«Bu müzakirələrin nəticəsində ABŞ administirasiyasının yaxın zamanlar üçün siyasətinin konturlarına əlavələr ola bilər»
Fuad Qəhrəmanlı: «Bu cür tənqidi məqamların seçki öncəsi artması, ritorikanın sərtləşməsi Azərbaycanın despotik rejimlərlə bir sırada olduğu ilə bağlı beynəlxalq rəydə fikri qətiləşdirir»
Iyulun 16-da Vaşinqtonda, ABŞ Konqresində Azərbaycanla bağlı dinnləmə keçirilib. Dinləmənin təşkilatçısı Konqresin Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyası (Helsinki Komissiyası) olub. “Problemli tərəfdaş: Azərbaycanda artmaqda olan avtoritarizm” adı altında keçirilən dinləmədə Azərbaycan hakimiyyətinin mövqeyi kəskin tənqid olunub. Azərbaycanda insan haqları və demokratiya sahəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməsi təkidlə tələb olunub. Və vurğulanıb ki, hazırda yürüdülən siyasətlə Azərbaycan demokratiya ilə korrupsiyanın yol ayrıcındadır. ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələri necə dəyərləndirdiyi ilə bağlı sualımıza AXCP sədrinin müavini Fuad Qəhrəmanlı cavab verir:
– ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrin məqsədi onunla bağlıdır ki, ölkəmizdə real vəziyyətin öyrənilməsidir. Çünki müzakirələrə həm müxôalifət, həm də iqtidar təmsilçiləri qatılmaqla vəziyyətin obyektiv qiymətləndirilməsi üçün polemika aparılır. Bu müzakirələrin nəticəsində böyük ehtimal ilə ABŞ administirasiyasının yaxın zamanlar üçün siyasətinin konturlarına əlavələr ola bilər. Ona görə bu müzakirələr səslənən fikirlərin ABŞ-ın siyasətinə təsir göstərməsi baxımından olduqca əhəmiyyətlidir. Müzakirələrdə səslənən tənqidlərə gəlincə bu tənqidlər ABŞ rəsmiləri ilə yanaşı, Azərbaycandan getmiş müxalifətçilər Milli Şuranın təmsilçisi Eldar Namazov və REAL hərəkatının nümayəndəsi Erkin Qədirli tərəfindən səslənib. Bu müzakirələr Azərbaycan hakimiyyətinin növbəti dəfə ifşa olunması, ölkə reallıqlarının ABŞ-da yüksək səviyyədə müzakirə predmetinə çevrilməsidir. Təkcə Azərbaycan nümayəndə heyəti tərəfindən deyil Dövlət Departamentinin təmsilçiləri tərəfindən səslənən fikirlər də onu göstərir ki, Azərbaycanla bağlı həqiqətlər dünyaya gözəl bəllidir. Elə müzakirələrin “problemli tərəfdaş kimi” ifadəsi olunması onu göstərir ki, Helsinki Komissiyası Azərbaycan reallıqlarını obyektiv qiymətləndirə bilib. Öz imicinin qeydinə qalan bir hakimiyyət üçün bu dinləmələr rüsvayçı xarakter daşıyardı. Hakimiyyət az-çox demokratik imicini düşünürsə, bütün bunlar nəzərə almalıdır ki, ünvanına bu qədər sərt tənqidlər səsləndirilməsin. Amma təcrübə göstərir ki, nəinki bu cür fikirlər, eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən hakimiyyətə insan haqları, siyasi məhbuslarla bağlı ünvanlanmış sərt tənqidləri iqtidar inkar edərək, önəm vermir. Bu isə o təəssüratı yaradır ki, artıq bu cür tənqidlərə Azərbaycan hakimiyyətinin imuniteti yaranır. Bu da sırf avtoritar rejimə xas olan xüsusiyyətdir ki, onlar dünya birliyində formalaşan imicdən narahat olmurlar. Hakimiyyət bu məsələlərdə özünü arxayın aparmaqla o təəssüratı yaratmağa çalışır ki, bizə demokratiya, islahatlarla bağlı təzyiqlər göstərməyin mənası yoxdur. Bu bizim syiasi kursumuzdur. Ona görə müzakirələr Amerikanın siyasi dairələrində Azərbaycanla bağlı qəbul olunacaq qərarlara təsir baxımından əhəmiyyətlidir. Azərbaycan hakimiyyətinin bu dinləmələrdə səslənən fikirlərdən götürəcəyi hər hansı nəticə olmayacaq.
“Hakimiyyətə təzyiqlər qaçılmazdır”
– Dövlət Departamentinin yüksək rəsmiləri səviyyəsində Azərbaycana ünvanlanan növbəti mesajlar qarşıdan gələn prezident seçkilərində bütün namizədlərə bərabər şəraitin yaradılmasıyla bağlı oldu. Bu mövqeyi necə dəyərləndirmək olar?
– Bu ABŞ və Avropa qrumları tərəfindən dəfələrlə səslənən məsələdir. Aydın ifadə olunur ki, seçkidə bütün namizədlərə bərabər iştirak imkanı yaradılmalıdır. Eyni zamanda sərbəst toplaşmaq azadlığının, təbliğat imkanlarının yaradılmasının vacibliyi qeyd olunur. Bu onu göstərir ki, seçkilərə münasibətdə ABŞ-ın, Qərbin prioritetləri nədən ibarətdir və seçki prosesində bu kriteriyalar nəzərə alınmalıdır. Əgər namizədlərə bərabər fəaliyyət imkanı yaradılmırsa, normal rəqabət yoxdursa, bu səsvermə gününü gözləmədən seçki prosesinin azad və ədalətli şərtlər çərçivəsində keçirilmədiyini irəli sürmək üçün əsas yaradır. Bu baxımdan bu prinsipin dönə-dönə təkrarlanmasına baxmayaraq, Azərbaycan hakimiyyəti nəinki bu istiqamətdə hər hansı addım atmır. Əksinə get-gedə irticanı daha da gücləndirir, zorakılıqla fəaliyyət imkanlarını daha da məhdudlaşdırır. Əgər bu çağırışdırsa, onların Azərbaycan hakimiyyətinə hər hansı təsir yaradacağını, seçki prosesinin demokratik keçməsinə təsir göstərəcəyini gözləməyinə dəyməz. ABŞ rəsmiləri də bu reallığı bilməlidirlər və bu cür çağırışlarla Azərbaycanda seçki prosesinin demokratikliyinə hər hansı bir töhfə vermiş olduqlarını düşünməməlidirlər. Onlar artıq o reallığı da dərk etməlidirlər ki, Azərbaycan hakimiyyətinin çağırışlar və ictimai müzakirələrlə islah olunmaq imkanı yoxdur. Deməli burada söhbət hökumətə ünvanlanmış çağırışlardan daha çox praktik addımlara və təzyiqlərə hesablanmalıdır. Əgər bu cür addımlar olmayacaqsa, ABŞ Azərbaycanda seçki prosesinin formalaşmasında hər hansı rol ala bilməyəcək. Bu çağırışlarla ABŞ-ın seçki prosesinə təsir göstərəcəyinə nə Azərbaycan cəmiyyəti, nə də müxalifət qüvvələri inana bilər. Ona görə də bu cür çağırışlarla yanaşı konkret addımların atılması da nəzərdən keçirilməlidir.
“Beynəlxalq birliyin saxtakarlığa adekvat reaksiyası olacaq”
– Seçkilər ərəfəsində beynəlxalq təşkilatlar da Azərbaycan hakimiyyətini sərt tənqid edirlər. “Freedom House” təşkilatının hesabatında Azərbaycanda Belarus, Tacikistanla müqayisə olunur və siyasi azadlıqların hətta Ermənistandan da aşağı səviyyədə olduğu vurğulanır. Eyni zamanda qeyd olunur ki, Azərbaycanda idarəçilikdə Rusiya modeli təqlid edilir. BMT-də də Azərbaycanla bağlı keçirilən müzakirələrdə ölkədə insan haqları və demokratiyanın durumu kəskin tənqid olunub. Bütün bu sərt mövqelər Azərbaycana nə vəd edir?
– Əslində “Freedom House”nin bu mövqeyi artıq təkrar olunan yanaşmadır. Insan haqları, korrupsiya ilə bağlı hesabatlar hazırlayan beynəlxalq təşkilatlar birmənalı olaraq Azərbaycanı açıq və sərt formada tənqid edirlər. Bütün bunlara hakimiyyət saymazyana yanaşır və praktikada bu tənqidlərin nəzərə alındığı görünməyib. Amma bu cür tənqidi məqamların seçki öncəsi artması və ritorikanın sərtləşməsi Azərbaycanın despotik rejimlərlə bir sırada olduğu ilə bağlı beynəlxalq rəydə fikri qətiləşdirir. Bu da seçkinin nəticələrinə münasibətdə onun tanınmaması üçün zəmin yaradır. Ötən seçkilərdə Azərbaycanla bağlı belə bir ictimai rəy yox idi ki, ölkəmiz despotik rejimlərlə bir sırada yer alır. Azərbaycandan hansısa gözləntilər var idi. Artıq bu gözləntilər aradan qalxıb. Azərbaycan hakimiyyəti despotik obrazı tam formalaşıb və getdikcə güclənir. Seçki ilə bağlı məsələlər dünyanın diqqətinə çatdırılandan sonra, artıq beynəlxalq təşkilatların Azərbaycandakı saxtakarlığa adekvat reaksiya verməkdən başqa seçimi qalmayacaq. Bu baxımdan bu cür hesabatların, tənqidlərin səslənməsi Azərbaycan reallığına adekvat reaksiyanın bildirilməsi baxımından vacibdir. Hesab edirəm ki, beynəlxalq ictimai rəyin bu istiqamətdə köklənməsi Azərbaycan hökuməti ilə biznes maraqları çərçivəsində fəaliyyət göstərmək istəyən qurumların, dövlətlərin işini çətinləşdirir. Bu baxımdan düşünürəm ki, bu cür hesabatların açıqlanması Azərbaycanda demokratik proseslərin inkişafı baxımından müsbət təsir göstərəcək.
Xəyal