Ölüdən qorxanlar

Hara getsək, hansı tərəfə çevrilsək əsas mövzu, müzakirə obyekti Milli Şuradır. Insafən deyək ki, Milli Şuranın təbliğatında müxalifətçilərdən daha çox yaptokratlar “əziyyət” çəkir. Bu “təbliğat”da Siyavuş Novruzov, Əli Əhmədov və Əli Həsənovun xüsusi “xidmət”ləri var.
Mən üzümü Milli Şura üzvlərinə tutub deyirəm ki, bu adamların zəhmətini yerdə qoymaq olmaz. Nəzərə alsaq ki, antireklam özü də bir reklamdır, o zaman bu adamların haqqını vermək lazımdır. Indi imkanınız yoxdursa, gələcək üçün yadda saxlayın, bloknotunuza qeyd edin.
Bu adamlar hətta yatanda da Milli Şuranın adını sayaqlayırlar. Qeyri-rəsmi Milli Şuraya üzv olublar.
Bu istiqamətdə Siyavuş Novruzov növbəti addım atıb. “Yeni Azərbaycan” qəzetinə müsahibəsində cənab Novruzov deyib ki, “Milli Şura ölü doğulmuş uşaqdır”. Bu fikirdən sonra Milli Şuraya inamım, qələbəyə ümidim artan xətt üzrə davam edir.
Fikirləşdim ki, ilahi, bu təşkilatın ölüsü belə təlaş yaradıbsa, gör bunun dirisi nə həngamə çıxaracaq.  
Ötən yazılarımda hakimiyyətin etirafa başlamasından yazmışdım.
Əslində “ölü” söhbəti də etirafdı.
Bunlar həmişə deyirdilər ki, müxalifət yoxdur. Indi isə deyirlər ki, müxalifət var, sadəcə ölüdür. Bu gedişlə dirildəcəklər də.
Bəs, yaptokratiya ölüdən niyə belə möhkəm qorxur?
Ölü adam təhlükəsiz olmalıdır, axı.
Milli Şura, belə getsə, yaptokratları çildaqlıq edəcək.
Ancaq yaptokratların ölüdən qorxmasında bir ziddiyyət də var. 
Bu zehniyyət ölüdən qorxursa, niyə illərdi bu milləti öldürməklə məşğul olur?
Bunların dövründə intihar edənlər pik həddə çatmadımı?
Bunların yarıtmaz siyasəti nəticəsində 4000 əsgər həlak olmadımı?
Bunlar bu ölkədə həqiqəti, ədaləti, hüququ qətlə yetirmədilərmi?
Indi “repertuar”ı ÖLÜLƏRLƏ zəngin olan bir təşkilat niyə ölüdən qorxur?
Mənim bir versiyam var. Deyim siz də bilin.
Mənə elə gəlir ki, hakimiyyət ölüləri 2 yerə bölür.
Iddialı və iddiasız ölülər.
Görünür, Siyavuş müəllimin qorxduğu Milli Şura iddialı ölüdür və dirilmə ehtimalı var.
Ölkəni cəhənnəmə çevirib, insanları ölü kimi səssiz olmağa məcbur edən rejim, indi ölülərin dirilməsindən diksinib.
Istənilən halda diri doğulub milləti öldürməkdənsə, ölü doğulub milləti diriltmək daha şərəfli missiyadır.
Cek Londonun “Həyat eşqi” romanının qəhrəmanı ölməmək üçün canavarı öldürüb ətini yeyir.
Bu hakimiyyət isə öləcəyini bilə-bilə insan əti yeyir. 
Bəlkə də Siyavuş Novruzov ölüm və ölülər haqqında çox şey bilir. Ona görə də narahatdır.
Stiv Cobs deyirdi ki, “ölüm həyatın ən yaxşı ixtirasıdır, dəyişikliklərin səbəbidir. O, yeniyə yol vermək üçün köhnəni təmizləyir”.
Bu yaxınlarda saytların birində oxudum ki, Siyavuş Novruzov oruc tutur. Oruc tutan bir şəxs ölüm haqqında mütləq düşünür. Ancaq bu düşüncə diriləri ölü kimi qiymətləndirməklə nəticələnirsə, deməli, Şeytanın dəstəyi böyükdür. Mən bu Ramazan ayında Siyavuş müəllimə hidayət arzulayıram.
Ölümdən yazıb, Isveç şairi Tegneri xatırlamamaq ədalətsizlik olardı. Tegner deyirdi: “Insanlar ölümdən şər qüvvədən qorxduqları kimi qorxurlar, halbuki ölüm şər deyil, xeyirdir”.
Bəli, Siyavuş müəllim, diri olub zərər verməkdənsə, ölü olub xeyir vermək yaxşıdır.
Sonda Siyavuş Novruzova bir sual vermək istəyirəm. 
“Ölülər”lə ədalətli seçkiyə getməyə hazırsınızım?
Allah bizi şərəfsiz ölümdən qorusun.