Analoqsuzluğun yeni göstəricisi
Anar Qasımlı: «Torpağın sotu 1000-1500 manat olduğu halda, kənd sakinlərinə hər sota görə 24 manat verirlər»
Avropa Məhkəməsində mülkiyyət hüquqi ilə bağlı yüzlərlə şikayət göndərilib. Azərbaycanda mülkiyyət hüququ sahəsində qanunvericilik bazası, problemlər, yarıtmaz icra vəziyyəti, vətəndaşların mülkiyyətinin qanunsuz olaraq əlindən alınması, bu sahədə yerli məhkəmələrin və Avropa Insan Haqları Məhkəməsinin təcrübəsi dünən “Park Inn” hotelində keçirilən dəyirmi masanın əsas müzakirə mövzusu olub.
Vəkil Anar Qasımlı isə “Şahdağ” Turizm Kompleksinin tikintisi zamanı mülkiyyət hüququ ilə bağlı qanun pozuntularından danışıb. Anar Qasımlı bildirib ki, orda hər sot torpaq sahəsi üçün kompensasiya cəmi 24 manat müəyyən edilib. Halbuki bu ərazidə real bazarda 1 sot torpağın qiyməti bir neçə min manatdır.
“Azadlıq”a açıqlamasında Anar Qasımlı bildirdi ki, Kompleksin tikildiyi ərazi Qusar rayonun Kuzun kənd sakinlərinin pay torpaqlarıdır və bu torpaqların hər sotuna görə sakinlərə 24 manat pul təklif edirlər: “Bununla bağlı 80 nəfər kənd sakini məhkəmədə iddia qaldırdı. Bu tikintini Mədəniyyət və Turizm Nazirliyi aparır. Biz Bakı 1 saylı Inzibati-Iqtisad Məhkəməsinə müraciət etdik və tələb etdik ki, hər sota görə 1000 manat ödənilsin. Bu adamlara müxtəlif dövlət strukturlarından təzyiqlər edildi. 7 nəfər təyin olunmuş kompensasiyanı aldı. 73 nəfər isə öz ədalətli kompensasiyasını tələb edir. Ancaq məhkəmə süründürməçilik etdi. 9 ay işə baxıldıqdan sonra, hakim dedi ki, bu iş mənə aid deyil, işə Sumqayıt Inzibati-Iqtisad Məhkəməsində baxılmalıdır. Sumqayıt Inzibati-Iqtisad Məhkəməsi 2-3 ay işi araşdırandan sonra dedi ki, bu işə mən baxa bilmərəm, bu işə Qusar məhkəməsi baxmalıdır. Indi iş Qusar məhkəməsindədir. Qeyd edim ki, Əmlak Bazarı Iştirakçıları Birliyi birinci rəy vermişdi ki, həmin ərazidə torpağın sotu 2400 manatdı. Sonradan təzyiqlər nəticəsində rəyi dəyişdirdilər ki, biz səhv etmişik, torpağın sotu yox, hektarı 2400 manatdır. Ancaq bizim əlimizdə alğı-satqı müqavilələri var və açıq görünür ki, torpağını 1000-1500 manata satan adamlar var. Məhkəmə hələ də davam edir və insanlar torpaqlarının dəyərində kompensasiya tələb edirlər”.
İlham Hüseyn


