Xalq Cəbhəsi nə üçün lazımdır?

Bu nəhəng bir mədəniyyət hadisəsidir və bu hadisəni qürurla qeyd etmək gərəkdir

Heç partiyalı olmaq istəməzdim. Ona görə yox ki, hər hansı bir partiya şəxsi özgürlüyün ictimai ifadəsi üçün əngəller yaradır. Ona görə yox ki, partiya siyasi qəlib deməkdir. Ona görə yox ki, partiya yalnız siyasi düşüncə əsasında eyniləşən insanların ansamblı kimi bir şeydir.
Partiyalı olmaq istəməzdim ona görə ki, hər hansı bir partiya insanları siyasi hakimiyyət uğrunda mübarizəyə səfərbər edir.
Mən siyasi hakimiyyət istəmirəm! Siyasi hakimiyyətin təmsilçisi olmaq istəmirəm. Siyasətə dəxli olmayan insanların yaşantıları ilə uğraşmaq istəyirəm.
Amma indi buna imkan yoxdur. İndi siyasətə dəxli olmayan insanların yaşantısı yoxdur. Siyasətə dəxli olanların da…
İnsanlar girov kimidir. Heç kimin taleyi öz əlində deyil. Hər kəs günün, saatın birində daha olmaya bilər və ya bir saat əvvəlki mahiyyetini itirməyə məcbur edilə bilər.
Məmləkət belədir. Bu gündədir. Sən indi varsan, bir saat,.. sonra daha olmaya bilərsən. Səni səndən alıb zibilə döndərərlər! Və kimsə sənin bir saat əvvəlki mahiyyətinlə ilgilənməz, hamı həmin bir saat sonra zibilə dönmüş mahiyyətinlə öcəşər. Yaxşıdırmı, pisdirmi, bilmirəm. Bildiyim odur ki, insanı özündən alıb başqasına çevirmək çox vicdansız hərəkətdir. Bunu yapan inzibati vicdansızlıqdır. Amma ictimai vicdanın olduğu yerdə inzibati vicdansızlıq at oynada bilmir. Axı, insan zəif məxluqdur. İnsanı ağrıtmaq üçün dırnaqlarından birini qoparmaq kifayətdir. Barmaqlarını qapı arasına qoyub sıxmaq kifayətdir… Bioloji ağrılarına qalib gələ bilən insanı sındırmaq üçün başqa vasitələr var. Amma bu vasitələrin heç biri mükəmməl ictimai dəyərlərə güvənən insanın iradəsindən güclü deyil. Bu mükəmməl ictimai dəyərləri yaradan, qoruyan, möhkəmləndirən insanlar İlahi gücün daşıyıcılarıdır!
Partiyalaşma, özü- özlüyündə boş şeydir. İradəsini qəliblərin içində təsəvvür etməyən insanlar üçün partiyalaşma qədər mənasız şey yoxdur. Amma cəmiyyət ədalət mexanizminə sahib olmayanda, gözünü sevdiyim ədalət işlək mexanizmə çevrilməyəndə ayrı-ayrılıqda götürülmüş hər bir insan ədalətsizliyin yaşaması üçün yemdir və bundan başqa bir şey deyil. Cəmiyyət ya bir sistem olmalıdır ki, özünüqoruma mexanizmləri olsun, ya da bir sistemsizlik olmalıdır ki, heç bir qoruma mexanizmi olmasın. Sistemsizlik dəyərsizlikdir, ləyaqətsizlikdir, cəmiyyətsizlikdir.
Azərbaycanda cəmiyyət qurulmalıdır. Çünki Azərbaycanda cəmiyyət, hələ, yoxdur. Burada xaotik dəyərlər hökm sürür.
Azərbaycanda partiyalı olmaq bunun üçün lazımdır. Bəşəri dəyərlərdən məhrum edilmiş topluma həmin dəyərləri qaytarmaq üçün.
Bu, ağır prosesdir, ağır savaşdır. Haqqını vermək istədiyin insanlara bu haqqın sahibi olduqlarını inandırmaq qədər çətin iş yoxdur. Amma bu proses getməlidir, başa çatmalıdır. Yoxsa, günün birində hansısa harınlıq öz daşıyıcısı ilə birlikdə insan əti yeməyə qədər irəliləyib ölkəni qanlı bir mətbəxə çevirə bilər. Sistemsiz cəmiyyetlərin olduğu ölkələrdə insanların hamısı girovdur, onlarla ən ağlagəlməz qaydada rəftar etməyə hazır olan onlarla, yüzlərlə, minlərlə,.. dibsiz zəkalı məxluqlar var.
Sevdiyim Azərbaycan bu şəkildədir.
Bu şəkildə olan Azərbycanda toplu dirənişin yolu partiyalaşmadan, yəni təşkilatlanmadan keçir.
Buna görə partiyalı olmaq lazımdır!
Partiyalı olmaq gərəkən yerdə men AXCP-ni seçirəm. Çünki bu partiya virtual deyil, bir gerçəkdir. Onun 24 illik fəaliyyəti milyonlarla insanın enerjisi üzərində qurulub. AXCP son 24 ildə azərbaycanlıların ortaya qoya bildiyi ən nəhəng layihələrdən biridir. AXCP-nin hər bir üzvü gerçək bir enerji qaynağıdır. Pozitiv bir enerji! İctimai enerji! Və gerçək bir tarix…
Heç partiyalı olmaq istəməzdim… Amma necə AXCP üzvü olmamaq mümkündür ki?!
Bizim bir millət olaraq bütün fəlakətlərimizin başında təşkilatlanma mədəniyyətimizin aşağı olması dayanır. Təşkilatlanmış cəmiyyətlər diktatorlara, avtoratiraizmə yer tanımır. AXCP-nin mövcudluğu bu örnəkdir. Minlərlə üzvü ən ağır məhrumiyyətlərə düçar edilən, öldürülən, dustaq aparılan bir təşkilat həmin ictimai enerji sayəsində gündən-günə daha da böyüyür və güclənirsə, bundan daha pozitiv bir örnəyi harada görə bilərsiniz ki?
Və böyük bir icma mədəniyyəti. Möhtəşəmdir! Onunla qürur duyulacaq qədər möhtəşəm!
Xalq Cəbhəsinin hər bir üzvünü salamlayır və təbrik edirəm. Arxada qalan həyat öndəki böyük və müqəddəs missiya naminə sərf edilmiş enerjidir.
AXCP özü üçün mövcud deyil, Azərbaycan üçün mövcuddur!

Qənimət Zahid