Qobustanın hərbi komissarını həbs ediblər. O, vəzifədə qalmaq üçün ondan istənilən 500 min dolları toplayıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun sürücüsünə çatdırmalı imiş.
Xəbərdə öyrənməli başqa bir çox şeylər də var.
Əvvəla, məlum olur ki, xidmət rəisinin həmin sürücüsünün özü də həbsdədir. Bəh, bəh, bəh! Adıçəkilən xidmət cəmi-cümlətanı bir ildir yaradılıb, amma artıq onun rəisinin sürücüsü dələduzluğa görə içəridədir. Bu nə sürət, bu nə cürət, bu nə istedad, bu nə qabiliyyət! Eşq olsun! Fəxr edirik! Qürur duyuruq!
Hələ bu harasıdır? Xəbərdən belə məlum olur ki, ölkədə təkcə hansısa rayonun hərbi komissarı qalmaq üçün yüz minlər tələb edilir. Əks halda, Qobustan rayonunun hərbi komissarı ondan tələb edilən məbləğ qarşısında heyrətdən yerindəcə donub qalmaq yerinə nədən razılaşsın? Niyə etiraz etməsin?
Üstəlik, o, 500 min manat kimi bir məbləği toplayırsa, deməli, onu artıqlaması ilə qazanacağından əmindir. Bəs hardan? Necə? Hansı yolla?
Yersiz suallardır. Daha doğrusu, cavabı özündə olan suallar. Hamı onsuz da hər şeyi bilir.
Xəbərdə daha bir cümlə vardı, oxudum babat güldüm. Sitat: “500 min manat məbləğində pul toplanaraq Arzu Rəhimovun sürücüsü Natiqə verilib. Natiqin bu pulu konkret kimə çatdırdığı məlum deyil”.
Ay sizi dovşan yesin! Pulu toplayan bəlli, toplanan pulun kimə verildiyi bəlli, amma həmin adamın 500 min manatı konkret kimə çatdırdığı bəlli deyil, eləmi?
Utanmasalar, yazacaqlar ki, toplanan məbləğ Somalidə acından ölən insanlara çatdırılıb. Bunlara nə var? Bunlardan hər şey gözləmək olar.
Birinci dəfə deyil, həmişə belə olur, hansısa yekə məmurun katibəsinin, sürücüsünün, köməkçisinin iri məbləğlərdə rüşvət aldığının üstü açılır, amma heç vaxt həmin rüşvətin sonda harada, kimdə qərar tutduğu açıqlanmır, bu, sonadək qaranlıq qalır. Elə bilirlər, camaat çörəyi qulağına yeyir. Əbəsdir! Necə deyərlər, “biz sizi də tanıyırıq, Elşad Xoseni də”.
Yadınızdadırmı bilmirəm, keçənlərdə baş nazir müavini Elçin Əfəndiyevin köməkçisini də bir milyon rüşvət aldığına görə həbs etmişdilər. O vaxt da məlum olmamışdı ki, həmin pul konkret kimə çatıb. Bəlkə araşdırsanız, o bir milyon manat da hemofiliyalı uşaqlara yardım fondlarına köçürülüb, həmin pulların sayəsində yüzlərlə cocuq öz sağlamlığına qovuşmaqdadır. Bəli, başqa cür ola bilməz. Bizim korrupsiyamız da xeyirxah, humanistdir. Siz də elə bilirsiniz, bunlar keflərindən oğurlayırlar. Hamısı aclıqla, xəstəliklərlə mübarizə üçündür.
Əli Əhmədov demiş, Azərbaycan həqiqətən də çox mənalı ölkədir. Burada heç nə boş yerə baş vermir. Hər şeyin öz mənası vardır. Bax, elə dünən daha üç gənc fəalın şərlənərək həbs edilməsini götürək. Guya bu repressiyadır-zad. Yalandır, hakimiyyət onları xarici düşmənlərdən, qara qüvvələrdən qorumaq, təhlükəsizliklərini təmin etmək üçün içəri atıb. Lap Rafiq Tağı məsələsində olduğu kimi.
Nə qədər ki, içəridə idi, həyatına təhlükə yox idi.
Elə ki, azadlığa çıxdı…
Bir daha təsdiqləndi ki, bu ölkədə yaşamaq üçün ən təhlükəsiz, rahat yer elə həbsxanalardır.
Ona görə də içəridə nə qədər müxalifətçi olsa, qulaqları da dinc olar, heç kim onlara barmaqlarının ucu ilə toxuna bilməz.
Yoxsa, siz də başlamısınız ki, ay nə bilim siyasi sifariş, şərləmə, repressiya-zad.
Ayıbdır. Adam bu qədər naşükür olmaz.
Nə ölkədəki korrupsiyanın mənasını anlayırsınız, nə də repressiyaların. Boş-boş danışmaqdan başqa əlinizdən bir şey gəlmir.
Şair də yaxşı deyib: “Gözəl Vətən! Mənan dərin”…