Cəbhəçilər inamlı bəyanatlar verdi; Qonaqlar vahid namizədlə bağlı ilginc mesajlar səsləndirdi
Azərbaycan Xalq Cəbhəsi Partiyası iyulun 16-da quruluşunun 24 illiyini təntənəli şəkildə qeyd etdi. Artıq 3 ildir partiya yaranış gününü bu sayaq – yubiley olub-olmadığının fərqinə varmadan keçirir. AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyir ki, Xalq Cəbhəsinin yaranışı sıradan bir hadisə olmadığından həmin günün əlamətdar şəkildə keçirilməsi qəbahət deyil, əksinə. “Biz hər il görürük ki, bu tədbir cəbhəçilərə və bütünlükdə topluma necə müsbət enerji, inam verir. Quruluş günündə Azərbaycanın şərəfli tarixinə ekskurs edilir, maqalı məruzələr, xatirələr danışılır ki, biz bunu faydalı sayırıq və düşünürük ki, belə tədbirə doğrudan da ictimai ehtiyac var” – deyə Həsən Kərimov bildirir.
Vətəndaş Həmrəyliyi Partiyasının qərərgahında düzənlənən tədbirə ölkənin aparıcı ictimai-siyasi xadimləri, ziyalılar dəvət olunmuşdu.
İclas salonu milli bayraqlarla, Məhəmməd Əmin Rəsulzadənin və Əbülfəz Elçibəyin portretləri, şüarları ilə bəzədilmışdi. 24 illiyə yığışanların sayı o qədər çox idi ki, zal onları götürmək imkanında olmadı və beləliklə, bir çox cəbhəsevər tədbiri bayrıdan izləmək məcburiyyətində qaldı. Cəbhənin yaranış gününə əsasən paytaxtda yaşayanlar qatılsa da, ən ucqar kəndlərdən, rayonlarda da bu əlamətdar gün üçün gələnlər vardı.
Xalq Cəbhəsinin 24 illiyi ilə bağlı toplantı hərəkatın və partiyanın lideri Əbülfəz Elçibəy başda olmaqla, azadlıq və demokratiya uğurunda mübarizədə həyatını itirənlərin ruhunun yad edilməsi və dövlət himninin oxunması ilə açıq elan olundu.
AXCP sədri Əli Kərimli ilə başlanan çıxışlar təxminən iki saat yarımadək sürdü və sıxlığa, istiyə baxmayaraq sonacan yüksək əhval- ruhiyyə ilə seçildi. Tədbir Xalq Cəbhəsinin yaranışı ilə bağlı olsa da, bütün çıxışlarda gündəmin vacib hadisəsi – Milli Şura və onun namizədi Rüstəm İbrahimbəyov barədə də pozitiv fikirlər səsləndirildi, AXCP və onun liderinin Milli Şura ideyasının gerçəkləşməsində tutduğu barışdırıcı, birləşdirici xətt təqdir olundu.
Xalq Cəbhəsi Azərbaycan xalqının bağrından çıxıb
Əli Kərimli çıxışının əvvəlində Xalq Cəbhəsinin yarandığı dövrdə baş verənləri yada saldı:
– 24 il əvvəl Azərbaycan Xalq Hərəkatının təşkilati forması olan Xalq Cəbhəsi təsis olundu. Bu, Azərbaycan tarixində hər hansı siyasi partiyanın təsis olunması kimi qiymətləndirilə bilməz. Xalq Cəbhəsinin təsis oldunduğu dövrü qısaca xatırlayaq. Azərbaycan torpaqları işğala məruz qalırdı, xalqımızın azadlıq, müstəqillik arzusu 70 il idi ki, işğalla nəticələnmişdi. Işğal imkan verməmişdi ki, arzumuzu reallaşdıraq. Bu 70 illik haqsızlıq, hüquqsuzluq, asılılıq, işğalda olmaq Azərbaycan xalqının qəlbində hiddətə çevrilmişdi. Azərbaycan xalqı hiss edirdi ki, artıq onun özünün qorunmağa ehtiyacı var. Azərbaycan Xalq Cəbhəsi məhz təhlükələrə, təhdidlərə qarşı xalqın özünüqoruma instinktinin nəticəsi olaraq meydana gəlib. Özünü qorumaq, torpaqlarını qorumaq, milli maraqlarını qorumaq, Azərbaycanı azad etmək üçün xalqın bağrından çıxıb bu təşkilat… Ona görə də Xalq Cəbhəsi birbaşa Azərbaycan xalqının öz təşkilatıdır.
Baxmayaraq ki, 18 ildir həm də siyasi partiyaya çevrilmişik, amma etiraf etməliyəm ki, günü bu günü də Azərbaycan Xalq Cəbhəsi partiya çərçivəsinə sığışa bilmir. Klassik mənada hansısa bir hədəf qrupunun, hansısa bir təbəqənin təmsilçisi ola bilmir. Yəni, hansısa konkret bir ideologiyanın daşıyıcısı yox, Azərbaycan xalqının milli maraqlarının, ümumi dəyərlərinin ifadəçisi olaraq qalır. Ona görə də fəxr edirəm ki, Azərbaycan Xalq Cəbhəsi təsis olunduğu gündən bu günə kimi Azərbaycan xalqının təşkilatı olaraq qalır.
Ötən illərdə Xalq Cəbhəsi çox keşməkeşli yollar keçib, məhrumiyyətlər yaşayıb, amma çox şərəfli tarix yazıb. Ən azı, 3 dəfə Xalq Cəbhəsini rəsmən silmək üçün hakimiyyət əlindən gələni edib. 20 yanvar hadisələri zamanı Sovet Ittifaqının rəhbərliyi, Müdafiə Nazirliyi rəsmən bəyan edirdi ki, məqsədi Xalq Cəbhəsini məhv etməkdir. 1993-cü ilin iyun qiyamından sonra çevriliş nəticəsində hakimiyyətə gəlmiş Əliyevlərin əsas hədəfi Xalq Cəbhəsini məhv etmək idi. 2000-ci ildə Əbülfəz Elçibəy rəhmətə gedəndən sonra yenidən hakimiyyət rəsmən Xalq Cəbhəsini məhv etməyi hədəf seçdi. Amma məhz xalqın təşkilatı olduğuna, kökü xalqa dayandığına, xalqdan güc aldığına görə bu repressiyalara baxmayaraq, Azərbaycan xalqı bu təşkilatı ayaqda saxlayıb. Bu günlərə gəlib çıxdığımıza görə qədirbilən xalqımıza təşəkkür edirəm. Azərbaycan Xalq Cəbhəsinin əldə etdiyi uğurlar, xalqa verdiyi xidmət heç şübhəsiz ki, onun sıralarında birləşmiş on minlərlə insanın fədakarlığının nəticəsi idi.
Və bu yerdə əlbəttə ki, Azərbaycan Xalq Cəbhəsinin keçmiş sədri, eyni zamanda Milli Azadlıq Hərəkatının lideri olmuş və Xalq Cəbhəsinin formalaşmasında müqayisəyəgəlməz xidmətləri olan rəhmətlik Elçibəyi hötmətlə anırıq. Onunla bərabər Xalq Cəbhəsini qurmuş, onunla çiyin-çiyinə Azərbaycanı qarış-qarış gəzmiş, bu məhrumiyyətləri yaşamış, başda Xalq Cəbhəsinin ilk Idarə Heyəti olmaqla, bütün Xalq Cəbhəsi veteranlarını minnətdarlıqla xatırlayırıq.
Ötən 20 ildə elə bir ay yoxdur ki, o müddətdə aramızdan siyasi məhbus olmasın
Azərbaycan Xalq Cəbhəsinin bir özəlliyi də var: 1993-cü ildən bəri elə bir il, elə bir ay olmayıb ki, sıralarımızdan siyasi məhbus olmasın. Yüzlərlə cəbhəçi vətən, millət naminə bu məhrumiyyətləri gözə alıb, mərdliklə o məhrumiyyətlərə sinə gərib, siyasi məhbus ömrü yaşayıb və Azərbaycanda siyasi məhbusların şərəfli imicinin formalaşmasında rol oynayıb. Bu gün də təsis günümüzü qeyd etdiyimiz məqamda neçə-neçə cəbhəçi həbsxanalardadır.
Amma zaman dəyişib. Artıq həbsxanada siyasi məhbuslar təkcə cəbhəçilər deyil. Bu gün Azərbaycan gəncliyi AXCP ilə, mübarizə aparan partiyalarla bərabərdir. Onlardan da çoxlu sayda məhbuslar var. Ona görə də kimliyindən asılı olmayaraq, siyasi məhbus həyatı yaşayan qeyrətli övladlarımızı burdan salamlayıram, onlara arxa olduğumuzu, onlarla qürur duyduğumuzu bəyan edirəm.
Bizim üçün xalqın maraqları şəxsi və qrup maraqlarından öndədir
Hiss olunur ki, on illər ərzində apardığımız mübarizə bəhrəsini verir. Situasiya Azərbaycanın demokratik qüvvələrinin xeyrinə dəyişir. Müşahidə edirik ki, bu gün xalqın ən müxtəlif təbəqələri hökumətlə artıq cəbhəçi kimi danışır, haqqa haqq deyir. Azərbaycan xalqı artıq toparlanır, gücünü bir araya gətirir. Cəmiyyət fərqindədir ki, bu haqsızlıq durdurulmalıdır. Azərbaycanı bu haqsızlıqlarla razılaşmayanlar xilas edəcək. Çiyin-çiyinə mübarizə aparıb, ümumi məqsədlər naminə şəxsi qrup maraqlarından vaz keçərək, güzəştə getməyi bacaranlar xilas edəcək.
Azərbaycan Xalq Cəbhəsi öz mübarizəsində səmimidir. Təxminən bir il əvvəl dedik ki, Azərbaycanda demokratik seçki mühiti yoxdur. Tək çarə hamının bir araya gəlməsi, ölkənin demokratik qüvvələrinin vahid namizəd irəli sürməsidir. Sonra da hamını vahid namizəd üçün bir araya gəlməyə səslədik. O zaman kimlərsə düşünürdülər ki, biz kampaniyanı öz maraqlarımız üçün aparırıq. Amma zaman gəlib çatdı, biz səmimiyyətimizi ortaya qoyduq. Əvvəldən güzəştə getdik və bildirdik ki, bizim üçün xalqın maraqları şəxsi və qrup maraqlarından öndədir.
Şadam ki, bu gün Demokratik Qüvvələrin Milli Şurasını qurmuşuq. Buradan bir daha bəyan edirəm ki, Azərbaycan Xalq Cəbhəsi hər zaman mübarizəsində səmimidir. Bir halda ki, biz bir araya gəldik, içimizdən vahid namizəd seçdik, burdan bəyan edirəm ki, Xalq Cəbhəsinin bütün strukturları, bütün üzvləri bütün imkanları, resursları ilə birləşmiş müxalifətin vahid namizədi Rüstəm Ibrahimbəyovun arxasındadır.
Biz bacarmışdıq, bir daha bacaracağıq!
Xalq Cəbhəsi bizlər üçün böyük bir ailədir. Azərbaycan xalqının ailəsinin sütunu bizim xanımlarımızdır. Ailəni davamlı edən, ailə başçısının başını dik tutmasına səbəb olan xanımlardır. Bizim böyük ailəmizdə də bu belədir. Hər zaman bizi sarsılmaz, məğlubedilməz edən sıralarımızdakı ləyaqətli, qeyrətli, əqidəli xanımlardır. Onların hamısına təşəkkür edirəm. Azərbaycanlılar övladlarını çox sevirlər. Özləri qatlaşdıqları əziyyəti övladlarına rəva görmürlər. Azərbaycan Xalq Cəbhəsi də xalqımızın bu xüsusiyyətini daşıyır. Biz gənclərimizlə fəxr edirik, onları çox sevirik. Onlara çox güvənirik və bilirik ki, hətta bizim bacarmadıqlarımızı da onlar bacaracaqlar. Əminik, qürurluyuq ki, onların sıralarından Azərbaycanın gələcək böyük liderləri yetişəcək. Eşq olsun, cəbhəçi gəncliyə!
Eyni zamanda hərəkatçı veteranlara səslənirəm. Artıq vaxtdır, ölkənin hər yerindən, gərəkirsə, dünyanın hər yerindən toplanın gəlin, bu məmləkətə sahib olun və gur səslə deyin ki, “Biz bacarmışdıq, bir daha bacaracağıq!”
Sonra söz qonaqlara verildi.
Müsavat başqanı İsa Qəmbər 16 iyulu şərəfli gün adlandırdı və bu tarixlə bağlı bitməyən xatirələrinin olduğunu dedi. Başqan bildirdi ki, müstəqilliyin əldə edilməsində, SSRİ-nin dağılmasında Xalq Cəbhəsinin müstəsna rolu var. O bu rolu görməzdən gələnləri nadan adlandırdı.
İsa Qəmbər hesab edir ki, Xalq Cəbhəsi ilə bağlı kitablar yazılmalı, həqiqətlər xalqa çatdırılmalıdır. “Çünki hazırda AXC haqqında ancaq onu sevməyənlər, hətta daxilən müstəqilliyi qəbul etməyənlər yazır”. Müsavat başqanı tarixçi alim Cəmil Həsənlidən belə bir təmənnalarının olduğunu dedi.
İsa Qəmbər qeyd etdi ki, AXCP bir çox başqa partiyalar kimi AXC-yə təkcə mənəvi tellərlə bağlı deyil, həm də onun hüqüqu varisidir. “AXCP hər zaman mübarizənin önündə olub. Cəbhəçilərə kənardan çox sözlər, iradlar deyilib. Amma onların mübarizliyi, fədəkarlığı heç kimdə şübhə doğurmur, doğura bilməz də”, – deyə Müsavat başqanı bildirb.
İsa Qəmbər sözlərini sabaha inamla bitirib: “Xalqımız cəbhəçilərlə birlikdə yaxın vaxtlarda 28 May kimi tarixi bir gün yaradacaq”.
Milli Şuranın və Ziyalılar Forumunun üzvü, tarixçi alim Cəmil Həsənli AXC-ni “tarix yaradan təşkilat” kimi tərif etdi. O, dedi ki, Azərbaycana müstəqillik bəxş edən bu təşkilat ölkəni azadlığa da qovuşduracaq.
Cəmil Həsənli bildirdi ki, Azərbaycanın avtoritar hakimiyyəti ötən illərdə milli təşkilatlara, o cümlədən Xalq Cəbhəsinə düşmənə edə bilmədiklərini edib. “Hazırda belə bir hücum da Milli Şuraya və onun sədri Rüstəm İbrahimbəyova qarşıdır”, – deyən Cəmil Həsənli bu uğursuz siyasətin məğlubiyyətə məhkum olduğunu əlavə etdi.
VHP sədri Sabir Rüstəmxanlı xalq hərəkatından danışaraq, o günlər iftixarla xatırladığını dedi. “Zaman böyükləri daha da böyüdür, kiçikleri daha kiçik, qum edib itirir” deyən Sabir Rüsətmxanlı Xalq Cəbhəsinə atılan böhtanların, iftiraların yersiz və nəticəsiz olduğunu bildirdi. “Xalq Cəbhəsi daha əzəmətli olacaq” deyən VHP sədri milli hədəflərə qarşı yürüdülən siyasəti də kəskin tənqid etdi. Xalq Hərəkatını, Xalq Cəbəhsini gözdən salmaq istəyənlərin özülərinin gözdən düşdüyünü vurğulayan Sabir Rüstəmxanlı AXCP üzvlərinə uğur dilədi.
ACP sədri Sülhəddin Əkbər də təbriklərini çatdırdı. O, AXCP-nin Azərbaycan siyasi meydanında xüsusi çəkiyə malik olmasını vurğuladı. Sülhəddin Əkbər indiki mübarizədə gənclərin sıralarının genişləndiyini söylədi və bunu qələbənin əsası kimi qiymətləndirdi.
Sülhəddin Əkbər Milli Şura barədə də danışdı. O, Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizəd irəli sürülməsini yüksək qiymətləndirdi. Bildirdi ki, tarixin bütün çətin məqamlarında xalq ziyalıların ətrafında birləşib, indi də elədir. ACP sədri tədbir iştirakçılarını İbrahimbəyovun namizədliyini müdafiə etməyə və onun təbliğatında fəallıq göstərməyə çağırdı.
Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev Xalq Cəbhəsinin Azərbaycan tarixindəki rolundan danışdı. Bildirdi ki, Azərbaycanda Sovetlərdən sonra çoxlu partiyalar yarandı və onların əksəriyyəti AXC-nin şinelindən çıxıb. Daha sonra o, AXC-nin 24 illiyi ilə bağlı Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun təbrik məktubunu oxudu. Məktubda deyilir:
“Bu gün Azərbaycan Milli Azadlıq tarixində xalqımızın iradəsinin təşkilatlanmış ifadəsi olan Azərbaycan Xalq Cəbhəsinin yaranmasından 24 il ötür. Azərbaycan Xalq Cəbhəsi istər hərəkat, istəsrsə də partiya olduğu dövrlərdə ölkədə siyasi azadlıqlar, söz azadlığı və qanunların aliliyi kimi yüksək prinsip və dəyərlərin bərqərar olması üçün mübarizə aparmışdır. Demokratiyanın bir dəyər kimi insanlara unutdurulmaması üçün əlindən gələni etməyə çalışmışdır. Bu gün də Azərbaycan Xalq Cəbhəsi ölkənin taleyində ciddi dönüşlər üçün ümid bəslənilən əsas qüvvələrdən biridir. Ümidvaram ki,Milli Şuranın yaranmasında və güclənməsində AXCP-nin göstərdiyi səmimi və təmənnasız səylər unudulmayacaq. Yaranmasının 24 illiyi münasibəti ilə Azərbaycan Xalq Cəbhəsinin hər bir üzvünü və rəhbərliyini təbrik edir, ölkəmizin xoşbəxt gələcəyi uğrunda fəaliyyətlərində uğurlar arzulayıram”.
İslam Partiyasının sədr əvəzi Elçin Manafov partiyanın hazırda həbsdə olan sədri Mövsüm Səmədovun salamlarını çatdırdı. Elçin Manafov qeyd etdi ki, ölkədə İslama qayıdışın baş verməsində Xalq Cəbhəsinin danılmaz rolu var. “Çünki, o hərəkatdan sonra milli-mənəvi dəyərlərə qayıdış oldu”. Elçin Manafov dedi ki, AXCP-dən çox partiyalar çıxsa da, bu partiya hələ də xalqın partiyası sayılır. “Əli bəy, həmişə öndə olmusunuz, yenə də öndə olmağı və qələbə arzulayıram”, deyə Manafov çıxışını yekunlaşdırdı.
Sonrakı çıxışçı AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı oldu. O, Xalq Cəbhəsinin ideallarından danışdı. “Əliyevlər 20 ilə yaxındır böyük media gücü, pulu, polisi, silahı ilə bu dəyərlərə qarşı döyüşürsə də, bacarmır, əksinə Cəbhə sıralarına qoşulanlar günü-gündən artır, qarşı tərəf isə uçurumun dibinə yuvarlanır” – deyə bildirdi.
Əbülfəz Qurbanlı əlavə etdi ki, AXCP tezliklə müttəfiqlərilə birlikdə hakimiyyəti dəyişəcək, ən əsası isə AXCP-nin təkbaşına iqtidarda olacağı da uzaqda deyil.
Milli Şuranın üzvü, tanınmış siyasətçi İbrahim İbrahimli cəbhəçi veteranlar adından çıxış elədi. O bütün veteranlar adından yığıncaqdakıları təbrik etdi. Xalq Cəbhəsi haqda danışarkən o, dedi ki, illərdir ağlasığmaz məhrumiyyətlərə sinə gələn bu təşkilatın heç bir umacağı və qazancı yoxdur. Lakin AXCP-nin çoxlarının həsəd aparacağı bir qazancı var ki, bu da xalq məhbəbəti və etimadına yiyələnməsidir. İbrahim İbrahimli dedi ki, AXCP Heydər Əliyev tərəfindən hakimiyyət qəsb olunandan sonra xalqın mübarizə ruhunun ölməsinə imkan verməyən təşkilatdır.
Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin rəhbəri, ilahiyyatçı Hacı İlqar İbrahimoğlu da AXCP-ni təbrik etdi, bu partiyanın dönməz və fasiləsiz mübarizəsindən danışdı. O, bildirdi ki, Xalq Cəbhəsi milli-mənəvi dəyərlərin bərpa olunmasında mühüm rol oynayıb, onlara daim ehtiram bəsləyib: “Xalq Cəhbəsinin sayəsində çoxları ilk dəfə “Allahu Əkbər” sözünü meydanlarda eşitdi, ana dilində danışmağın nə qədər qürurlu olduğunu dərk etdi”.
Hacı İlqar sonda Əli Kərimliyə təşəkkür etdi ki, ölkədə islamafobiya tüğyan edəndə “biz milli-mənəvi dəyərlərin daşıcıyılarıyıq və bundan bir addım da geri atmayacağıq” şəklində mövqe göstərib.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev ölkədə demokratikləşmə uğrunda mübarizədə AXCP-nin və onun lideri Əli Kərimlinin böyük rol oynamasından danışdı.
Milli Şuranın üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəyli Xalq Cəbhəsi ilə bağlı xatirələrini bölüşdü. O, Milli Şuranın yaranmasında AXCP üzvlərinin, şəxsən partiyanın lideri Əli Kərimlinin böyük fədakarlıq, ləyaqət və kişilik göstərdiyini vurğuladı. Gültəkin Hacıbəyli Xalq Cəbhəsinə, partiyanın üzvlərinə ölkəyə “Azadlıq” qəzeti və “Azərbaycan saatı” kimi media layihələri bəxş etdikləri üçün minnətdarlığını çatdırdı. Bildirdi ki, “Azadlıq” qəzeti bu gün azad sözün yeganə qalasına çevrilib.
Gültəkin Hacıbəyli çıxışında Milli Şura və onun vahid namizədi Rüstəm İbrahimbəyova güclü inamını ifadə etdi və fikirini “Milli Şuranın vahid namizədi ya Rüstəm İbrtahimbəyov olmalıdır, ya da Rüstəm İbrahimbəyov” sözləri iləı bitirdi.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli AXCP-nin daim basqılara məruz qaldığını, lakin gücünü xalqdan aldığı üçün ayaqda durduğunu bildirdi. “Bu təşkilat Azərbaycana müstəqilliyi qazandıran, sıralarında torpaqların müdafiəsi üçün minlərlə şəhid verən, ölkəyə demokratiyanın elementlərini gətirən təşkilatdır”- deyə Aydınlar sədri AXCP barədə yüksək fikirlərini səsləndirdi.
VHP sədrinin müavini Samir Əsədli çıxışında daim Cəbhənin uğurluarına sevindiyini qeyd etdi. O, eləcə də həbsdəki gənc siyasi məhbusların salamını və təbriklərini çatıdırdı, AXCP-yə uğurlar dilədi.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da Xalq Cəbhəsinin onun həyatında əvəzsiz rol oynamasından danışdı və cəbhəçi olmaq üçün “saxtakarlığa” da əl atdığını etiraf elədi. Bildirdi ki AXC-yə qoşulmağa yaşı imkan vermədiyindən, ərizədə yaşını artıq göstərib.
O bildirdi ki, Azərbaycan tarixini AXCP-siz təsəvvür etmək mümkün deyil. Fuad Qəhrəmanlı AXCP-nin ölkədə siyasi mədəniyyətin formalaşmasına misilsiz töhvələr verdiyini də qeyd etdi.
“Xalq Cəbhəsinin gücü təkcə keçmişində deyil, bu günündədir və sabaha olan ümidindədir. Baxın, ölkəni Əliyevlərdən qurtarmaq üçün Azərbaycan xalqı nə istəyirdi? Müxalifət bir olsun, vahid namizədlə seçkiyə getsin. Bəs bu ideyanı cəmiyyətə gətirən kim oldu? AXCP və onun lideri!” deyən Fuad Qəhrəmanlı Milli Şçuranı həm də AXCP-nin uğuru kimi təqdim etdi.
“Başqaları susanda da, cəbhəçi susmaz!”
Sonda Əli Kərimli yenidən qısa çıxış etdi:
– Kimlər üçünsə paradoksal görünsə də, bizi ideologiyadan, praqmatik maraqlardan çox xarakter birləşdirir. Xalq Cəbhəsi bütöv xarakterlərin təşkilatıdır. Xalq Cəbhəsi o insanların təşkilatıdır ki, başqaları susanda da, cəbhəçi susmaz. Başqaları vəziyyətlə barışanda da, cəbhəçi barışmaz. Hər zaman şərin, zülmün, zalımın qarşısındadır Xalq Cəbhəsinin üzvləri. Hər zaman haqqı, hüququ tapdananların yanındadır, onların qolundan tutur Xalq Cəbhəsinin üzvləri. Hər zaman mərdliyin, bir sifətliliyin nümunəsini yaradır Xalq Cəbhəsi. Yalanı deməz, yaltaqlanmaz, bir sifəti olar cəbhəçinin. Bizi birləşdirən Azərbaycan xalqının bu dəyərləridir. Biz gücümüzü də ondan alırıq. Bizim bu ad günümüzdə özümüzə icazə verib bunu uca səslə deyirik: bəli, nə qədər məhrumiyyətlərə məruz qalsaq da, nə qədər çətinliklər yaşasaq da, hamımızın alnımız açıqdır. Biz bu millət üçün hər şeyi etmişik və edəcəyik. Biz bu millət üçün gərəkirsə, canımızdan da keçəcəyik. Bizlər o insanlarıq ki, heç zaman haqsızlığın qarşısında susa bilmərik. Susmaq, barışmaq bizim üçün ən böyük cəzadır. Biz o cəzanı çəkməməkdən ötrü bütün başqa cəzalara hazırıq. Biz üzərimizdəki məsuliyyəti bilirik. Biz acı, məşəqqətli illərdən sonra 24 yaşımıza böyük ümidlə gəlmişik. Azərbaycan cəmiyyətinə təqdim etməyə ilkin nəticələrimiz var. Bu gün haqqında ürəklə danışdığımız Milli Şura bizim üçün güvənc, inam yeridir. Amma bilirik ki, hələ çox işləri də görməliyik. O işləri də görmək üçün bizim siyasi iradəmiz var. Biz özümüz özümüzə güvənirik. Inanırıq ki, biz bu yolu sona qədər gedəcəyik. Azərbaycanı gerçək azadlığa qovuşdurana qədər biz bu yoldayıq. Bizimlə bərabər olmaq istəyənlər, buna cəsarəti çatanlar, haydı, bizimlə bərabər gəlsinlər, ürəkdə cəbhəçi olanlar meydanda da bizimlə olsunlar!































***
Tədbir xalq hərəkatının himninə çevrilmiş Koroğlu operasının Uverturasının səslənməsi ilə başa çatdı. İştirakçılar sonra Fəxri Xiyabanda Xalq Cəbhəsinin mərhum lideri Əbülfəz Elçibəyin məzarını ziyarət etdilər.
Natiq,
Bəyim



