“NİDA” 3 gəncin həbsi ilə bağlı bəyanat verdi
“NİDA” Vətəndaş Hərəkatı gənc fəallar Ülvi Həsənli, Məcid Mərcanlı, Emil Bağırov və Kənan Qasımlının saxlanması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“İyulun 14-də N!DA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Kənan Qasımlı, hərəkatın üzvü Emil Bağırov və Azad Gənclik Təşkilatı İdarə Heyətinin üzvləri Ülvi Həsənli və Məcid Mərcanlı Azərbaycan hakimiyyətinin sifarişlərini yerinə yetirən polis əməkdaşları tərəfindən saxlanıb.
Xatırladaq ki, iyulun 14-də günorta saatlarında N!DA Vətəndaş Hərəkatının üzvü Emil Bağırov Nəsimi heykəlinin yanında, Azad Gənclik Təşkilatı İdarə Heyətinin üzvü Ülvi Həsənli isə Gənc Tamaşaçılar teatrının yanında mülki geyimli şəxslər tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan “Nizami” metrostansiyasında yerləşən metro polisinə gətirilmişdir. Bunun ardınca, polis əməkdaşları Azad Gənclik təşkilatı İdarə Heyətinin üzvü Məcid Mərcanlı və N!DA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Kənan Qasımlıya zəng edərək, onları polis məntəqəsinə çağırıb. Gün ərzində N!DA Vətəndaş Hərəkatının üzvü Emil Bağırov polislər tərəfindən sərbəst buraxılsa da, adı çəkilən digər gənclər Azərbaycan polisi tərəfindən girov götürülüb.
İyulun 14-də axşam saatlarında Məcid Mərcanlı, Kənan Qasımlı və Ülvi Həsənli saxlanıldıqları “Nizami Gəncəvi” Metrostansiyasının polis məntəqəsindən çıxarılaraq naməlum istiqamətə aparılıb. Onların hara aparıldıqları və harada saxlanıldıqları barədə Daxili İşlər Nazirliyinin müvafiq qurumları heç bir rəsmi məlumat verməyib. Polis əməkdaşları gəncləri saxlayarkən, onların hansı əsasla saxlanıldıqları barədə heç bir məlumat verməyib. BŞBPİ-dən də gənclərin hansı ittihamla saxlanıldıqları haqqında açıqlama verilməyib. Artıq bir sutkaya yaxındır ki, gənclərin harada və nə üçün saxlanıldıqları ilə bağlı heç bir məlumat yoxdur.
N!DA VH Azərbaycan hakimiyyətinin gənclərə qarşı törətdiyi bu aktı insan oğurluğu hesab edir və bəyan edir ki, seçki ilində aktiv gəncliyin gözünün qorxudulmasına hesablanmış bu addımlar heç bir halda nəticə verməyəcək.
N!DA VH gənclərin girov götürülməsini Azərbaycan hakimiyyətinin bu ilin mart ayından başlayaraq, Hərəkata və Azərbaycanın proqressiv gəncliyinə qarşı başlatdığı repressiya dalğasının növbəti mərhələsi hesab edir.
N!DA VH bəyan edir ki, prezident seçkiləri ilində ölkənin siyasi cəhətdən aktiv kəsimi hesab olunan gənclərə qarşı bu cür təzyiq metodlarından istifadə edilməsi Azərbaycan hakimiyyətinin onsuz da aşağı olan beynəlxalq imicinə növbəti zərbədir.
Hərəkat hakimiyyət orqanlarından gənclərə qarşı davam etdirdiyi bu repressiv addımları dayandırmağı, üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən irəli gələn tələblərə əməl etməyi və girov götürülən gənclərin dərhal azadlığa buraxılmasını tələb edir”.


