Deputatın şirkəti 70-ə yaxın vətəndaşı aldadıb

Kərəm Həsənovun qardaşı, satdığı mənzilləri vətəndaşlara vermək istəmir

«65 mənzildə problem yaratmaqla istəyirlər ki, insanları əvvəl şərik olduqları Vəli Nağıyevin üstünə qaldırsınlar»

“Alyans N.N.” MMC şirkəti 70-ə yaxın vətəndaşı aldadıb. Bununla əlaqədar “Azadlıq”a müraciət edən şikayətçilərin sözlərinə görə, 2007-2008-ci illərdə şirkətin Xətai rayonu, Axundov küçəsi 39 ünvanında inşa edəcəyi binada mənzillər alıblar. Müqaviləyə əsasən, mənzillərin pullarını şirkətin nümayəndəsi Araz Rəhimova ödəyiblər. Rəhimov da öz növbəsində onlara pul ödədikləri barədə şirkətin möhürü olan maliyyə arayışları təqdim edib.
Binanın inşası başa çatdıqdan sonra mənzil yiyələri şirkətdən evlərin onlara təhvil verilməsini tələb ediblər. Şirkətdən verilən cavab isə onları şoka salıb. “Alyans N.N”-nin rəhbərliyi sözügedən yaşayış binalarında onların adına mənzillərin olmadığını deyib. Onlara öz mənzillərinə baxmalarına da icazə verilməyib.
Iki gün əvvəl vətəndaşlar şirkətin Xətai rayonundakı ofisinin qabağına toplaşmışdılar. Onların bəziləri artıq 2 ay bundan əvvəl məsələdən xəbərdar olsa da, digərləri bu bəd xəbəri elə orada öyrənib.
Onlar şirkətin rəhbərliyindən məsələyə aydınlıq gətirilməsini tələb ediblər. Şikayətçilərin qarşısına şirkətin icraçı direktoru Şirin Əzizov çıxıb. Məlumat üçün deyək ki, Şirin Əzizov Cəlilabadın icra başçısı Əziz Əzizovun qardaşıdır. Icraçı direktorla mənzil sahibləri arasında mübahisə yaranıb.
Şirin Əzizov şikayətçilərə deyib ki, onların əllərində olan sənədlərdəki möhür şirkətə məxsus olmayıb. O, sübut üçün ofisdən bir sənəd gətirərək göstərdi. Möhürlər arasında fərq loqoda “N.N.” hərflərinin “Alyans” sözünün yanında deyil, altında yazılması idi.
Şikayətçilər isə bildiriblər ki, möhür onları aldatmaq üçün sonradan dəyişdirilmiş ola bilər.
Ş.Əzizov vətəndaşları problemlərinin həll olunacağına inandırmağa çalışıb: “Bu evlər Bakı şəhər Icra hakimiyyətinə məxsusdur. Sizin işinizlə meriya məşğuldur. 1 həftə ərzində sizin probleminizi həll edəcəklər”.
Şikayətçilər isə bildiriblər ki, onlar icra hakimiyyətilə əlaqə saxlayıblar. Oradan deyiblər ki, icra hakimiyyətinin bu məsələdən xəbəri yoxdur.
Şikayətçilər deyir ki, şirkət bina tikmək üçün icra hakimiyyətinə rüşvət verib. Buna görə də mənzillərin meriyaya məxsus olduğunu deyirlər.
Şikayətçilər onu da qeyd ediblər ki, “Alyans N.N.” MMC-nin arxasında Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənov dayanır: “Biz bunu öyrəndikdən sonra Malik Həsənovla görüşmək üçün sahibi olduğu ”Azinko Holdinq”in ofisinə getdik. Ofisin mühafizəçiləri bizi içəri buraxmadılar”.
Aldadılmış vətəndaşlar baş verənlərlə əlaqədar ölkə rəhbərliyinə, müxtəlif nazirliklərə müraciət ediblər. Amma şikayətlərin göndərilməsindən iki aya yaxın vaxt keçsə də, onların problemilə maraqlanan yoxdur.
Şikayətçilər bir daha prokurorluğa müraciət edəcəklər. Yenə heç bir nəticə əldə edə bilməsələr, etiraz aksiyalarına başlamaq niyyətindədirlər.
Aldadılmış vətəndaşlar pulu Araz Rəhimova verdiklərini deyirlər. Bu səbəbdən biz də onunla əlaqə saxladıq. O bildirdi ki, əvvəllər sözügedən şirkətdə satış şöbəsində çalışıb: “Mən o binada 400-ə yaxın mənzil satmışam. Onlardan 65-nə indi problem yaradıblar. O möhür də şirkətin öz möhürüdür. Şikayət edən vətəndaşların hamısının sənədləri qaydasındadır və mənzillər onlara verilməlidir”.
A.Rəhimov onu da qeyd etdi ki, vətəndaşlar maliyyə arayışlarını aldıqdan bir qədər sonra “Alyans N.N.” MMC-nin sahibləri – Vəli Nağıyev və Malik Həsənov arasında müəyyən səbəblərdən narazılıqlar yaranıb. Bundan sonra sözügedən şirkət tam olaraq Malik Həsənovun nəzarətinə keçib. Yəni mənzillərə görə ödənilmiş bütün vəsaitlər də onun hesabına keçib: “Indi onlar 65 mənzildə problem yaratmaqla istəyirlər ki, insanları əvvəl şərik olduqları Vəli Nağıyevin üstünə qaldırsınlar”.
Malik Həsənovun kim olduğunu yuxarıda qeyd etdik. Vəli Nağıyev isə milli təhlükəsizlik nazirinin müavini Əli Nağıyevin qardaşıdır.

Elmin