«Sizi vicdanlı olmağa çağırırıq!»
…Mən onun məsləhətinə əməl etdim. Yerli mətbuatla tanış oldum. Məsələn, “Kommunist Sumqaita” qəzetinin 13 may 1988- ci il tarixli nömrəsindəki “Sumqayıt Şəhər Partiya Komitəsinin bürosunda” adlı xəbərdə deyilirdi: “…Şəhər üçün çətin günlərdə Azərbaycan boru-prokat zavodunun sexlərində balta, bıçaq və digər predmetlər hazırlanmışdır, bu predmetlərdən talançılar istifadə edə bilərdilər”.
Pis vəziyyətə düşən Moskva…
Sumqayıtda baş verən erməni talanları Moskvanı pis vəziyyətdə qoydu. Məlum oldu ki, SSRI DIN-i heç də həmişə ölkədə operativ vəziyyəti nəzarətdə saxlaya bilmir. SSRI Daxili Işlər Nazirinin əmri ilə Rusiyada və digər respublikalarda işləyən azərbaycanlı və erməni polis işçiləri hadisə yerinə ezam olundular. Milis kapitanı Viktor Ayrapetyan Moskva vilayətinin Krasnoqorsk şəhərində işləyirdi. 1988-ci il fevralın 29-da onu polis rəisi çağırdı və SSRI DIN-nin teleqramını ona verdi. Bildirdi ki, Azərbaycana ezam edilir. 1988-ci il martın 1-də Azərbaycan SSR DIN-də 311 nömrəli otaqda olmalıdır. Ayrapetyan və digər ezam olunanlar Sumqayıtda SSRI DIN-in cinayət axtarışı idarəsi rəisinin birinci müavini Laqodanın rəhbərliyi altında işlədilər. Krasnodar vilayətindən azərbaycanlı Əzizağa Qurbanov, Aleksandr Mirzoyan, Nikolay Sibulin Sumqayıtda işlədilər. Bu briqada iki gün ərzində 2000-ə yaxın ermənini dindirdilər, erməniləri “morqlara” apardılar, şübhəli şəxslərin şəkillərini göstərdilər.
Bayılda erməni müstəntiq…
Kapitan Ayrapetyan Bakıda, Bayıl türməsində saxlanılan şəxsləri dindirirdi. O, zor-xoş ermənilərə qarşı cinayət törətdiklərini gənclərin boynuna qoyurdu. Erməni Ayrapetyanla bir yerdə işləyən azərbaycanlı həmkarları ondan geri qalmırdılar. Onlar saxlanılan gənclərə müxtəlif cəza verir, döyür və barmaqlarını qapı arasında sıxırdılar. Ayrapetyanın dəstəsi 8 ölüm faktını təsdiqləyən ifadələr aldılar və cinayət işini məhkəməyə göndərdilər.
Sovet siyasi-ideoloji həqiqətləri…
Iş dəftərimdə 1988-ci il Sumqayıt hadisələri ilə bağlı iki qeyd də var. Birincisi, Sumqayıtda xüsusi istintaq qrupu ilə yanaşı Sov.IKP MK-nın xüsusi briqadası da işləyirdi. Onların arasında filosof-sosioloq Nikolay Sletsov da vardı. O, Azərbaycandan tamam yorğun, bambaşqa bir adam kimi qayıtmışdı. Kütləvi talanları, ermənilərin öldürülməsini bu adam mümkün olmayan, daha vəhşiliklə həyata keçirilən cinayət adlandırırdı. Ən ağırı bu idi ki, bütün bunları peşəkar qatillər deyil, adi şəhər sakinləri törətmişdi. O istəyirdi ki, biz birlikdə, təcrübəli gənc siyasətçi kimi bu yeni təzahürün cavabını da olmasa, izahını verə bilək. Axı bunlar sovet siyasi-ideoloji həqiqətlərinə uyğun gəlməyən bir amildir.
Biz anlamaq istəyirdik ki, axı müsbət mənəvi-beynəlmiləlçi mühitdə olan yüzlərlə yuxarı sinif şagirdi, texniki peşə məktəbi, texnikum və institut tələbəsi kimlərinsə çağırışı nəticəsində ictimai marağı, birgəyaşayış prinsiplərini unudub qatilə çevrilmiş, həmvətənlərini öldürmüşlər. Insanlar bir mərtəbədə, bir evdə yaşayan, onlara pislik etməyən adamları niyə öldürməliydilər? Qətllər xüsusi qəddarlıqla həyata keçirilmişdi, məhkəmə ekspertləri belə dəhşətə gəlirdilər. Ölüm psixozları yaradan hallar bu gənclərdə hardan yaranmışdı? Ictimai mühit olmadığı halda bu qətllər necə törədilə bilərdi? Yoxsa şüuraltı yaddaş aktivləşmişdi, ermənilərə qarşı genetik kin ağıllara hakim kəsilmişdi? Sovet hakimiyyəti illərində, yoxsa ermənilərə qarşı düşmənçilik hissi insanlarda ölməmişdi?
Şəhəri kim 3 gün talançıların əlinə verib?..
Ikinci qeydlərimə görə, mən Cahangir Müslümzadəni yaxşı tanıyırdım. O, Sumqayıt şəhər partiya komitəsinin birinci katibi təyin olunana qədər uzun müddət komsomolda işləmişdi. O, çox savadlı, ziyalı bir adamdı. Sumqayıta qədər Azərbaycan Lenin Kommunist Gənclər Ittifaqı Mərkəzi Komitəsinin birinci katibi olmuşdu, SSRI komsomolunun büro üzvü idi. C.Müslümzadə komsomol həmkarlarına Sumqayıtda baş verən hadisələr barədə necə yana-yana danışdığına mən özüm şahid olmuşam. O, həqiqətən baş verənlərə görə əzab çəkirdi. Cahangir gizlətmirdi ki, fevralın 27-də kütləni saxlaya bilmədi. Mən onun dediklərindən sonra bu qənaətə gəlmişdim ki, faciə təsadüfidir. Mən üç il araşdırma aparandan sonra Sumqayıt faciəsinin məğzini anladım. Düzdür, C.Müslümzadə fevralın 26-da şəhərdə deyildi. Ola bilər, şəhərdə olsaydı, fevralın 27-də mitinq keçirilməsinə imkan verməzdi, talanlar və ölümlər olmazdı. Ancaq indi düşünürəm ki, onun bu fikirləri ilğımdı, özünü aldatmaqdı, heç də həqiqəti əks etdirmirdi. Ona görə ki, o, hələ şəhərdə vəziyyəti tam ələ ala bilməmişdi. Ən başlıcası ondan ibarətdi ki, o, respublikada söz sahibi olan millətçi korrupsiyalaşmış qrupa daxil deyildi, başqa cür desək, onların sırasına qəbul edilməmişdi. O, respublikanın, Sumqayıtın digər rəhbərlərinin erməni əleyhinə ovqatından xəbərsizdi, bu qrup onu saya salmırdı. Bu qrup Sumqayıt talanlarının ilhamvericisi və təşkilatçısı kimi ortaya atıldı. Belə olmaya bilər? Bəs onda şəhəri kim 3 gün talançıların əlinə verib seyrçi mövqe tutdu?
1988-ci il may ayının 21-də Azərbaycan KP MK-nın plenumunda Müslümzadə “qurbanlıq” olduğunu anladı, təhqir olunduğunu başa düşdü, hər şeyi öz adı ilə deməyə cəhd etdi və faktlarla bütün respublika rəhbərliyini hərəkətsizlikdə, Sumqayıt talanlarının qarşısını alamamaqda suçladı. Ancaq onu 27 fevral mitinqində olduğu kimi, heç kim eşitmək, başa düşmək istəmədi. Onu vəzifəsindən azad etdilər, partiyadan çıxardılar.
Yenidənqurmanın acı zəhəri…
Yenidənqurma təsadüfənmi acı zəhərini Sumqayıtın üstünə tökdü? Kütləvi talanlar, qətllər təkcə bu şəhəri deyil, sonradan bütün Azərbaycanı qana çalxadı? Niyə məhz Sumqayıtın azərbaycanlı əhalisi Qarabağın Ermənistana birləşdirilməsi haqqında vilayət deputatlarının qərarına belə tez və qanla cavab verdi? Bu, təsadüfi deyildi. Hələ Stalin repressiyaları zamanı Ermənistandan 160 min azərbaycanlı yurd yuvasından köçürülmüşdü.
Bir dəfə, Ermənistan SSR Elmlər Akademiyasının prezidenti Viktor Ambarsumyan mənə bir teleqram göstərdi. Teleqram Bakıdan göndərilmişdi. Teleqramı 200-ə qədər alim imzalamışdı. Teleqramda deyilirdi: “Sizi vicdanlı olmağa çağırırıq! Tamam olmayan son yüz ildə ermənilər üçüncü dəfə qardaş xalqlar arasına nifaq salırlar. Ziyalılarınıza müraciət edin, həmvətənlərinizi bu yoldan çəkindirin!?.
ardı var
Surxay Hüseynli,
Azər Hüseynbala



