Ölkəmiz Qafqazın demokratikləşməsində lokomotiv rolunu oynamalıdır
Qərbin Azərbaycanla bağlı planları barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. Diplomatik mənbələrdən sızan həmin məlumatlarda bildirilir ki, Qərbin Azərbaycanda qarşıdan gələn prezident seçkisinə ciddi önəm verməsinin kökündə Qafqazın demokratikləşməsi məsələsi dayanır. Məlumatlara görə, bu məsələdə Gürcüstanın lokomotiv rolunu oynaya biləcəyini düşünən Qərb yanıldığını anlayıb.
Gürcüstan obyektiv və subyektiv səbəblərdən Qərbin ümidlərini doğrulda bilməyib. Söhbət təbii ki, yalnız Gürcüstanda demokratiyanın bərqərar olmasından getmir. Qərbin planına görə, Tiflis demokratiyanı qonşularına – Azərbaycan və Ermənistana da ixrac etməli idi. Lakin bunun əksi baş verdi. Demokratik Gürcüstan varlı avtoritar Azərbaycanın təsiri altına düşdü. Digər tərəfdən Saakaşvilinin şıltaqlığı Gürcüstanın Rusiya ilə münasibətlərini düşmənçilik səviyyəsinə çatdırdı ki, bu, Qərbin maraqlarına uyğun deyildi. Ona görə də Qərb indi həmin planı Azərbaycana tətbiq etmək niyyətindədir.
Məlumatlarda iddia edilir ki, Ilham Əliyevin 3-cü namizədliyi Qərbi az narahat edən məsələdir. Buna adekvat reaksiyaların verilməməsi heç də Qərbin Azərbaycanda demokratikləşmə prosesinə dırnaqarası yanaşması ilə bağlı deyil. Əksinə, Qərb Azərbaycan hakimiyyətinin qarşısına daha ağır şərt qoyub: Demokratik seçki. Bu qəti tələbdir və Azərbaycan hakimiyyəti seçkidə Ilham Əliyevlə deyil, başqa namizədlə iştirak etsə də belə, şərt dəyişməyəcək.
Məlumatlara görə, Qərb hesab edir ki, Azərbaycanda demokratiya bərqərar olarsa, Bakı regionun aparıcı paytaxtına çevriləcək. Gürcüstan və Ermənistana təsirləri artacaq. Gürcüstan onsuz da müəyyən qədər demokratiyaya nail olub. Ermənistana gəlincə, Qərb hesab edir ki, demokratikləşmənin Qarabağ münaqişəsinin həllində böyük üstünlük olduğunu anlayan hiyləgər erməni lobbisi Irəvanın bu məsələdə Bakıdan geri qalmaması üçün əlindən gələni edəcək.
Məlumatlarda deyilir ki, Azərbaycan hakimiyyətinin bu plandan xəbəri var. Iqtidarın 2013-lə bağlı narahatçılığı da elə buna görədir. Hakimiyyət anlayır ki, demokratik seçki son deməkdirsə, Qərbin planına dirəniş göstərmək daha acınacaqlı sonluqla üzləşməkdir. Iqtidar bu dilemma qarşısında narahatlıqla vurnuxmaqdadır.
İnformasiya şöbəsi