YAP-ın icra katibi Əli Əhmədovun “Azərbaycan yaşamaq üçün çox mənalı ölkədir” sözləri bir an da olsun, yadımdan çıxmır. Indiyədək bu haqda deyəsən, iki dəfə yazmışam. Amma azdır. Hətta bundan sonra, Yunus Oğuzun sözü olmasın, bütün yaradıcılığımı həsr etsəm, yenə azdır.
Neçə gündür bu şanlı ölkəmizdə hara baxıramsa, orada bir məna görürəm. Məsələn, əvvəllər nəqliyyat naziri Ziya müəllimin oğluna aid “Transgeyt” şirkətinin avtobuslarına minəndə taleyimi söyürdüm, elə bil mən avtobusu yox, avtobus məni minir. Havasızlıq, basabas, baş çatladan tər və üfunət qoxusu, xətdəki digər avtobusla “Formula” yarışına çıxan bığıburma sürücü, hər an cibindən telefonunun, pulunun oğurlanması qorxusu… Illərdir beləcə davam edir. Artıq eyni şeyləri yaşamaq adama mənalı, maraqlı gəlmirdi. Amma dünənki hadisədən sonra artıq Anar Məmmədovun avtobuslarına başqa həvəslə, həyəcanla minəcəm.
Bilmirəm bilirsinizmi, dünən “Transgeyt”in avtobuslarının birində bir vətəndaşımız əldədüzəltmə tüfənglə başqa bir vətəndaşımızı güllələyib. Artıq bu sabitliyin hökm sürdüyü, xalqın gecələr rahatca çölə çıxa bildiyi, qurdla quzunun yanaşı otladığı ölkəmizdə təzə ənənədir. Lap “Hollivud” filmlərini xatırladır. Yəqin, bir azdan biz, məsələn, avtobusa boynuna qumbara bağlayıb minən, oturmağa yer istəyən, yer vermədikdə qumbaranın çaxmağını çəkən qocalar-zad da görəcəyik. Bir sözlə, bundan sonra marşrut avtobuslarında həyat bütün ölkəmizdəki kimi, çox mənalı, maraqlı olacaq. Minməkdən doymayacaqsınız.
Bir halda ki, “Transgeyt”in avtobuslarından danışırıq, Anar Məmmədovun özünü də unutmayaq. Türkiyənin “Hürriyet” qəzeti bizim nazir oğlu haqqında mənasız bir yazı çap edibdir, guya onun digər mühafizəçilərlə yola getməyən türk əsilli mühafizəçisi güllələnib. Niyə mənasız? Çünki qəzet yazsaydı ki, həmin mühafizəçini digər mühafizəçilər kəsib kabab çəkiblər, sonra da bəh-bəhlə basıb yeyiblər, bax, bu həm mənalı olardı, həm də inandırıcı.
Sonra qəzet yazıb ki, guya Anar Məmmədov Türkiyədəki “Çırağan” sarayında 1 milyon dollarlıq ad günü ziyafəti verib, Bodrumda isə 40 milyon dollarlıq ada satın alıb. Açığı, rəqəmlər çox sevindiricidir. Adamın ürəyi sinəsində dağa dönür. Əvvəllər Anar müəllimin hansısa türk müğənnisinə 20 min avroluq çanta, başqa bir türk müğənnisinə 500 min dollarlıq villa hədiyyə etdiyi yazılırdı, adam dilxor olurdu ki, adımız belə qəpik-quruş söhbətlərdə hallanır, nəticədə, Qarabağ da bizdən get-gedə uzaqlaşır. Amma indi sevindiricidir ki, söhbət 1 milyondan, 40 milyondan gedir. Belə yaxşıdır, ermənilərin canına üşütmə düşür, Ermənistandan 100 min-100 min, 200 min-200 min, bir növ, “paçka-paçka” qaçmağa başlayırlar. Axırda Ermənistan tamam boşalacaq, biz də gedib Isa bulağında ayı kababı çəkəcək, Cıdır düzündə “Maral, maral”a qol götürüb süzəcəyik.
Məni bir az dilxor edən o oldu ki, sevimli nazir oğlumuz vəkili vasitəsilə bir açıqlama yayıb yazılanları yalanladı. Açığı, buna heç ehtiyac yox idi. Nəzərə almaq lazımdır ki, ermənilər bu yalanlamadan ölkəmizə qarşı istifadə edə bilərlər. Deyərlər, hamısı boş söhbətlər imiş, heç bunların çoxlu pulları-zadı yox imiş. Bax, onda biz neyləyərik? Ermənistan bundan sonra necə boşalar? Qarabağa necə gedərik? Necə çıxar qaranlıqlar aydınlığa?
Digər tərəfdən, təcrübə göstərir ki, “Hüriyyet” çox ayağı düşərli qəzetdir. Keçən il orada bizim bir qoruq müdirinin təyyarədəki sərgüzəştlərindən yazılmışdı. Indi isə həmin qoruq müdiri maşallah, eyvallah, əlhəmdülillah, təhsil naziridir. Əlbəttə, burada da bir məna vardır. Deyilən söz yadigardır. Oğlun-qızın bəxtiyardır. Bir sözlə, Səməd Vurğuna uzanan dillər kəsilsin! (Bu da məni bir qazaxlı kimi, böyük şairə qarşı son hücumlara səssiz qalmaqda suçlayanlara qapaq olsun!)
Kim bilir, həmin qəzet indi Anar Məmmədov haqqında yazdıqdan sonra bizim nazir oğlunu hansı karyera sıçrayışı, hansı parlaq təyinat gözləyir…
Şəxsən bu qəzet indiyədək bircə dəfə məndən yazsa, yəqin, mən artıq çoxdanç müxalifətin vahid namizədi idim.