Əməkdar artistin 1 milyonluq maşını qəzaya düşdü

Azərbaycanda ilin ən “bahalı” qəzalarından biri baş verib. Milli.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhərinin mərkəzində 10 HS 100 dövlət nömrə nişanlı “Rolls Royce Phantom 6,7 AT” markalı avtomobil qəzaya uğrayıb. Metronun “İçərişəhər” stansiyasının yaxınlığında qiyməti 1 milyon manat olan avtomobili 90 AT 972 markalı “London Taxi” arxadan vurub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib.

“Rolls Royce Phantom 6,7 AT” markalı maşın müğənni Cavanşir Məmmədova məxsusdur. O, avtomobili 2011-ci ilin aprelində 960 000 avroya alıb. Həmin maşın alınan vaxt müğənninin kolleksiyasındakı 50-ci maşın idi.

Hadisəni “Baku Taxi” MMC-nin nümayəndəsi Məcnun Səfərov da təsdiq edib. O, bildirib ki, hələlik qəzanın hansı maşının sürücüsü tərəfindən törədilməsi məlum deyil.

Maşının sahibi Cavanşir Məmmədov “Lent.az”a deyib ki, ona dəymiş ziyan ödəniləcək. “Bu gün səhər saatlarında idarə etdiyim maşını vurdular. Nə edə bilərdim? Sadəcə hadisə yerinə polislər gəlib, ölçdülər-biçdilər getdilər. Həm də mənim maşınımın sığortası var. Sığorta nə üçündür bəs? Maşınıma dəymiş ziyanı sığorta ödəyəcək”, – deyə o bildirib.