Avropa Azərbaycanlıları Milli Birlik Şurasının Ruisya nümayəndəliyi ciddi fəaliyyətə başlayıb
İyulun 18-də Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev və Şuranın Rusiyada yenicə yaradılmış təmsilçiliyinin rəhbəri Qalib Hüseynov Rusiya əyalətlərində və Moskva ətrafı rayonlarda yaşayan Azərbaycan vətəndaşları ilə görüşlər keçiriblər. Görüşlərin əsas məqsədi Rusiyada yaşasa da, Azərbaycandakı seçkilərdə səsvermə hüququ olan soydaşlarımızı fəallığa çağırmaq olub. Belə soydaşlarımızın Azərbaycanda qarşıdan gələn prezident seçkisində fəal iştirakçı olmağa təşviq edilməsi məqsədə uyğun bilinib. Qeyd olunub ki, soydaşlarımız ya ölkəmizə gəlməklə birbaşa, ya da yaşadıqları yerlərdə Azərbaycan diplomatik nümayəndəlikləri vasitəsilə seçici kimi mövqeyini bildirməlidir.
Görüşlərdə Azərbaycanda insan haqları, o cümlədən azad seçki ilə bağlı problemli vəziyyətdən də danışılıb. Bildirilib ki, xaricdə, eləcə də Rusiyada yaşayan Azərbaycan vətəndaşları ölkədəki bu vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün köməyini əsirgəməməlidir.
Məlumat “azadliq.info”ya Avropa Azərbaycanlıları Milli Birlik Şurasının Rusiya təmsilçiliyindən daxil olub.






