Bu bayramda da qiymətlər qaldırılıb
Dükan sahibləri isə qiymətlərin o qədər də artmadığını deyir
“Azərbaycanda hər bir bayram öncəsi bahalaşma olur. Bu, normal haldır. Hamı ümidini bu günlərə dikib. Başqa çıxış yolu yoxdur” – bu sözləri Ramazan bayramı ilə bağlı şəhərdən reportaj hazırlayarkən bir satıcıdan eşitdik. O, bahalaşmanı adi hal kimi qəbul edir və deyir ki, 11 ay yeyib 1 ay oruc tutanlar kimi satıcılar da ilin 10 ayını ziyana, iki ayını qazanca işləyirlər.
Düzdür, Ramazan bayramında olan bahalaşma Novruz, Yeni Illə müqayisəolunmaz səviyyədədir. Ancaq yenə də…
Xurma 9-15 manatadır
Metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən bir neçə marketə baş çəkirik. Bayram süfrəsinin vazkeçilməz təamı olan xurma hər dükanda bir qiymətədir. Bəzi dükanlarda 1 kilosu 5 manata, başqa bir dükanda 5 manat 50 qəpiyədir. Hətta 6 manata satılan dükanlara da rast gəlmək olar. Qeyd etdiyimiz bu qiymətlər ancaq Tunisdən gətirilən xurmalara aidir. Əgər Iran xurması almaq istəyirsənsə, onda bir kiloqramına 9 manat ödəməlisən. Iran xurmasının ən yaxşısı isə 14-15 manatadır.
Satıcılarla söhbət zamanı məlum oldu ki, kilo ilə xurma alan paytaxt sakinləri çox az olur: “Əksəriyyət qutu ilə alır. 400 qramlıq xurma 1 manat 50 qəpiyədir”.
Satıcı Hikmət Hüseynov bayramdan sonra qiymətlərin düşəcəyini istisna etmir. Bununla yanaşı bahalaşmanın çox böyük də olmadığını söyləyir: “Siz Novruz bayramı öncəsi qiymətlərin nə qədər bahalaşdığını görməməsiniz? Indi nə qiymət qalxıb ki? Xurma, kişmiş və bir-iki meyvə-tərəvəzin qiyməti qalxıb. Bu qiymət qalxması o qədər də böyük deyil. Ən yaxşı halda 1 manat olur. Ancaq o biri bayramlara diqqət yetirsəniz, vəziyyətin hansı həddə olduğunu biləcəksiniz”.
Alıcılarla da söhbət edirik. Onlar Ramazan bayramı ilə bağlı bahalaşmanın o qədər də yüksək olmadığın düşünürlər: “Yəqin ki, Allahdan qorxurlar. Imkanları olsa lap qaldırarlar. Sadəcə bu müqəddəs bayram olduğu üçün bir az insafa gəlib. Düzdür, bahalaşma hiss olunur, ancaq bu bir ailənin büdcəsinə o qədər zərbə vurmur”.
Qiymətlərlə maraqlandığımız zaman bəlli oldu ki, meyvə-tərəvəzlərin qiymətlərində o qədər də ciddi bahalaşma yoxdur. Yalnız ərik bahadır ki, bunu da bayramla bağlı olmadığını deyirlər. Satıcıların sözlərinə görə, bu il məhsul zəif olduğu üçün ərik bahalaşıb: “Məhsul az olub. Ona görə bahalaşıb. Başqa meyvələr də bu ildə bol olsaydı, yəqin ki, qiyməti qalxmazdı”.
“Bayram olduğu üçün insanları sevindirməyə çalışırıq”
Metronun “28 may” stansiyasının yaxınlığında, Azadlıq prospekti ilə Səməd Vurğun və Süleyman Rəhimov küçələrinin kəsişdiyi nöqtələrdə topdansatış mərkəzlərinə baş çəkirik. Bir-birinə bitişik olan bir neçə dükanda daha çox xurma, kişmiş, düyü satılır.
Dükan sahibi Fikrət dayının mağazasında xurmanın qiyməti 7-13 manat arasındadır. O, topdansatışla məşğul olsa da, yaxınlıqda yaşayan sakinlərə pərakəndə də satmağı işçilərinə tapşırıb: “Camaatı anlayırıq. Imkanı olmayan da var. Məcbur olub onlara da satırıq. Əslində, bu bizə sərf etmir. Gördüyünüz kimi bura topdansatış mərkəzidir. Gündə yüzlərlə dükana ərzaq veririk. Belə bir vaxtda hər hansı bir alıcıya bir-iki kiloqram xurma satmaq bizim üçün əlverişli deyil. Ancaq bayram olduğu üçün insanları sevindirməyə çalışırıq. Onsuz da orucluqda daha çox işləyirik. Adi günlərdə müştərilərimiz yalnız dükan sahibləri olur”.
Fikrət dayı alıcların onun dükanına gəlməsinin səbəbini təkcə qiymətlərin ucuz olması ilə bağlamır. Onun fikrincə, ərzaqlar təmiz olduğuna görə alıcılar bura təşrif buyurur: “Bizdə Irandan gətirilən təmiz xurmalar var. Bu cür xurmanı başqa dükanlarda kilosunu 12 manatdan aşağı tapmaq olmaz. Ancaq biz onu 9 manata satırıq. Böyük marketləri çıxmaq şərti ilə əksər balaca dükanlara xurmaları biz satırıq. Onlar da kilosunda 2-3 manat qazanırlar”.
Adı Ramazan bayramı, dadı isə…
Fikrət dayıdan ayrılıb şəhərdə başqa dükanlara da daxil oluruq. Bu dəfə üz tutduğumuz məkanlar ərzaq deyil, pal-paltar mağazaları oldu.
Hər bir bayramda olduğu kimi Ramazanda da endirimli mallar satılır. Yəqin ki, çoxlarınız dükanların qarşısında “Ramazanlı endirimlər”, “ramazan bayramına görə 50 faiz endirim”, “Şok endirim, yalnız bir ay – Ramazan bayramına görə” bu tipli reklamları görmüsünüz. Ancaq əksəriyyəti sadəcə reklamdır. Müştəri toplamaq üçün ən yaxşı vasitə…
“Torqovı”da yerləşən paltar dükanına daxil oluruq. 50 faizli endirimli malara – ayaqqabılara nəzər salırıq. Qiymətini soruşduqda satıcı 60 manata olduğunu, bayrama görə 25 faiz endirim etdiklərini deyir. Deməli, ayaqqabılar 80 manata olub. Indi bayrama görə 20 manat aşağı düşüb. Satıcıyla söhbət zamanı bəlli olur ki, adı Ramazan bayramına görə olsa da, dadı elə deyil. Yəni bu endirim ilin hər fəslində, mallar satılmayanda olur. Əgər belə olmasaydı, məntiqlə bayramdan sonra ayaqqabılar yenidən 80 manata satılmalı idi. Ancaq biz belə başa düşdük ki, Ramazandan sonra qiymət qalxmayacaq. Deməli, bu sadəcə müştəri cəlb etmək üçündür.
Bu cür misalları çox çəkmək olar. Məsələn, Fəvvarələr meydanındakı “McDonalds”ın yaxınlığında yerləşən qadın və kişi köynəkləri satılan dükanın üstünə də 50 faiz endirim yazılıb. 30 manata satılan həmin köynəklər bayramdan öncə də bu qiymətə yaxın – 45 manata satılırdı. Deməli, qiymətlər 50 faiz yox, 30 faiz endirilib və bunun Ramazan bayramı ilə bağlı heç bir əlaqəsi yoxdur.
Ramin DEKO


