Milli Şuranın Beynəlxalq komissiyasının sədri, keçmiş millət vəkili Gültəkin Hacıbəyliyə qarşı təqiblər, onun əleyhinə ardıcıl iki məhkəmə qərarının çıxarılmasını ictimaiyyət nümayəndələri də qınaqla qarşılayıb. Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsi 9 yaşlı oğlu ilə bağlı qərar çıxarandan bir neçə gün sonra G.Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin anası Məmmədova Nəhayət Vəli qızı Gültəkin Hacıbəylinin 2003-cü ildən ondan aldığı 50 min ABŞ dolları məbləğində borcun qaytarılması haqqında iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib və məhkəmə iddianı təmin edib.
Arxasında siyasi sifarişin dayandığı istisna olunmayan bu qərarları Gültəkin Hacıbəylinin keçmiş deputat həmkarları da mənfi qarşılayıb.
«Ona qarşı atılan addımlara təəssüflənirəm»
Gültəkin Hacıbəylini savadlı, səviyyəli bir xanım kimi tanıdığını deyən deputat Nizami Cəfərov ona qarşı atılan addımlara təəssüfləndiyini bildirdi: “Elə bir xanımın başına belə işin gəlməsini, məhkəmədə qalmasını heç istəməzdim. Mən məhkəməyə qarşı çıxa bilmərəm. Gültəkin xanım kimi bir adama qeyri-qanuni hökm oxumaq olmaz. Ancaq məhkəmədən narazıdırsa, başqa instansiyalara müraciət etməlidir”.
«Bu, Azərbaycan məhkəməsində yeni bir mərhələ, qara səhifədir»
Deputat Çingiz Qənizadə də keçmiş həmkarını müdafiə etid: “Bir tərəfdən atanın hüquq var ki, oğlunun görüşü ilə bağlı məsələni məhkəmədə qaldırsın. Ancaq uşaq atası ilə görüşməkdən imtina edəcəksə, uşağı heç kim buna məcbur edə bilməz. Eyni zamanda məhkəmə icra məmurlarını bu məsələdə obyektiv olmağa çağırıram. Uşaq doğrudan da atası ilə görüşməkdən imtina edərsə, bunu sənədlərində dəqiq əks etdirsinlər. Belə olan halda nə məhkəmə qərarı, nə hansısa bir məmur uşağın mütləq atası ilə görüşməsi vacibdir deyə onu görüşdürə bilməz. Ilk görüş zamanı da uşaq atası ilə görüşdən imtina edib və bu onun hüququdur. Ata yüz dəfə də məhkəməyə müraciət etsə, uşaq istəmədiyi halda heç kim onu məcbur edə bilməz”.
G.Hacıbəylinin əmlakının müsadirə olunması ilə bağlı məsələyə gəldikdə, xeyli müddət əvvəl olan söhbətin indi ortaya çıxarılmasını təsadüfi hesab etmir: “Bu müqavilənin müddət məsələsi var. Yəqin o tərəfə kimlərsə nəsə vəd edib ki, xeyli əvvəl olmuş məsələ indi qaldırılıb. Yəni artıq Gültəkin xanım parlament üzvü deyil və qanuni, qanunsuz qətnamələr çıxarmaq olar. Amma Gültəkin xanımın vəkilləri deyir ki, o vəsatət baxılmamış qaldı. Məhkəmə tərəfindən vəsatətin baxılması məsələsi rədd edildikdən sonra məlum olur ki, məhkəmə vəsatətə baxıb və təmin edib. Bu artıq Azərbaycan məhkəməsində yeni bir mərhələ, qara səhifədir. Məhkəmə zamanı bir söz, məhkəmədən sonra digər saxta sənədin ortaya çıxarılması yolverilməzdir. Vəkillərin bu cür məhkəmə prosesinin video görüntüləri tələb etmək haqqıdı. Hakim kimliyindən asılı olmayaraq elə bir sifarişi qəbul edib ədalət mühakiməsində bu cür saxtakarlığa yol verirsə, o dərhal hakimlikdən uzaqlaşdırılmalıdır”.
Deputat 50 minə görə əmlakın hamısına həbs qoyulmasını da yolverilməz hesab edir və məhkəmələri ədalətli olmağa, hüquq mühafizə orqanlarını bu məsələdə obyektiv mövqe nümayiş etdirməyə çağırır. Əks halda bu cür saxta vəsatətlər Azərbaycanın məhkəmə sistemi ilə bağlı beynəlxalq aləmdə mənfi imic formalaşdıra bilər.
«Məhkəmə qərarları qanunsuz və sifarişlidir»
G.Hacıbəylinin fəaliyyətini yüksək qiymətləndirən deputat Ilyas Ismayılov hər iki məsələ ilə bağlı məhkəmə qərarlarını qanunsuz və sifarişli adlandırdı.
«Məhkəmələr ailə ilə bağlı məsələlərdə daha həssas olmalıdır»
Hər zaman G.Hacıbəyliyə müsbət münasibət bəslədiyini deyən deputat Vahid Əhmədov məhkəmələrə ailə ilə bağlı məsələlərdə daha həssas olmağı tövsiyə etdi. Çünki söhbət Azərbaycan qadınından gedir.
Fizzə


