“Qasid” adlı mətbuat yayımı firması var, direktoru da alovlu yaptokrat, Gülər parlamentinin üzvü Mirkazım Kazımovdur. Hardasa bu yoldaş bir ay əvvəl “Freedom House” təşkilatını Azərbaycandakı irtica rejimini ifşa etdiyinə görə babat yıxıb-sürümüşdü, demişdi, onlar ermənilərə işləyirlər, bizdəki inkişafı gözləri götürmür, halbuki, Avropa ölkələrində camaat acından qırılır.
Burada bir haşiyə çıxaq. Hardasa bir ay əvvəl “Böyük Bakının Regional Inkişaf Planı” Layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlı bildirmişdi ki, paytaxtda ümumilikdən 100-dən artıq qəbiristanlıq var, onların bir çoxunda boş yer qalmayıb, ona görə də yeni qəbiristanlıqlar üçün yer ayrılması zərurəti yaranıb. Qəribədir, camaat acından Avropada ölür, amma bizdə qəbiristanlıqlar dolur. Hətta yeni-yeni qəbiristanlıqlara da ehtiyac böyükdür.
Xeyr, xeyr, mən bu qəribəliyi yazarkən heç bir çirkin niyyət güdmürəm. Ola bilsin, avropalıları elə gətirib bizdə basdırırlar ki, diriykən düz-əməlli bir ömür yaşamadılar, barı öləndən sonra gəlib burada cənnətə düşsünlər, axı ölkəmiz həqiqətən cənnətə çevrilmişdir. Cənnət hazırda Azərbaycandadır, necə deyərlər, polisin ayaqları, təpikləri altındadır.
Qayıdaq Mirkazım müəllimin açıqlamalarına. Bəli, o, Avropada adamların acından öldüyünü deyir, amma özü bu saat xeyli azərbaycanlının çörəyinə bais olmaqda, onu acından qırmaqdadır. Kazımovun yayım firmasının “Azadlıq”a borcu artıq 45 min manata çatıb. Düz-əməlli maaş, qonorar yoxdur. Maaş, qonorar yoxdursa, deməli, acından ölmək təhlükəsi var. Bu isə hələ bir ingilisin, fransızın dərdini çəkir!
Aylardır bir qəzetin halal pulunu ödəməyən, maddi çətinliklərlə üzləşən, başqasının cibi ilə öz başını saxlayan bir adam axı hələ bir “Azərbaycanın analoqsuz inkişafı”ndan necə danışa bilər? Inkişaf varsa, bəs mənim boğazımdan niyə kəsirsən? Mənim haqqımı niyə yeyirsən? Satdığın qəzetin pulunu niyə verə bilmirsən? Belə də absurd, bu qədər də məntiqsizlik olar?
Amma bu mənalı ölkəmizdə yalnız məntiqsizliklər baş vermir. Dünən oxudum ki, sən demə, son illər Azərbaycanda hüquq ixtisasına maraq xeyli azalıbmış, hüquq fakültələrinə əvvəlki qədər meyl yox imiş. Çox məntiqlidir. Əvvəla, hüququn “h”sindən belə əsər-əlamət qalmadığı, ədalət anlayışının kökündən yox edildiyi, qanunların kağız parçasına çevrildiyi bir ölkədə bundan təbii nə ola bilərdi ki?
Ikincisi, bu bir az da sevindiricidir. Belə görünür ki, gənclərimiz hüquq təhsili alıb sonra da rejimin hüquqa zidd əməllərinə alət olmaq, insanları günahsız yerə, sifarişlə cəzalandırmaq, qanunların çeynəndiyi oyunlarda rol almaq istəmirlər.
Bəlkə də heç belə deyil, mən özümə quruca təsəlli, təskinlik verirəm.
Bu arada, bəziləri hakimiyyətə yarınmaq, yaltaqlanmaq üçün təzə mövzu tapıblar, guya təkcə III ixtisas qrupundan 4 nəfərin 700 bal toplaması Ilham Əliyevin təhsilə atalıq qayğısının məntiqi nəticəsidir. Ola bilər. Tamamilə mümkündür.
Eyni məntiqlə qəbul imtahanlarından kəsilənlərin, aşağı bal toplayanların məsuliyyətini kim daşıyır bəs? Bunu kimin ayağına yazaq? Buna görə kimin atasızlıq qayğısını günahlandıraq? Trinidad-Tobaqo prezidentininmi?
Sonda: dünən adı azadlıqlar və insan haqları uğrunda mübarizənin simvoluna çevrilmiş Nelson Mandelanın 95 yaşı tamam oldu. O, indi ölüm ayağındadır. Ömrünün böyük hissəsi həbsxanada keçsə də, heç vaxt sınmadı, əyilmədi, sonda qalib gəldi.
Mandelanın məşhur kəlamlarından biridir bu: “Mənim ölkəmdə siz öncə həbsə düşürsünüz, daha sonra prezident olursunuz”.
Bizdə bir az fərqlidir, həbsə düşüb çıxanlar əksərən hüquq müdafiəçisi olurlar, daha doğrusu, hüquq hücumçusu.
Amma inanıram ki, Mandela məntiqi, Mandela həqiqəti bir gün bizdə də qalib gələcək.