Gənc fəallara 15 sutka həbs verildi

Səbail rayon məhkəməsi hər 3 gənc fəalın – Ülvi Həsənli, Kənan Qasımlı və Məcid Məcidlinin 15 sutka azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Bunu “Azadlıq” radiosuna Ülvi Həsənli deyib. Gənc fəal vaxt azlığından vəkillə təmin olunmadığını bildirib.
Ülvi Həsənli irəli sürülən ittihamla razılaşmadığını da söyləyib: «Məhkəmədə mənim ifadəmlə şahidlərin, polisin dedikləri üst-üstə düşmədi. Hətta hakim də əsəbiləşdi ki, niyə ifadəni düzgün tərtib etməmisiz? Sifarişli bir qərardır. Başdan-ayağa quramadır».
Ülvi Həsənli deyib ki, polis onu şübhəli şəxs kimi saxlayıb: «Dedilər ki, siz metroya, mağazalara çox girib-çıxırsız, bu da şübhə doğurur. Mən divara elan yapışdırmamışam».

***

Gənc fəallar –  Məcid Məcidli, Ülvi Həsənli və Kənan Qasımlının işi baxılmaq üçün məhkəməyə göndərilib.
Bu haqda “Azadlıq” radiosuna iyulun 15-də Daxili İşlər Nazirliyində mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib.
Onun sözlərinə görə, 3 fəal gənc iyulun 14-də ictimai qaydanı pozduqlarına və polisin tələblərinə tabe olmadıqlarına görə saxlanaraq haqlarında İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun protokol tərtib olunub. İş baxılmaq üçün məhkəməyə göndərilib.
DİN gənc fəalların hazırda harada saxlandığı və işə hansı məhkəmənin baxacağı haqda məlumat vermir.

***

Gənc fəallar həbs edildi

Dünən mülki geyimlilər “Azad Gənclik” Təşkilatının Idarə Heyətinin üzvü Ülvi Həsənli və “NIDA” Vətəndaş Hərəkatının üzvü Emil Bağırovu saxlayıb.
Ülvi Həsənli “Azadlıq” radiosuna deyib ki, “Sahil” bağında gəzişərkən mülki geyimlilər onlara yaxınlaşaraq, polis vəsiqəsi təqdim ediblər və şübhəli şəxs qismində saxlanıldıqlarını deyiblər.
Gənc fəalları elə metro ilə “Nizami” metrostansiyası yaxınlığında yerləşən Bakı Şəhər Baş Polis Idarəsinin Metro Polis Şöbəsinə gətiriblər.
Azad Gənclik Təşkilatının Idarə heyətinin üzvü Məcid Mərcanlı da polisə çağırılıb. O, özü bu barədə “facebook” səhifəsində yazıb: “Polis məni də çağırır bölməyə. Metroya yapışdırılan stikerlərə görə”.
NIDA-nın üzvü Kənan Qasımlı da polis bölməsinə çağırılıb.
Emil Bağırov dindirildikdən sonra sərbəst buraxılıb. Digər gənclərin yeri isə bəlli deyil.
“Azadlıq” radiosunun məlumatına görə, Ülvi Həsənli, Məcid Mərcanlı və Kənan Qasımlı məhkəməyə aparılıb. Ancaq Səbail rayonu 39-cu polis bölməsindən və Səbail Rayon Polis Idarəsindən məlumatı təkzib ediblər.
Bugünlərdə ölkədə üzərində hakimiyyət əleyhinə çağırışlar olan vərəqələr yayılıb. Üzərinə hakimiyyət əleyhinə şüarlar yazılmış vərəqələr daha çox Xırdalan şəhərində yaşayış binalarında mənzillərin qapısına yapışdırılır.
Vərəqələrdə “Hakimiyyətin mənbəyi sənsən!”, “Hakimiyyətdən qorxma!”, “Hakimiyyətə etiraz et!” və “Hakimiyyəti dəyiş!” şüarları yazılıb.
Hazırda “NIDA” Vətəndaş Hərəkatının 7 üzvü həbsdədir. Onlar narkotik maddə və qanunsuz silah saxlamada təqsirli bilinir.
Beynəlxalq hüquq-müdafiə təşkilatları gənclərin həbsini siyasi motivli hesab edir.