəcək.

Gənc dostlarımız da əyani şəkildə göstərdilər ki, susmaq danışmaqdan da təhlükəlidir.

Yenə də əlinizi ağzınıza aparanda, ölkə gəncliyinə xoş arzularınızı çatdırmaq istəyəndə ehtiyatlı olun.