«Freedom House»un rəhbəri ABŞ prezidentini Rusiyada insan hüquqlarına biganə qalmamağa çağırıb
Devid Kremer: «Avropa da ”Maqnitski siyahısı” hazırlamalı, insan hüquqlarını pozan məmurlara sanksiya tətbiq etməlidir»
“Rusiyada hakimiyyətin sərt tənqidçilərindən olan, bugünlərdə beş illik həbsə məhkum edilib, ertəsi gün şərti cəza ilə azadlığa buraxılan Aleksey Navalnı ilə bağlı işdəki hakim və prokurorun da adı ”Maqnitski siyahısı”na əlavə olunmalıdır” – “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatının rəhbəri Devid Kramer bu fikirdədir.
“Navalnı Putin rejimini birbaşa tənqid edən, hakimiyyətin korrupsiya sxemlərini ifşa edən axsaylı şəxslərdən biridir. O, Moskva meri vəzifəsinə namizədliyini irəli sürməklə yanaşı, həm də prezident seçkisinə namizəd kimi qatılmaq iddiasını bəyan edib. Bəs Putin və onun yaxın ətrafı buna necə reaksiya verir? Onlar bu adamı gülməli ittihamlarla beş illik cəzaya məhkum edirlər. Məhkəmədə müdafiə tərəfin hüquqları pozulub”, – deyə Kremer “Amerikanın səsi” radiosunun rus xidmətinə müsahibəsində bildirib.
“Freedom House”un rəhbəri onu da qeyd edib ki, yaranmış bu vəziyyətə Ağ Evin etiraz bəyanatıyla reaksiya verəcəyini gözləyirdi: “Xüsusən, ABŞ prezidentinin adından bəyanat gözləyirdim. Ketrin Eşton artıq bəyanat verib, digər liderlərin də açıqlamaları gözlənilir. ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol yaxşı adamdır, amma qorxuram ki, rusiyalı məmurlar artıq onu dinləməsinlər. Səfir, Dövlət Departamenti və ya Ağ Evin mətbuat katiblərinin açıqlamaları səviyyəsində reaksiya yetərli deyil. Birbaşa ABŞ prezidenti özü mövqe nümayiş etdirməlidir. Əks halda, Putin məsələni ciddi qəbul etməyəcək, düşünəcək ki, ABŞ-ı bu mövzu bir o qədər narahat etmir”.
Cənab Kremer hesab edir ki, “Maqnitski siyahısı” açıq saxlanmalı, bu cür hüquq pozuntularında əli olan adamların adları vaxtaşırı ora əlavə olunmalı, onlar ən azı ABŞ tərəfindən sanksiyalara məruz qalmalı – bu ölkəyə səfərlərinə qadağa qoyulmalı, bank hesabları dondurulmalıdır.
Devid Kremerin fikrincə, Avropanın da özünün “Maqnitski siyahısı” olmalı, insan haqlarını pozan məmurların adları həmin siyahıya daxil edilməlidir.
“Sentyabrın əvvəlində ”Böyük 20-lik” dövlətlərinin sammiti çərçivəsində Obamanın Rusiyaya səfəri gözlənilir. Bəziləri düşünür ki, Edvard Snoudenlə bağlı məlum olaydan sonra Obama Rusiyaya getməməlidir. Mən isə hesab edirəm ki, Navalnı məsələsi, Maqnitski ilə bağlı məlum hökm və insan hüquqları sahəsindəki digər pozuntular Rusiyaya səfərdən imtina üçün tutarlı səbəbdir. Obama Putinlə iyunda Şimali Irlandiyada keçirilən görüş zamanı Rusiyada insan hüquqları sahəsindəki problemlər haqda birbaşa danışmadı. Amerika administrasiya mövqeyindən bu, qəbulolunmazdır”, – deyə Kremer əlavə edib.
Aytən Məmmədova


