Ziya Məmmədov mənbə axtarışına çıxıb

Nəqliyyat naziri yaxınları barədə İlham Əliyevin müşavirəsindən bir gün əvvəl dərc edilən materialları rəqiblərinin planı sayır

Nəqliyyat naziri Ziya Məmmədov narahatlıq içindədir. Redaksiyamıza sızan məlumatlara görə, nəqliyyat naziri Ilham Əliyevin dünən keçirdiyi müşavirədən bir gün əvvəl ona yaxın şəxslərlə bağlı mediada dərc edilən materialların rəqiblərinin işi olması qənaətindədir. Məlumat üçün deyək ki, Ilham Əliyevin müşavirəsindən bir gün əvvəl Türkiyə mediasında Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı ilginc faktların yer aldığı yazı dərc edilib.
Bundan başqa Mingəçevir polisi nəqliyyat nazirinə yaxın şəxs hesab edilən Zərdabın icra başçısı Lütvəli Babayevin qardaşı oğlunun avtoxuliqanlığa görə saxlandığı barədə məlumat yayıb. Lütvəli Babayev mətbuata açıqlamasında məsələ ilə bağlı Mingəçevirin polis rəisi Ələsgərovu Bədəlovu ittiham edib. Polis rəisi də öz növbəsində Lütvəli Babayevin qardaşı oğlunun qanunsuzluq etdiyini vurğulayıb.
Məlumatlarda deyilir ki, Ziya Məmmədovun fikirincə, müşavirədən bir gün əvvəl bu məsələlərin gündəmə gətirilməsi  təsadüf ola bilməz. Bildirilir ki, nazir bunu “vurulması”nı şərtləndirmək üçün rəqibləri tərəfindən başladılmış kampaniya hesab edir. Ziya Məmmədovun yaxın çevrəsində belə söhbətlər dolaşır ki, nazir məsələni araşdırmaq üçün hərəkətə keçib. Ziya Məmmədov oğlu ilə bağlı məlumatların Türkiyə mətbuatına necə ayaq açmasını, həmçinin Lütvəli Babayevlə bağlı məsələnin kökünü öyrənmək məqsədilə yaxınlarına göstəriş verib. 

Bəyim