Əcəmi Naxçıvanidən başlanan sənət yolu
Azərbaycan memarlıq tarixinin önəmli bir dövrü Naxçıvan memarlıq məktəbinin inkişafı ilə bağlıdır. Bu böyük məktəbin memarlıq tarixində qalan gözəl inciləri deyilənləri bir daha sübuta yetirir. Naxçıvan memarlıq məktəbi XI əsrdən formalaşmağa başlamış və orta əsrlər Azərbaycan memarlığının üslub xüsusiyyətlərini müəyyənləşdirmişdir.
Azərbaycan ÿmemarlıq tarixi ilə bağlı araşdırmalarda ilk dəfə bir memarlıq məktəbi kimi tanınanÿNaxçıvan-Marağa memarlıq məktəbi diqqət mərkəzində dayanmışdır. Təbii, bunun əsas səbəbi də Naxçıvan memarlıq məktəbinə məxsus olan sənətkarların bir çoxunun adını daşıyan kitabələrin dövrümüzə çatmasıdır.
Məlum olduğu kimi, Naxçıvan memarlıq məktəbinin ÿbanisi XI-XII əsrlərdə fəaliyyət göstərmiş, yaratdığı bir çox memarlıq əsərləri ilə dünya şöhrəti qazanmış Əcəmi Əbubəkr oğlu Naxçıvanidir. O, Azərbaycan ÿintibahının çiçəklənmə dövrü sayılan XI-XII əsrlərin ən görkəmli şəxsiyyətlərindən biri hesab olunur.
Əcəmi təkcə Şərqdə deyil, Qərb dünyasında da yaxşı tanınan sənətkarlardan biri idi. Ümumiyyətlə, Əcəmi orta əsrlər ÿAzərbaycanının ən şöhrətli memarı kimi tarixdə qalmışdır.
Sənətşünas ÿƏ.V.Salamzadə ÿonun haqqında yazır: “… Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun ”şeyxül-mühəndisin” (mühəndislər başçısı) rütbəsi daşıdığından xəbər verir. Hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir dövrdə Əcəmi bir çox memarlıq incilərinin müəllifi kimi bizim qarşımızda parlaq və təkrar olunmaz yaradıcı simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürünün nəhəngi kimi canlanır.” Böyük sənətkarın günümüzə gəlib çatan Mömünə Xatun türbəsi, Yusif Küseyir oğlu türbəsi və Cümə məscidi kimi inciləri onun sözün əsl mənasında dünyanın ən nəhəng sənətkarları sırasında yer aldığından xəbər verir.
Günümüzə çatan sənət nümunələrinin müəllifləri
Əcəmi Naxçıvaninin əsasını qoyduğu Naxçıvan məktəbi Azərbaycan memarlıq tarixinə bir çox başqa sənətkarlar da bəxş etmişdir. Belə şəxslərdən biri də Əmirəddin Məsud Naxçıvanidirÿ(XII əsr). Sənətkar Naxçıvanda Eldənizlər sarayında yaşamışdır. O, Əcəmi memarlıq üslubunun davamçısı olmuş, dini və xatirə memarlığı ilə yanaşı, ictimai binaların inşası və bəzədilməsi işlərinə öz töhfələrini vermişdir. Əmirəddin Məsud Naxçıvani də müasiri Nizami Gəncəvi kimi ulduzların Yerdə baş verən hadisələrə müdaxiləsi barədə saray münəccimlərinin fikirlərini qəbul etməmişdir. O da münəccimlərin Atəbəyi guya 40 gəz (42 m) torpağı sovurub aparacaq qasırğa qopacağına inandırmaq səylərinə qarşı etirazını bildirmişdir. Əmirəddin Naxçıvani təkzibində haqlı olduğunu şeirlə də ifadə etmişdir ki, bu haqda “Əcaib əl-buldan” əsərində söz açılır.
Orta əsr (XIII-XIV əsrlər) memarlıq tarixinin görkəmli nümayəndələri sırasında Əhməd ibn Əyyub əl Hafiz də yer alır. Hafiz də Naxçıvan memarlıq məktəbi üslubunda abidə və tikililərin inşasına imza ataraq, Naxçıvan memarlığının inkişafında mühüm rol oynamışdır. Tədqiqatçılar Bərdədəki kərpicdən hazırlanmış minarəli məqbərə (1322) və Baba məqbərəsinin (XIV əsr) də memar Əhməd ibn Əyyub əl Hafizə aid olduğunu hesab edirlər.
Bu məhsuldar məktəbin daha bir görkəmli nümayəndəsi də Şeyx Cühənna oğludur. Onun adı memarlıq aləminə Ordubad bölgəsinin Azad kəndinin cənub-şərq tərəfindəki minarənin üzərindəki kitabənin məlumatları əsasında məlum olub. Bugünkü dövrdə həmin türbə yarıuçuq vəziyyətdə qalmış olsa da, üzərində kitabə qalmamışdır. Əvvəllər kufi xətlə yazılmış mövcud kitabəni XIX yüzilliyin ortalarında tədqiq edən rus şərqşünası və diplomatı N.V.Xanıkovun yazdığına görə orada “Bənna Şeyx Cühənna oğlu Naxçıvaninin əməlidir” – sözləri yazılıbmış. Qeyd edilən kitabədə tarix qalmasa da, N.V.Xanıkov onu yazıldığı xəttin paleoqrafiya xüsusiyyətlərinə əsasən hicri qəməri təqvimi ilə VI (miladi XII) yüzilliyə aid etmişdir. Tədqiqatçıların fikrinə görə isə, memarlıq-konstruktiv quruluşuna və digər abidələrlə müqayisəyə əsasən türbəni XV əsrə aid etmək olar.
Memarlıq incilərində yaşayan adlar
Dövrümüzə iki maraqlı sənət əsəri gəlib çatmış Naxçıvan-Marağa memarlıq məktəbininÿ mahir sənətkarlarından biri də Əhməd Naxçıvanidir. Həmin əsərlərdən biri “Nüşabə qalası” kimi də tanınanÿBərdə türbəsiÿ(1322), digəri isə,ÿQudi xatununÿ şərəfinə inşa edilmiş ÿQarabağlar türbə kompleksidirÿ(XIV əsrin 30-cu illəri).
Bu əsərlərdən birinin üzərində açıq sübut olaraq sənətkarın adı var. Qarabağlar türbəsinin ÿşimal tərəfindəki baştağın tünd bənövşəyi rəngli kaşı yerliyi üzərindəÿnəsx xəttiÿilə memar öz adını yazmışdır. Tədqiqatçılar bu binanın kompozisiya həlli, ayrıntıların diqqətlə işlənməsi, həndəsi və yarımhəndəsi quruluşu, o cümlədən çoxrəngli kaşı ornamentlərinin tətbiqi, kitabələrdən bəzək vasitəsi kimi istifadə olunması elementlərinin Əhməd Naxçıvaninin yaradıcılıq üslubu üçün səciyyəvi olduğunu hesab edirlər. Bundan başqa, ümumi quruluşunun fərdi cəhətləri ilə fərqlənənÿ Axsadan baba türbəsininÿ(Bərdəÿşəhəri) də memarının Əhməd Naxçıvani olduğu güman edilir.
Naxçıvan memarlıq məktəbinin yetirmələri sırasında adı xüsusi xatırlanan sənətkarlar arasında Hacı Məhəmməd Nəqi də var. Memarın adı Ordubad bölgəsinin Dəstə kəndindəki məscidin kitabəsindən alınan məlumat əsasında elm aləminə məlum olmuşdur. Oradakı məscidin üzərində qalan birinci kitabəyə əsasən məlum olur ki, məscidin inşasını hicri 1019-cu ildə (miladi 1610-1611-ci il) Əbdülxan Cavad oğlu əmr etmişdir. Ikinci kitabənin məlumatından isə aydın olur ki, məscid elə həmin vaxt fəxr ül-Hac Hacı Məhəmməd Nəqi tərəfindən inşa edilmişdir. Eyni zamanda, II kitabədə qeyd olunmuşdur ki, Dəstə kəndinin şərq tərəfində Tub Basar (Topasar) kövşənindən axan Vənəndçayın üzərində hazırda qalıqları qalan və el arasında “Hacı Nağı körpüsü” adlanan körpünü də Hacı Məhəmməd Nəqi inşa etmişdir. Tədqiqatçıların fikrinə görə, XVI yüzilliyin II yarısı – XVII yüzilliyin I yarısında yaşayan Hacı Məhəmməd Nəqinin məscid və körpü inşa etməsi onun bir memar kimi peşəkar yaradıcılığından xəbər verir və göstərir ki, o zəmanəsinin məşhur sənətkarı olmuşdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir