Yekun qərar vermək səlahiyyəti Divana və İsa Qəmbərə verildi
İyulun 13-də Müsavat Partiyası Məclisinin toplantısı keçirilib. Toplantıda ictimai-siyasi durum, prezident seçkisinə hazırlığın gedişi müzakirə olunub.
“Musavat.com”un məlumatına görə, toplantıda çıxarılan qərarda müxalifət partiyalarının, ictimai qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin, ziyalıların və gənclərin iştirakı ilə yaranmış Milli Şuranın fəaliyyətində Müsavat Partiyasının iştirakı və tutduğu mövqe təqdir edilir. Seçki prosesində və namizədliklə bağlı məsələlərdə partiyanın mövqeyini təqdim etmək və müvafiq qərarlar çıxarmaq səlahiyyəti isə Müsavat Divanına və 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkisində partiyanın namizədi, başqan İsa Qəmbərə həvalə olunub.
İsa Qəmbər çıxışında qeyd edib ki, Azərbaycanda seçki yolu ilə hakimiyyətin dəyişməsi üçün vaxt yetişib: “Artıq beynəlxalq birlik də dünyadakı bütün avtoritar rejimlərin çökməsinə dəstək verirsə, xalq olaraq biz də əlimizdən gələni etməli, bu rejimdən qurtulmalıyıq. Bu hakimiyyətinin danışmağa mənəvi hüququ qalmayıb. Azərbaycanda bütün sahələrdə vəziyyət olduqca bərbad gündədir. Hakimiyyət Azərbaycanda qanunları sərtləşdirərək insanların hüquq və azadlıqlarını əllərindən almaq üçün var gücü ilə çalışır. Bu gün partiyamızın fəal üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqov, inanclı kəsimi təmsil edən insanlar, gənclər həbsdədir. Biz bütün siyasi məhbuslara yardım edirik və edəcəyik. Hakimiyyət dərk etməlidir ki, fəal insanları həbs etməklə partiyaların, ictimai təşkilatların fəallığını azalda bilməz”.
Müsavat başqanı deyib ki, hakimiyyət seçkidə uduzacaq: “Seçki ilə bağlı bütün proseslər qaydasındadır. Partiya tərəfindən mənim namizədliyim irəli sürülüb. Seçki qərargahı yaradılıb, seçki işinin təşkili yüksək səviyyədə aparılır. Bu gün Milli Şura mövcuddursa, buna səbəb Müsavat Partiyasının dəstəyidir. Şuranın bəyannaməsi qəbul edilərkən biz Müsavat olaraq bildirdik ki, hədəflər açıq-aşkar göstərilməlidir. Qurumun tərkibi ilə bağlı fərqli yanaşmalar vardı. Burada biz həmkarlarımız və müttəfiqlərimizin mövqeyini nəzərə alaraq böyük bir birliyin yaradılmasına razılıq verdik. Amma bundan əvvəl biz Milli Şurada real müxalifətin təmsil olunmasını istəyirdik. Birliyin üstünlükləri olduğu kimi çətinlikləri də var. Ölkədə rejimin dəyişməsi üçün cəmiyyətin tələb etdiyi böyük birlik ideyasına dəstək verdik.
Biz Milli Şuranın vahid namizədi olan Rüstəm İbrahimbəyovun dəstəklənməsini açıq şəkildə bəyan etmişik. İndi vahid namizədin qeydə alınmaması baş verə bilər və real müxalifət seçkidən kənarda qala bilər. Boykota meylli qüvvələr isə hələ də mövcuddur. Seçki üçün demokratik mühit lazımdır və bu bizim fəaliyyətimizdən, seçki kampaniyamızdan keçir. İndi bəzi qüvvələr açıq şəkildə təbliğat apararaq bildirdilər ki, guya Müsavat Partiyası Milli Şuranın namizədinin qeydə alınmaması üçün çalışır. Seçkiyə getmədən cəmiyyətin fəallığına nail olmaq olmaz. Bizim üçün həlledici məqam vahid namizədin qeydə alınmasıdır.
Müsavat Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması üçün əlindən gələni edəcək. Hər kəs məsuliyyətini bilməlidir. Partiya ilə bağlı səsləndirilən əxlaqsız açıqlamalara son qoyulmalıdır. Azərbaycan xalqının xoşbəxtliyi üçün həqiqətə, haqqa və xalqa xidmətdən başqa bir yol yoxdur”.


