Səbəblər arasında yerli istehsalın normadan az olması və quş yeminin bahalaşması da var
Vahid Məhərrəmov: «Novruz bayramından sonra qiymət nisbətən ucuzlaşacaq»
Son günlər yumurtanın qiyməti az qala, iki dəfə bahalaşıb. Ölkə bazarlarında 16-17 qəpiyə satılan yumurtanı indi 25-30 qəpiyə almaq olur. Yumurtanın Azərbaycan əhalisinin ən çox istifadə etdiyi ərzaq məhsullarından biri olduğunu nəzərə alsaq, qiymət artımının orta azərbaycanlı ailəsinin büdcəsinə necə ziyan vurduğunu təsəvvür etmək olar.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmova müraciət edib bahalaşmanın səbəblərinə aydınlıq gətirməyə çalışdıq.
V.Məhərrəmov bildirdi ki, qiymət artımı bir neçə səbəblə bağlıdır. Bu səbəblərin arasında quş yeminin bahalaşması və yerli istehsalın normadan az olması da var: “Təəssüf ki, biz quş yemini xaricdən idxal edirik. Orada qiymət qalxdığı üçün bu, bizim bazara da təsir edir. Yumurtanın maya dəyərinin 66 faizini yemin qiyməti təşkil edir. Ona görə yem bahalaşan kimi yumurta da bahalaşır. Digər ciddi səbəb Azərbaycan əhalisinin yumurta istehlakı normasının rəsmən az təyin edilməsidir. Hökumət bu normanı ildə 130 ədəd müəyyənləşdirib. Əslində isə insanın fizioloji durumunu təmin etmək üçün norma 280 ədəddir. Bəzi ölkələrdə bu, 300-350-dir. Elə ölkə var ki, orada 500 ədəddən çoxdur. Bizim hökumətin nəzərdə tutduğu norma qondarmadır. Əgər 280-300 ədəd istehsal etsək, o zaman qiymətlərdə də belə sıçrayış olmaz. Hökumət nümayəndələri deyirlər ki, biz kifayət qədər istehsal etmişik, sadəcə bazardakı inhisarçılar, işbazlar qiyməti süni şəkildə qaldırırlar. Halbuki belə deyil. Əslində biz istehlak normamıza uyğun yumurta istehsal edə bilməmişik. 2 milyard 600 milyon ədəd olmalıdır, amma hazırda 1 milyard 100 milyondur. Iki dəfədən də az istehsal edirik”.
Ekspert bahalaşmada inhisarçılıq amilinin də böyük rol oynadığını deyir: “Bu gün ölkəyə demək olar ki, yumurta idxal olunmur. Vaxtilə qiymətləri süni şəkildə aşağı salmaqla yumurta idxalıyla məşğul olan sahibkarları sıradan çıxardılar. Indi bazarı ələ alıblar və istədikləri qiyməti diktə edə bilirlər. Bu gün Irandan, Ukraynadan ucuz qiymətə yumurta gətirmək olar. Amma müəyyən sahibkarlar bunu etsələr, həmin anda daxili bazarda qiymətlər enəcək və onlar avtomatik ziyana düşəcəklər.
Istehsalla da bağlı ciddi işlər görülməlidir ki, biz özümüzün yumurtaya olan tələbatımızı ödəyə bilək. Bu gün dünya bazarında bununla bağlı çox ciddi problem var. Çin və Hindistan kimi ölkələrin əhalisi artdıqca yumurta istehlakı da artır. Tələbat artdıqca dünya bazarında yumurta çatışmazlığı yaranır. Bunun üçün də istehsalı gücləndirmək lazımdır”.
V.Məhərrəmov hesab edir ki, Novruz bayramından sonra yumurtanın qiyməti nisbətən ucuzlaşacaq: “Havalar isindikcə və gün uzandıqca yumurta istehsalı artacaq. Bu da öz növbəsində qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq. Amma Novruz bayramına qədər bunu gözləməyə dəyməz. Hələlik bayramla bağlı ajiotaj var deyə qiymət belə qalacaq”.
Gültəkin