mehman-aliyev-yeni1

“Əliyev 3-cü dəfə namizəd olsa ”qırmızı xətt”i keçəcək”

“Konqresdəki dinləmələrin adı Azərbaycanla ABŞ arasında münasibətlərin səviyyəsini göstərir”

Mehman Əliyev: «Seçkidə xalqın iradəsi nəzərə alınmasa, o zaman kifayət qədər gərgin və təhlükəli vəziyyət yarana bilər»

«İqtidar gizli sorğu mərkəzlərinin vasitəsilə gözəl bilir ki, insanların maraq və istəkləri tamamilə başqadır»

Dövlət başçısı Ilham Əliyev Nazirlər Kabinetindəki müşavirəsində Brüsselə etdiyi son səfərdən məmnun qaldığını bildirsə də, eyni zamanda Avropa Birliyini tənqid etməyi də unutmadı. Rəsmi Brüsselin Azərbaycanla bağlı qəbul etdiyi son sərt addımları dilə gətirən I.Əliyev hakim komandaya bir növ bu bəyanatları ilə mesaj verməyə çalışırdı. Müsahibimiz “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevlə söhbətimizə bu bəyanatların hansı məqsəd daşıdığına cavab almaqla başladıq.

– Əvvəllər dövlət başçısı birbaşa bəyan edirdi ki, Avropa institutları Azərbaycan üçün heç bir göstərici ola bilməz, Azərbaycanın özünün siyasəti var və heç kim ona qarışa bilməz. Bu dəfə isə Ilham Əliyev qeyd etdi ki, o Brüsselə getdi və Azərbaycan Avropa Birliyi ilə strateji əməkdaşlıq quracaq. Amma Avropa Parlamentində bizə qarşı olan bəzi qüvvələr var. Lakin onlar çoxluq təşkil etmirlər. Baş verənlər Azərbaycanın inkişafını istəməyən qüvvələrin mövqeyidir. Yəni Ilham Əliyev Avropa Birliyindən ünvanlanan təzyiqləri təşkilatın ümumi deyil, bir qrupunun mövqeyi kimi təqdim etməyə çalışdı. Ilham Əliyev əvvəllər oxşar sözləri Azərbaycanın MDB ilə strateji əməkdaşlıq münasibətləri barədə deyirdi. Bu dəfə bu sözlər Avropa Birliyinə ünvanlanıb. Ilham Əliyevin iyunun 7-də YAP-ın qurultayında, iyulun 3-də isə polis əməkdaşları ilə görüşündə dövlət başçısına layiq olmayan tərzdə müxalifətə və beynəlxalq təşkilatlara qarşı bəyanatlar var idi. Bu dəfə isə Avropa Birliyi barəsindəki çıxış seçilib.

– Müşavirədə ikinci diqqət çəkən məqam Ilham Əliyevin daha bir bəyanatı oldu. I.Əliyev bildirib ki, cəmiyyətin 70 faizi ölkədə korrupsiya və rüşvətə qarşı real mübarizə aparıldığını düşünür. Bu bəyanat nə dərəcədə reallığa uyğundur?
– Bu rəqəmin haradan alındığı və nəyə istinad edildiyi məlum deyil. Ilham Əliyevin bəyanatı həqiqətə uyğun deyil. Azərbaycanda yenə korrupsiya var və ona qarşı heç bir mübarizə aparılmır. Korrupsiya ən ciddi problem kimi qalır. Azərbaycan cəmiyyəti də bundan məmnun deyil. Ölkədəki korrupsiya və rüşvətə qarşı cəmiyyətdə kifayət qədər kəskin mövqe var. Görünür, cəmiyyətin 70 faizinin korrupsiyaya qarşı ciddi mübarizə aparıldığına inandığına dair nəticəni hakimiyyətə yaxın sorğu şirkəti ortaya qoyub. Nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın korrupsiya ilə bağlı durumu dəyişməz olaraq qalıb. Əksinə, bu mövqe daha da pisləşib. Ona görə də cəmiyyətin 70 faizinin nəyisə dəstəkləməsi sadəcə olaraq mümkün deyil.

“Korrupsiya hakimiyyətin idarə üsuludur”

– Əgər bundan əvvəlki müşavirədə dövlət başçısı məmurları və onların yaxın qohumlarını sərt tənqid etmişdisə, bu dəfə bu baş vermədi. Halbuki ötən müddətdə məmurların övladlarının hərəkətləri ilə bağlı mətbuatda müxtəlif məlumatlar yayılıb. Zərdabın icra başçısının oğlu polisi döyüb, Anar Məmmədovla bağlı mətbuatda qalmaqalı məlumatlar gedib. Amma bu faktların heç birinə reaksiya verilmədi…
– Bu onu göstərir ki, müəyyən bir regionda gərginlik son həddə çatanda, orada etiraz səsi ucalanda hakimiyyət buna reaksiya verir. Hakimiyyət bununla bir görüntü yaratmağa çalışır ki, o, məmurlarla eyni mövqedə deyil və xalqın tərəfindədir. Sadəcə olaraq vəziyyət bir qədər düzəldikdən sonra hər şey yaddan çıxır. Digər tərəfdən, məmurlara bu cür davranmağa, tabeçiliklərində olan rayonları bu cür idarə etməyə məhz prezident imkan yaradır. Əhalinin də narazılığı yerli məmurların özbaşınalığından, səviyyəsiz idarəetmədən,  korrupsiyadan və rüşvətdən irəli gəlir. Bütün bu məqamlar ciddi fəsadlara gətirib çıxarır. Sadəcə olaraq Azərbaycanda korrupsiya o qədər dərindir ki, prezident səviyyəsində məmurların özbaşınalığına ciddi təpki gözləmək mümkün deyil.

– Bir müddət əvvəl ABŞ Konqressində Azərbaycanla bağlı keçirilən dinləmələri necə dəyərləndirirsiniz? Hakimiyyət mətbuatı hər cəhdlə bu dinləmələrin əhəmiyyətini azaltmağa çalışır…
– ABŞ Konqressində keçirilən dinləmələr xüsusi ad altında keçirildi. Bu ad Azərbaycanla ABŞ arasında münasibətlərin səviyyəsini göstərir. “Problemli tərəfdaş: Azərbaycanda artmaqda olan avtoritarizm” adı altında keçirilən dinləmədə Amerikanın Azərbaycana yanaşması özünü göstərir. Sadəcə olaraq Amerika formal olaraq iki tərəfi də dəvət edib ki, özünün Azərbaycanla bağlı münasibətini təqdim etsin. Bu dinləmələrdə hər şey təsdiq olunub və ABŞ Konqressinin Azərbaycanla bağlı sərt, vahid mövqeyi olacaq.

– Bu ərəfədə tanınmış beynəlxalq təşkilatların da hesabatlarında, mövqelərində Azərbaycana qarşı sərt ton özünü göstərir. Bu nəyin görsənişidir?
– Bu onu göstərir ki, seçki öncəsi Azərbaycana qarşı beynəlxalq cəmiyyətin kifayət qədər kəskin mövqeyi var. Azərbaycan qeyri-demokratik ölkədir. Azərbaycanda avtoritarizm, insan haqlarının, söz və mətbuat azadlığının pozulması güclənir, korrupsiya, rüşvətxorluq tüğyan edir. Azərbaycanın imici, ölkənin siması bu göstəricilərdən ibarətdir.

“ABŞ Azərbaycandan demokratik prinsiplərə əməl etməsini gözləyir”

– Konqressdəki dinləmələrdən sonra Rövnəq Abdullayevin ABŞ-a səfər etməsini və orada Azərbaycanın təbii resurslarından istifadə edərək danışıqlar aparmağa cəhd etməsini necə dəyərləndirirsiniz?
– ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar qeyd edib ki, Amerika Azərbaycandan nə neft, nə də qaz alır. Ona görə də Azərbaycan ABŞ-a qaz və neftlə bağlı heç nə təklif edə bilməz. Azərbaycan neft və qazını Avropaya satır. Ona görə ABŞ-la bu sahədə danışıqlar nəticə verə bilməz. Əgər kimsə düşünürsə ki, Azərbaycan neft pulları ilə kimisə ala bilər, bu mümkün deyil. ABŞ üçün onun regionda maraqlarını təmin edən əsas amil demokratik prinsiplərdir. Bu, ABŞ-ın milli konsepsiyasında öz əksini tapıb. ABŞ üçün demokratik dövlətlər, demokratik cəmiyyətlər bütün dünya üzrə stabilliyi formalaşdıran amildir. Ona görə ABŞ-ın son zamanlar dünyada demokratiyanın dəstəklənməsiylə bağlı siyasəti durmadan sürətlənir. Ona görə təəccüblənmək lazım deyil ki, ABŞ yürütdüyü siyasətlə Azərbaycandan nə istəyir. ABŞ Azərbaycandan sadəcə olaraq demokratik prinsiplərə əməl etməsini gözləyir. Demokratiya ABŞ-ın milli maraqlarının, stabiliyin təminatıdır.

“Əliyevə seçki kampaniyası lazım olmaması cəfəngiyatdır”

– Bu ərəfədə Əli Həsənov Ilham Əliyevin heç bir seçki təbliğatına ehtiyacı olmadığını bəyan etsə də, hakim komandanın təmsilçiləri artıq bu istiqamətdə təbliğatlara başlayıblar. Bu addımı necə dəyərləndirmək olar?
– Kampaniyanın lazım olmadığı ilə bağlı deyilənlər hamısı cəfəngiyatdır. Təsəvvür edin ki, ABŞ-da hər hansı bir namizəd seçki kampaniyasına qatılır və deyir ki, mənə heç bir təbliğat lazım deyil. Bu, dünyanın heç bir yerində eşidilməyən və rast gəlinməyən ifadədir. Əslində hakimiyyət “bizə təbliğat lazım deyil” deməklə seçkiləri bir daha saxtalaşdırmaq niyyətini bildirir. Budur hakimiyyətin seçkiyə yanaşması. Hakimiyyət bu mesajı verir ki, ona qarşı çıxanları həbsə atacaq.

– Mehriban Əliyevanın prezidentliyə namizədliyi ilə bağlı bu addımı atan şəxslər bu istiqamətdə israr edirlər. Hakimiyyət hər hansı bir an namizədlə bağlı qərarını dəyişə bilərmi?
– Düşünürəm ki, Ilham Əliyev 3-cü dəfə seçilməyə getməyəcək. Ona görə hakimiyyət üçün Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi daha məqbul sayılır. Çünki 3-cü dəfə prezident seçilmək qırmızı, daha sonra qara xətti keçmək deməkdir. Düşünmürəm ki, o bunu istəyir. Bu, hakimiyyət üçün yeganə çıxışdır. Seçkinin isə hansı formada və atmosferdə keçəcəyi bu başqa müzakirə mövzusudur.

– Mübariz Qurbanlı bəyan edib ki, Ilham Əliyevin əleyhinə səs verə biləcək kəsim yalnız 4 faizdir. Bu yanaşmanı necə dəyərləndirirsiniz?
– Mən bilmirəm Mübariz Qurbanlı astronomdur, yoxsa arakuldur və bu rəqəmləri haradan götürüb. Əslində seçki prosesi özü böyük bir sorğudur. Bütün nüfuzlu beynəlxalq təşkilatlar, aparıcı dövlətlər deyir ki, xalqın seçimi təmin olunmalıdır. Normal seçkinin keçirilməsi üçün şərait olmalıdır. Əgər Azərbaycan hakimiyyəti güman edirsə ki, 95 faiz onlara, 4-5 faiz isə müxalifətə səs verəcək, buyursunlar o şəraiti yaratsınlar və insanlar rahat səslərini versin. Hakimiyyət bunu etmir. Çünki qorxur. Iqtidar gizli sorğu mərkəzlərinin vasitəsilə gözəl bilir ki, insanların maraq və istəkləri tamamilə başqadır. Ona görə hakimiyyət repressiv addımlar atmaqla istədikləri nəticəyə nail olmağa çalışır. Əgər hakimiyyət özünə arxayındırsa, azad və ədalətli seçki keçirsin. Azad və ədalətli seçkilər o demək deyil ki, mən gəldim və kiməsə seçkidə səs verdim. Azad seçki mühiti indidən başlamalıdır. Imkan verməlidirlər ki, demokratik qüvvələrin təmsilçiləri televiziyaya çıxaraq Milli Şura və onun namizədi barədə məlumat versinlər. Hər şey müzakirələrdən və polemikadan keçir. Insanlar görməlidir ki, kim daha ağıllı və Azərbaycanın gələcəyini düşünür. Ona görə hakimiyyətin elan etdiyi bu cür rəqəmlərin hamısı cəfəngiyatdır, həqiqətə uyğun deyil və faktlarla təsdiqlənmir.

– Şübhə yoxdur ki, Azərbaycan hakimiyyəti seçkiləri saxtalaşdıracaq. Belə olan halda sizcə, Azərbaycanda postsovet məkanında bundan əvvəl baş vermiş demokratik inqilabların hansının ssenarisi reallaşa bilər?
– Azərbaycanda seçkiöncəsi vəziyyət olduqca gərgindir. Cəmiyyətin böyük hissəsi azad və ədalətli seçkilərin keçirilməsini istəyir. Əgər xalqın iradəsi nəzərə alınmayacaqsa, o zaman kifayət qədər gərgin və təhlükəli vəziyyət yarana bilər.

Xəyal